“Putinlə bağlı bu gözləntilər Azərbaycan üçün də süprizlər gətirə bilər” – “Rusiyanın özündə də oktyabr ayına hazırlıqlar gedir…”

Sülhəddin Əkbər: “Rusiyada hakimiyyət uğrunda gizli mübarizə aparan qüvvələr Ukrayna Ordusunun əks-hücuma keçməsini, Putinin nüfuzdan düşməsini gözləyirlər…”

“Strateji səviyyədə Rusiya məğlub olub və bununla barışıb….Putin başda olmaqla siyasi rəhbərliklə güc strukturları arasında qarşıdurma və maraqların toqquşması gedir”

Rusiyanın Ukraynaya qarşı işğalı 4 aydır ki, davam edir. Putin artıq 3-cü dəfədir ki, Ukraynada müharibə aparan ordu hissələrinin komandanını dəyişir. Ruslar müəyyən uğurlar əldə etsələr də, işlərin onların istədikləri kimi getmədiyi aşkar görünür. Üstəlik, Qərbdən Ukraynaya ağır silahlar hələ yeni-yeni daxil olmağa başlayır.

“AzPolitika.info” Ukrayna mövzusunu təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib:

– Süləddin bəy, Ukrayna müharibəsi dördüncü aydır ki, davam edir. Ruslar Donbasda müəyyən qədər irəliləyə biliblər. Ümumilikdə vəziyyəti necə qiymətləndirirsiniz, gözləntilər nədən ibarətdir?

– İlk öncə onu qeyd edək ki, Rusiyanın Ukrayna ilə bağlı planları strateji baxımdan uğursuzluğa düçar olub. Yəni, müharibənin birinci mərhələsini Rusiya uduzub. Rusiyanın strateji məqsədi 72-96 saat ərzində paytaxt Kiyevi ələ keçirmək, demokratik yolla seçilən prezidenti devirmək, oyuncaq rejim qurmaq və onun vasitəsilə Ukraynanı öz təsir zonasına qaytarmaq idi. “Xüsusi hərbi əməliyyat”ın strateji məqsədi bu idi. Rusiya uğursuzluğa düçar olduğundan hədəfi kiçiltmək yolunu tutmalı oldu. Kiçildilmiş hədəfi ilk dəfə martın 25-də Rusiya Baş Qərargah rəisinin müavini açıqladı. O, bildirdi ki, Rusiyanın Ukraynada əsas hədəfi “müstəqilliklərini” elan edən Luqansk və Donetsk “respublikalarının”inzibati sərhədlərinə çıxmaqdır. Bundan sonra Ukraynaya ikinci hücum dalğası başlandı. Daha dar, məhdud hədəf istiqamətində. İndi də hücum davam edir. Artıq bunu operativ-taktiki səviyyədə qiymətləndirmək lazımdır.

Strateji səviyyədə Rusiya məğlub olub və bununla barışıb. İndi operativ-taktiki səviyyədə mübarizə aparır. Ümidi onadır ki, əgər operativ-taktiki səviyyədə uğur qazanarsa, strateji məqsədinə dönüş edə bilər. Hələlik, bu səviyyədə müəyyən irəliləyişləri var. Xüsusilə, Luqanskda. Donetsk istiqamətində vəziyyət fərqlidir, əhəmiyyətli irəliləyiş yoxdur. Əvəzində, Ukrayna Ordusu da Xerson və Xarkov vilayətləri istiqamətində irəliləyişlər əldə edib. Bu istiqamətlərdə mindən çox yaşayış məntəqələsini Ukrayna Ordusu azad edib.

Əksər mütəxəssislər qiymətləndirmə zamanı daha çox rusların nə qədər irəliləməsi ilə maraqlanır, amma Ukrayna Ordusunun hansı istiqamətdə nə qədər irəlilədiyini ya unudur, ya da buna əhəmiyyət vermir. Ancaq nəzərə almaq lazımdır ki, bunu Ukrayna Silahlı Qüvvələri hələ Qərbdən böyük miqyasda hərbi yardım almadan edib. Kiçik artilleriya dəstəyini nəzərə almasaq, demək olar ki, Ukrayna Ordusu öz gücünə mübarizə aparıb.

