Putinlə həlledici danışıqlar: Ərdoğan kürdlərə qarşı dəstək istəyəcək
Bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında o cümlədən Qarabağdakı və bütövlükdə Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunacağı kritik danışıqlar olacaq. Danışıqların əsas gündəminin Suriyanın şimalı ilə bağlı olacağı açıqlanıb. “Bloomberg” agentliyi Türkiyə prezidentinin bu görüşdə Putindən PKKYPG yaraqlılarına qarşı dəstək istəyəcəyini bildirir.
Bu haqda anonim Türkiyə rəsmiləri bildirib. Məlumatda deyilir ki, Ərdoğan Putinlə görüşdə Rusiyanın nəzarətində olan Suriya ərazilərində Türkiyə hərbçilərinə qarşı hücumların dayandırılması şərtini irəli sürəcək. Habelə 2019-cu ildə əldə edilmiş razılaşmanın yerinə yetirilməsini, PKK/YPG yaraqlılarının Menbic və Tel-Rifat qəsəbələrindən çıxmasını istəyəcək. Son günlər bu ərazilərdə kürd yaraqlılarının Türkiyə hərbçilərinə bir neçə hücumları qeydə alınıb.
Xatırladaq ki, Rusiya aviasiyası İdlibdə Türkiyəyə bağlı müxalif qruplaşmaların mövqelərinə tez-tez zərbələr endirir. Ankara bunu 2020-ci ilin martında əldə edilmiş atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirir. Müdafiə naziri Hulusi Akar ötən gün Moskvaya xəbərdarlıq edərək deyib ki, Rusiya aviasiyasının hədəfləri heç də iddia edildiyi kimi, terrorçular deyil.
Soçi danışıqları ərəfəsində Rusiya Suriyaya strateji bombardmançılar və “Kalibr” raketləri ilə silahlanmış sualtı qayıqlar göndərib. Öz növbəsində Türkiyə Suriyanın şimalına əlavə olaraq bir neçə minlik qüvvə yeridib.
Xəbərlərə görə, Soçi danışıqları ərəfəsində Rusiya aviasiyası İdlibə zərbələri tam dayandırıb və “sükut günü” elan edilib. Ötən gün Rusiya təyyarələri İdlib üzərində görünsə də raket-bomba zərbələri endirməyiblər. Lakin hadisələrin sonrakı gedişi Soçi danışıqlarının nəticələrindən asılı olacaq.