Putindən TURAN-nın qarşısına sədd?

Vladimir Putin Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət “üçtərəfli ittifaq” yaradılmasını təklif edib. 

Bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev deyib. O, bu təklifi nəzərdən keçirməyə hazır olduğunu və bununla bağlı Şavkat Mirziyoyevə zəng edəcəyini qeyd edib. Tokayevin sözlərinə görə, bu ittifaqla qaz sahəsindəki problemlərin aradan qaldırılması nəzərdə tutulur. 

Qazaxıstan Prezidenti tərəflərin “müvafiq razılaşmalar əldə edəcəyinə” əmin olduğunu bildirib: 

“Vladimir Vladimiroviç dedi ki, biz hansısa üçtərəfli ittifaq yaratmalıyıq və o, Özbəkistan Prezidentinə zəng vurmağa hazırlaşır. İstənilən nəticəyə və razılaşmalara gəlmək üçün hər halda bu mövzunu dərinləşdirməliyik. Prinsipcə, biz buna hazırıq. Niyə də olmasın?”

Qeyd edək ki, Tokayevin bu açıqlaması olduqca diqqət çəkib. Çünki bu, Putinin yeni geosiyasi ambisiyalarının olduğundan xəbər verir. Onun nə üçün üzünü türk dövlətlərinə çevirdiyi isə müzakirə mövzusuna çevrilib. Analtiklər bu addımın arxasında hansı məqsədlərin olduğuna dair müxtəlif fikirlər irəli sürürlər. Həmçinin, Kremlin bununla yaranması gündəmdə olan TURAN birliyinin də önünü kəsmək planının olduğu ehtimalı var. 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə açıqlamasında bildirib ki, Rusiya Federasiyasının zaman-zaman bu cür ideyalar irəli sürməsi heç təsadüfi deyil: 

“Rusiyada bir çox geosiyasi konsepsiya var. Ruslar indiki siyasətlərində avrasiyaçılıq geosiyasi konsepsiyasına əsaslanırlar. İdeoloji olaraq bunun fikir banisi Aleksandr Dugin hesab olunur. Avrasiyaçılıq geosiyasi konsepsiyasının həyata keçirilməsi isə türk xalqları olmadan mümkün deyil. Yəni hər hansısa bir dövlət türk dövlətlərini öz yanına almadan regionun geosiyasi cəhətdən əsas memarına çevrilə bilməz. Kremldə də bunu çox aydın şəkildə dərk edirlər. Rusiya tarixinə diqqət yetirəndə aydın şəkildə görmək olur ki, ən müxtəlif dövrlərdə Rusiya çətinliklə üzləşdiyi zaman onun xilası müxtəlif türk xalqları ilə bağlı olan məsələlərdən keçib. Biz bunu İkinci Dünya müharibəsində cəbhədə döyüşən qüvvələrin nisbətində də aydın şəkildə gördük. Rəsmi Moskva hesab edir ki, türk dövlətləri ilə münasibətlərin sıxlaşdırılması onların həm müdafiə, həm də iqtisadi potensialını gücləndirəcək. Bu cəhətdən artıq uzun müddətdir ki, bölgədə Rusiya-Türkiyə yaxınlaşması baş verir. Hətta bir çox prinsipial məsələlərdə Moskva Ankaraya güzəştə gedir və Türkiyə siyasi hakimiyyətinin verdiyi mesajları qəbul edir. Bütün bunlar da təsadüfi deyil”. 

Ekspert qeyd edib ki, bunu tam olaraq türk dövlətləri arasında yaranan birliyin qarşısını almaq cəhdi kimi qiymətləndirmək olmaz: 

“Burada hazırda iki konsepsiya bir-birilə toqquşub. Yəni Rusiyanın türk-slavyan birliyi əsasında Avrasiya İttifaqı yaratmaq cəhdləri var. Eyni zamanda, Böyük Britaniya və bir çox dövlətlərin dəstəyini alan türk birliyi konsepsiyası var. Bu iki konsepsiya həm bir-birini tamamlayır, həm də bir-birilə toqquşur. Tamamlayıcı cəhət ondan ibarətdir ki, hər iki konsepsiyasının daxilində türk dövlətlərinin inteqrasiyası prosesi nəzərdə tutulur. Fərqli cəhət isə ondan ibarətdir ki, əlavə bir güc mərkəzi olaraq rusların və slavyanların da bu birlikdə iştirakı məsələsi var. Amma türk birliyindəki lider təbii ki, türk dövlətlərindən biri olacaq. 

Lakin Avrasiya birliyində Rusiya özünün fikir mərkəzi olmasını nəzərdə tutur. Hazırda bu iki konsepsiyanın tərəfdarları arasında da mübarizə gedir. Kreml onu da yaxşı başa düşür ki, genişlənən türk birliyi həm də Rusiyanın ərazisində yaşayan türk xalqalarına mütləq şəkildə təsir göstərəcək”. 

Hamısını Göstər

Related Articles

Back to top button