Qarabağ ətrafında yeni oyun: “Üç ölkə Türkiyəyə qarşı…”

“Artıq münaqişə tarixi kontekstdə öz həllini tapıb. Azərbaycan Ordusu və onun Ali Baş Komandanı Minsk Qrupunun həll etməli olduğu missiyanı həyata keçirib, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılıb və bu proses digər istiqamətlərdə də davam edəcək. Buna görə də, Dağlıq Qrabağın statusu ilə bağlı hansısa müzakirələrin aparılmasına lüzum görmürük. Amma görünür, bölgədə mövqelərinin zəifləməsindən narahat olan Fransa bununla barışmaq istəmir”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Rusiya “Dağlıq Qarabağın statusu” məsələsində gündəmdə saxlamağa çalışır. Prezident Vladimir Putindən sonra Federasiya Şurasının spikeri Valentina Matvyenko da bu məsələyə diqqət çəkdi, dedi ki, statusun müəyyən edilməsi yeni danışıqlar tələb edir. Əgər münaqişə Putinin də əvvəllər dediyi kimi, öz həllini tapıbsa, hansı statusdan söhbət gedə bilər və Rusiya tərəfinin bu səyləri nəyə hesablanıb?

– Rusiyanın bütün səyləri Cənubi Qafqazda, xüsusən də Azərbaycanda maraqlarının təmin edilməsinə hesablanıb. Rusiya hələ XIX əsrdə – 1828-ci ildə Qacarlarla Türkmənçay müqaviləsini imzaladıqdan sonra Azərbaycanda maraqlarını təmin etmək üçün erməniləri Qarabağ və Naxçıvan ərazilərinə köçürmüşdü. Bu baxımdan, Vətən müharibəsindən sonra Azərbaycan ərazilərində erməni faktorunun aradan qaldırılması Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab vermirdi.

Rusların burada təmsil olunması və bölgədə yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya zaman-zaman statusla bağlı məsələləri müzakirəyə çıxarmağa çalışacaq. Noyabrın 10-da əldə edilmiş anlaşma həm də Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini ehtiva edirdi. Beynəlxalq hüququn müddəalarına istinad etsək, sülhməramlıların qarşısında mühüm vəzifələr durur: sülhü qorumaq, sülhü yaratmaq və ya sülhə məcbur etmək. Amma görürük ki, sülhməramlılar beynəlxalq hüquqla onların üzərinə qoyulmuş problemlərin həlli istiqamətində addımlar atmaqdansa birtərəfli mövqe sərgiləyirlər. Bu yolverilməzdir.

Rusiya sülhməramlıları Azərbaycanla razılaşdırmadan müharibə vaxtı qaçan erməniləri Ermənistan ərazilərindən yenidən Xankəndinə qaytarır. Ermənilərin təhlükəsizliklərinin təmin edilməsi istiqamətində Rusiyanın atdığı addımlar anlaşılan olsa da, sosial problemlərin həlli ilə bağlı məsələləri öz üzərinə götürməsi anlaşılan deyil. Çünki Dağlıq Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və onların sosial problemlərinin həlli Azərbaycan dövlətinin üzərinə düşən missiyadır. Həmin məsələlər o zaman Azərbaycan dövlət tərəfindən həll ediləcək ki, onlar Azərbaycan dövlətinin qanunlarını tanıyacaq və ölkəmizin suveren hüquqlarını qəbul edəcəklər. Hələlik ermənilər anlaşmada əksini tapmış bu müddəalara əməl etmirlər.

Nə erməni xalqı, nə Ermənistan iqtidarı, nə də hakimiyyətə can atan erməni müxalifəti kapitulyasiya ilə bağlı fikirləri yaxın buraxırlar. Bunlar da Ermənistana havadarlıq edən və erməni təmsilçiliyinin Qarabağda qalmasında maraqlı olan məlum güc mərkəzlərinin təhriki ilə baş verir.

Qeyd edim ki, ermənilərin Qarabağda qalması ilə bağlı məsələlər Rusiya ilə yanaşı Fransanın da gündəmindədir. Rusiya və Fransa prezidentləri arasında baş tutan son danışıqlarda da Qarabağdakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub. Təəssüflər olsun ki, noyabrın 10-da əldə edilmiş anlaşmanın şərtləri Rusiya tərəfindən pozulur. Rusiyanın siyasi rəhbərliyi bunu etiraf etmir.

