Qərb ölkələri Rusiyanı separatçı bölgələri tanımaq qərarını geri çəkməyə, qoşunlarını çıxartmağa çağırdı

Bir neçə Qərb ölkəsi, o cümlədən ABŞ. Böyük Britaniya və Fransa birgə bəyanat yayaraq Rusiyanı Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanımaq barədə qərarını geri çəkməyə, habelə bu regionlardan qoşunlarını çıxartmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasında 2008-ci ilin avqust hadisələrinin 13 illiyi ilə bağlı yayılmış bəyanatda bildirilir: “Bu gün biz bir daha Rusiya Federasiyasını ləngimədən öz qoşunlarını və təhlükəsizlik qüvvələrini çıxartmağa, habelə Gürcüstan ərazilərindəki Cənubi Osetiya və Abxaziyanın qondarma müstəqilliklərinin tanınmasına dair qərarına yenidən baxmağa çağırırıq”.

Bəyanatı habelə BMT Təhlükəsizlik Şurasında təmsil olunan Estoniya, İrlandiya və Norveç, o cümlədən tezliklə orada təmsil olunacaq Albaniya da imzalayıblar. Bəyanatda Rusiyanın Gürcüstanın separatçı bölgələrində qanunsuz hərbi iştirakı pislənilir və Moskvanın bu regionları ilhaq etməyə yönəlmiş siyasət yürütdüyü bildirilir.

Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsinin müavini Dmitri Polyanski isə bəyanatı şərh edərək qərb ölkələrinin bu çağırışını “fantom ağrılar” kimi qiymətləndirib. Və deyib ki, Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyi” reallıqdır, bu reallığa məhəl qoymamaq mümkün deyil.

2008-ci ilin avqust müharibəsi zamanı Rusiya Gürcüstana hərb müdaxilə edib və separatçı bölgələri öz nəzarətinə alıb. Daha sonra Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Rusiyanın ardınca Venesuela, Nauru və Nikaraqua da belə qərar veriblər, amma Moskvanın iki separatçı bölgənin qondarma müstəqilliklərinin tanınması kampaniyasını genişləndirmək səyləri bundan artıq nəticəyə gətirib çıxarmayıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close