– Ruslar artıq Ukraynanın 20 faizini işğal edib. Söhbət Xorvatiya dövləti qədər bir ərazinin işğalından gedir. Bu, qələbə kimi rus cəmiyyətinə təqdim etmək baxımından kifayət qədər böyk ərazi deyilmi?

– Nominal götürsək, Ukrayna ərazisinin böyüklüyünü nəzərə almaq lazımdır. Səhv etmirəmsə, Ukraynanın ərazisi 600 min kvadrat kilometrdən artıqdır. Təbii ki, 600 min kvadratkilometrin 20 faizi böyük ərazidir. Amma onu da nəzərə almaq lazımdır ki, Ukraynanın resursları da böyükdür. Həm ərazisinə, həm Silahlı Qüvvələrinin sayına, xüsusən də döyüş qabiliyyətli Ordusuna, arxasında olan dəstək və yardıma görə. Yəni, Rusiya ilə Ukraynanı müqayisə edəndə Ukraynanı onun arxasında olan dəstəklə birgə qiymətləndirmək lazımdır. Yeni dünya düzəni ilə bağlı aparılan geopolitik savaşın tərəfləri yalnız Rusiya və Ukrayna deyil. Ukrayna burada ancaq özü üçün deyil, həm də Qərb demokratiyası uğrunda mübarizə aparır. Qısası, bu geopolitik savaşda tərəfləri düzgün müəyyən etmək və resurslarını doğru qiymətləndirmək lazımdır. Sözsüz ki, Ukraynanın arxasında duran qüvvələrin potensialı və resursları Rusiya ilə müqayisə olunmayacaq dərəcədə böyükdür. Həm də bu savaş xarakter etibarı ilə geopolitik və strateji olduğundan zamana yayılacaq, strateji resursların tükəndirilməsinə hesablanacaq. Hazırda müharibə bu şəkildə də davam edir. Diqqət edəndə görünür ki, kollektiv Qərb hadisələrin aşağı intensivlikdə zamanla yayılmaqla davam etməsinə üstünlük verir. Burada əsas hədəf qarşı tərəfi, indiki halda Rusiyanı tükəndirməkdir.

– Bundan əvvəl Ukraynanın əks-hücum əməliyyatı haqqında danışılır, müəyyən proqnozlar irəli sürülürdü. Amma kəskin əks-hücum müşahidə olunmadı. İndi sizin proqnozunuz necədir, Şərq Əməliyyat Zonasında Ukrayna Ordusunun əks-hücum potensialı varmı?

– Son məlumata görə, Ukrayna ordusu Sverodonetsk şəhərinin 20 faizinə nəzarəti bərpa edib (bu gün 50 faizinə nəzarət etdiyi açıqlanıb- red.). Konkret əks-hücuma gəldikdə nəzərə alınmaldır ki, bizim qiymətləndirməmizdə tarixlə bağlı fikirlər əsasən Ukrayna və Qərb dairələrinin verdiyi zamana əsaslanır. Bəzən onların verdikləri tarix və zaman düz çıxmır. Ona görə də, burada meyllərə əsasən proqnoz vermək daha düzgün olardı. Əsas odur ki, Lend Liz haqqında qanun qəbul edilib, Ramştayn komitəsi yaradılıb, vahid mərkəzdən Ukraynaya verilən hərbi dəstəyin koordinasiyası aparılır. Amma hələlik, vəd edilən böyük hərbi yardım Kiyevin istədiyi həcmdə və sürətdə gəlmir. Səbəbini də yuxarıda dedim. 