Vladimir Putin mətbuat konfransında da xüsusi eyhamla vurğuladı ki, Dağlıq Qarabağ beynəxalq hüquqa görə Azərbaycan ərazisidir. Əgər Dağlıq Qarabağ Azərbaycan ərazisidirsə, o zaman həmin ərazilərdə Azərbaycanın suveren hüquqları gözlənilməli, Azərbaycan özünün suveren hakimiyyətini orada bərqərar etməlidir. Amma biz hələlik Rusiya tərəfindən bu istiqamətdə addımların atıldığını görmürük.

– Matvyenkonun açıqlamasında diqqətçəkən məqamlardan biri də yeni danışıqlarda Fransa Prezidenti Emmanuel Makrona, daha doğrusu, “onun müsbət səyləri”nə vurğunun edilməsidir. Makron bundan əvvəl Qarabağ məsələsini Putinlə də müzakirə etmişdi, siz də buna diqqət çəkdiniz. Bəs Rusiyanın Makronla bu yaxınlığı, onu bu prosesə qatmaq cəhdləri nədən irəli gəlir?

– İki ölkə arasındakı yaxınlıq Ümumavropa məsələlərində ayrı-ayrı vaxtlarda Fransanın Rusiyanın dəstəyinə olan ehtiyacından irəli gəlir. XIX əsrdə Napoleon Fransasının Rus İmperiyası ilə apardığı müharibədən sonra Avropada sülh və sabitliyin yaranmasında rusların xüsusi rolu olmuşdu. Onu da qeyd edim ki, İkinci Dünya Müharibəsindən sonra Fransanın BMT Təhlükəsizlik Şurasında yer alması da Stalinin səyləri nəticəsində baş vermişdi. Etiraf edək ki, Fransa İkinci Dünya Müharibəsində məğlub tərəf idi. Dünya müharibəsində Almaniyanın məğlub edilməsində Fransanın ciddi rolu olmamışdı. Bu rol SSRİ və ya ABŞ ilə nisbətdə müqayisəyə gəlməyəcək qədər az idi. Amma Sovet İttifaqı BMT Təhlükəsizlik Şurasında Qərb alyansı ilə təkbətək qalmamaq üçün Fransanın bura daxil edilməsində maraqlı oldu.

Fransa Şarl de Qollun dövründə Sovet İttifaqı ilə münasibətləri inkişaf etdirmək üçün fərqli addımlar atdı. De Qoll o zaman Böyük Britaniyanı Avropa Birliyinə yaxın buraxmaq istəmirdi. Yəni tarixi kontekstdə Fransa-Rusiya münasibətlərində bu kimi hallar yaşanıb.

İkitərəfli münasibətlərdə bu gün də ortaya çıxan məqamlar Rusiyanın Avropada baş verən olaylarda maraqlarından irəli gəlir. Fransa da ABŞ-dan ola biləcək təzyiqlərdən qurtulmaq və ya ona qarşı “çətir” əldə etmək üçün Rusiya ilə əməkdaşlıq etməyə çalışır.

– Bəs Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Fransa və Rusiyanı bir-birinə nə yaxınlaşdırır?

– Ermənistan və Azərbaycan arasında baş verən sonuncu müharibənin pərdəarxasında Böyük Britaniyanın rolu olmuşdu. Britaniyanın müharibə dövründə atdığı addımlar, o cümlədən Türkiyənin buradakı rolunu dəstəklənməsi Fransanın sıxışdırılması anlamında qəbul edilməlidir. Məsələn, bu mühribəyə qədər Fransa Türkiyəyə silah satan dövlətlər sırasında ikinci yerdə idi. İndi isə Britaniya ABŞ-dan sonra Türkiyəni silahla təmin edənlər sırasında ikinci yerdə durur.