Əvvəla, Qərb hadisələrin aşağı intensivlikdə zamana yayılmaqla davam etməsinə üstünlük verir.İkincisi, bu yardım gələn kimi, onun istifadə edilməsi mümkün deyil. Çünki gələn NATO silahlarını ilk olaraq Ukrayna Ordusu mənimsəməli, yəni öyrənməlidir. Bu da müəyyən vaxt aparacaq. Həm də Rusiyadan fərqli olaraq, Qərb silah sistemləri inteqrə olunmuş sistemlərdir. Onlar həm kəşfiyyat, həm də idarəetmə-komanda-nəzarət sistemləri ilə birgə verilir. Bu da Ukraynaya müəyyən qədər üstünlük verəcək. Ona görə də, Ukrayna həm yeni silah alır, həm də eyni zamanda yenidən təşkilatlanmalı və silahları mənimsəməlidir. Bu da Ukrayna Ordusunun səviyyəsi nə qədər yüksək olsa da, zaman alacaq. Mən bu silahların Ukraynaya gəlməsi, hərbi mütəxəssislərin onu mənimsəyib-mənimsəməməsi haqda dəqiq bir söz deyə bilmərəm. Eləcə də hücum hazırlıqları barədə. Çünki bu, yalnız silahlarla bağlı deyil. Bu mənada ağır silahların Ukraynaya nə zaman gələcəyini, hazırlığın nə vaxt başa çatdığını bilsək əks-hücum haqqında danışa bilərik. Hazırda bu mövzuda Ukrayna hərbi ekspertləri də ehtiyatlı danışır, dəqiq tarix göstərmir və daha çox yayın ikinci yarısına işarə edirlər. Onların proqnozuna görə, Ukrayna Ordusu yayın ikinci yarısında əks-hücum əməliyyatına hazır olacaq. Amma bu gün Mixail Podolyakın açıqlamasında qeyd edilirdi ki, yaxın vaxtlarda əsas silah partiyasını Ukrayna alacaq. Mənə elə gəlir ki, ABŞ-dan hərbi gəmilərlə böyük silah partiyası gətirilir və zənnimcə, Podolyak bunu nəzərdə tutur.

– Söhbət Stokholma çatan ABŞ hərbi gəmisindən gedir?

– Ümumiyyətlə, ABŞ ağır silahları gəmilər vasitəsilə göndərir. Dediyiniz gəmi Stokholma NATO təlimi üçün gəlib.

– Əslində, Mixail Podolyakın başqa açıqlamaları da var. Həmçinin, iddia olunurdu ki, Rusiyada qarşıdurma var və bu, müharibəni dayandıra bilər…

– İndi müharibə gedir və tərəflər həm də informasiya savaşı aparırlar. Bu baxımdan informasiyaların nə dərəcədə dəqiq olduğunu demək çətindir. Adətən, bu tip məlumatlar etibarlı mənbələr vasitəsilə yoxlanılan məlumatlar olmalıdır. Amma bizdə belə imkan yoxdur. Lakin mənim də müəyyən informasiyalarım var. Rusiyanın özündə də hazırlıqlar gedir. Daha doğrusu, Rusiyada hakimiyyət uğrunda gizli mübarizə aparan qüvvələr var ki, onlar da Ukrayna Ordusunun əks-hücuma keçməsini, Rusiya Silahlı Qüvvələrinin ağır vəziyyətlə üzləşməsini və Putinin nüfuzdan düşməsini gözləyirlər. Məndə olan məlumata görə, belə bir proses təxminən oktyabra gözlənilir. Amma bu hesablamalar həm də təxmini hesablamalardır. Çox şey situasiyadan asılıdır. Situasiyaya isə təsir edən çoxsaylı faktorlar var. Bu faktorlar davamlı və dinamik olaraq dəyişir. Odur ki, zamanla bağlı proqnozlara ehtiyatlı yanaşmağın tərəfindəyəm. Yeri gəlmişkən, Putinlə bağlı oktyabr ayına olan bu gözləntilər Azərbaycan üçün də xoş mənada müəyyən sürprizlər gətirə bilər.

– Qərb mətbuatı bildirir ki, Putin general Aleksandr Dvornikovu Ukraynadakı qoşunların komandanı vəzifəsindən kənarlaşdırıb və hazırda həmin orduya general Gennadi Jidko rəhbərlik edir. Sizcə, Putin nədən Ukraynada müharibə aparan ordusunun komandanlarını tez-tez dəyişir?

– Ukraynada Rusiyanın işlərinin yolunda getmədiyi açıq-aydın görünür. Bu, mübahisə mövzusu da deyil. Aydındır ki, bütün bunlar Putini əsəbiləşdirir. Təsəvvür edin ki, 72-96 saat ərzində “xüsusi hərbi əməliyyat”a ümid edən Putin artıq 100 gündür ki, müharibə aparır, üstəlik istədiyi nəticəni ala bilmir və silahlı qüvvələrin rəhbərliyi qarşısında yeni tələblər qoyur. Bu da hakimiyyət daxilində qarşıdurmaya, mübarizəyə səbəb olur. Məsələn, əvvəl günah FSB-nin üzərinə atılırdı. Guya FSB ilə ordu arasında qarşıdurma gedir. İndi isə bu qarşıdurma Silahlı Qüvvələrin öz daxilinə keçib. Bir tərəfdən Putin başda olmaqla siyasi rəhbərliklə güc strukturları arasında qarşıdurma və maraqların toqquşması gedir, digər tərəfdən də xüsusi xidmət orqanları ilə Silahlı Qüvvələr arasında. Nəhayətdə, artıq Silahlı Qüvvələrin öz daxilində də qarşıdurma var. Getdikcə bu qarşıdurmada müstəvilərin sayı arta və eyni zamanda mübarizə kəskinləşə bilər. Böyük ehtimalla belə də olacaq. Məncə, oktyabr ayını gözləyənlər də bütün bunları nəzərə alırlar. Üstəlik iyun ayı başlayıb və gözlənilir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar sadə ruslara da təsir etməyə başlayacaq. Yəni, əhali də sanksiyaların təsirlərini hiss etməyə başlayacaq.

– Rus ordusu Donbasda irəlilədikcə bir sıra ekspertlər Ukrayanın iki hissəyə parçalana biləcəyi ssenarisinin üzərində dayanırlar. Sizcə, bu ölkənin parçalanması nə dərəcədə realdır?

– Mənim yanaşmama görə bu, yeni dünya düzəninin qurulması ilə əlaqəli olan geopolitik müharibədir. Ukrayna sadəcə olaraq bu savaşın episentridir. Amma savaş bütövlükdə bütün dünyanı əhatə edir. Müharibəyə cəlb olunan ölkələri nəzərə alsaq görərik ki, savaşın coğrafiyası bu və ya digər şəkildə dünya qlobusunu əhatə edir. Bu savaşa yeni dünya düzəni ilə əlaqəli olan geopolitik savaş kimi baxsaq, mənzərəni başqa cür görəcəyik. Yox, əgər müharibəyə klassik anlamda Rusiya-Ukrayna müharibəsi kimi baxsaq fərqli və yanlış nəticələrə gələcəyik. Məncə bu, yeni dünya düzəni ilə əlaqəli geopolitik savaşdır və bu savaşda ABŞ başda olmaqla kollektiv Qərbin qalib gələcəyinə əminiksə, bu halda Ukrayna necə parçalana bilər?

– Ancaq biz məsələn, biz Henri Kissincerin də açıqlamasına şahidlik edirik…

– Heç kimə sirr deyil ki, cənab Kissincer 1970-ci illərdən Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli şəxs olub. İndi məlum olur ki, Kissincer rəsmi vəzifəyə təyin edilməzdən əvvəl sovet xüsusi xidmət orqanları ilə kontaktda imiş və az qala onu agent kimi rəsmiləşdirirlərmiş. Sadəcə olaraq, SSRİ-nin ABŞ-dakı səfiri bir qədər gözləməyi təklif edib və bir neçə gündən sonra Kissincer Milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin edilib. İndi də Kissincer Vladimir Putinin lobbiçiliyini edir və yaxşı pul qazanır.

– Amma məsələ təkcə Kissincerdə deyil. Biz Fransa və Almaniyanın da Ukrayna mövzusunda fərqli davranışlarına şahidlik edirik. Demək olar ki, Qərb dünyasında məhz Paris və Berlin Moskva ilə danışıqlar aparmağa cəhd edirlər…

– Buna təbii yanaşmaq lazımdır. Çünki yeni dünya nizamı quruculuğunda anqlosakslar – ABŞ və Britaniya birgə hərəkət edir. Burada kontinental Avropa və onun aparıcı dövlətləri çox narahatdırlar ki, müharibədən sonra ABŞ və Britaniyanın nüfuzu artacaq, üstəlik Polşa və Ukraynanın nüfuzu güclənəcək. Bu da Almaniya və Fransanın maraqlarına uyğun deyil. Bir anlıq təsəvvür edin ki, Polşa və Ukrayna gələcəkdə daha sıx əlaqədə olacaq. Mən deyə bilmərəm ki, bu ittifaq hansı nöqtəyə qədər inkişaf edəcək, amma bütün hallarda buna real ideya kimi baxılır.

– Siz Londonun rəhbərliyilə qurulması ehtimal olunan ittifaqdan bəhs edirsiniz?

– Yox, mən hələ bu məsələyə toxunmuram. Polşa və Ukraynanı nəzərdə tuturam. Polşa və Ukrayna ümumiyyətlə, sərhədlərini götürmək niyyətindədirlər. Siz dediyiniz isə ABŞ-ın dəstək verdiyi Böyük Britaniya ittifaqıdır. Burada söhbət London liderliyində Polşa, Ukrayna, gələcəkdə Türkiyə və mümkündür ki, Azərbaycanın qoşula biləcəyi beynəlxalq layihədən gedir. Bu, o zaman baş verəcək ki, Almaniya və Fransa açıq formada anqlosaks xəttinə qarşı çıxacaq. Münaqişənin dərinləşəcəyi və ya Ukrayna müharibəsinin uzanacağı, Fransa və Almaniyanın yorulacağı halda ortaya belə proyekt çıxa bilər.

– İndi dünya üçün əsas məsələlərdən biri Odessa limanlarında qalan 20 milyon tondan çox taxılın blokadadan çıxarılması və Afrika qitəsinə çatdırılmasıdır. Artıq bu istiqamətdə London və Ankara arasında danışıqların aparıldığı, Ankaranın da Moskva ilə müzakirələrə başladığı bildirilir. Putin də açıq deyir ki, Rusiyaya qarşı sanksiyaların götürüləcəyi təqdirdə bu məsələni yoluna qoymaq olar. Müharibədən sonra qlobal aclıq dalğasının gözlənildiyini nəzərə aldıqda, bu taxılı rus blokadasından çıxarmaq mümkün görünürmü?

– Məncə, bu məsələ Türkiyədə keçiriləcək görüşdən sonra aydın olacaq. Türkiyədə dördtərəfli görüş gözlənilir. Söhbət Rusiya, Ukrayna, Türkiyə və BMT rəsmilərinin görüşündən gedir. Bu görüşdən sonra proqnozlar vermək mümkün olacaq. Mənim şəxsi qənaətim belədir ki, Rusiya bu mövzudan çəkinir. O, çalışacaq ki, məsələni BMT-nin eqidası altında həll etsin. Əks halda Qərb liderliyində koalisiya yaradıla, dəniz gəmiçilik daşımalarını qorumaq məqsədilə Qara dənizə xüsusi hərbi missiya göndərilə bilər. Bu da rusları narahat edən məsələdir. Düşünmürəm ki, Rusiya bu məsələdə dirənsin. Dirənəcəyi təqdirdə proseslər gözlənilməz istiamətdə gedər və bu, Rusiyanın xeyrinə olmazdı.

Hamısını Göstər

Related Articles

Back to top button