Dediyim kimi, bölgədə gedən proseslərdə Türkiyənin iştirakına dəstək verən dövlətlərdən biri Böyük Britaniya olmuşdu. Türkiyə vasitəsilə Britaniya dronlarını almağımız qələbəmizi təmin edən amillər sırasında qəbul edilə bilər. Yəni Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra XIX-XX əsrlərdə olduğu kimi parlaq xarici siyasət yürüdür. Bu baxımdan, Britaniya və Avropa Birliyinin maraqları üst-üstə düşmür.

Koronavirusun mutasiyaya uğraması ətrafında qalmaqalların Britaniya ətrafında yaşanması da təsadüfi deyil. Əslində laboratoriyada mutasiyaya uğramış yeni növ koronavirusun sürətlə yayılması ilə bağlı fikirlər tibbi olaraq sübut edilməyib. Bu, sadəcə olaraq, kompüter texnologiyaları ilə sübut edilmiş bir tendensiyadır. Bu da onu göstərir ki, burada Britaniya hökumətinin fərqli maraqları olub.

– Bu maraqlar nədən ibarətdir?

– Avropa Birliyindən çıxan Britaniyanın bu ittifaq qarşısında müəyyən öhdəlikləri, borcları vardı. Əslində Britaniya özünü təcrid etməklə bu öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır. Bu da Avropa Birliyinə üzv dövlətlər, xüsusən Fransa və Almaniya üçün əlavə maliyyə yükü deməkdir.

Britaniya Cənubi Qafqazda gedən proseslərdə Fransanı kənarda saxlamağa səy göstərdi. Razılaşaq ki, Türkiyə vasitəsilə buna nail oldu. Hazırda mövcud problemlərin həlli istiqamətində real imkanlar Rusiya və Türkiyənin əlindədir. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun iki üzvü – ABŞ və Fransanın maraqları kənarda qalıb. Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərləri də bununla bağlı idi.

Artıq münaqişə tarixi kontekstdə öz həllini tapıb. Azərbaycan Ordusu və onun Ali Baş Komandanı Minsk Qrupunun həll etməli olduğu missiyanı həyata keçirib, erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılıb və bu proses digər istiqamətlərdə də davam edəcək. Buna görə də, Dağlıq Qrabağın statusu ilə bağlı hansısa müzakirələrin aparılmasına lüzum görmürük.

Amma görünür, bölgədə mövqelərinin zəifləməsindən narahat olan Fransa bununla barışmaq istəmir. Fransa Ermənistanla “bacı dövlət” münasibətlərinə malikdir. Eyni zamanda, Fransanın siyasi institutlarını maliyyələşdirən erməni diasporu Fransanı bu məsələ ətrafındakı müzakirələri diqqət mərkəzində saxlmağa sövq edir.

– Rusiyanın əvvəldən də istəyi, niyyəti bu idi ki, öz hərbi qüvvələrini “sülhməramlı missiya” adı altında bölgədə yerləşdirsin, buna da nail oldu. Bəs indi nə istəyir, maraqları təmin olunmadımı, nədən narahatdır?

– Məlumdur ki, Rusiya Cənubi Qafqazdakı təsir və nüfuz dairəsini saxlamaq istəyir. Bunun üçün də ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi və burada özünə yer etmək səylərinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Nəzərə almaq lazımdır ki, Türkiyə NATO üzvüdür, onun Cənubi Qafqazda və perspektivdə Mərkəzi Asiyada mövqelərinin güclənməsi, eyni zamanda NATO və ABŞ-ın adıçəkilən bölgələrdə nüfuz dairəsinin genişlənməsi anlamında qəbul olunur.

Rusiya isə geosiyasi maraqları baxımından buna yol vermək istəmir. Çünki bu, Rusiya tərəfindən NATO-nun Cənub sərhədlərinə yaxınlaşması kimi qəbul edilir.

Rusiya bu məsələlərə münasibətdə İranla eyni mövqedən çıxış edir. Təsadüfi deyil ki, İran parlamentinin bir üzvü bu yaxınlarda belə bir fikir səsləndirdi ki, Tehran Ermənistanın yanında olmalıdır. Bu da onu göstərir ki, İran Türkiyənin Azərbaycanda öz mövqelərini gücləndirməsindən narahatdır. Çünki İran üçün Türkiyə təkcə regional dövlət deyil, eyni zamanda ona NATO siyasətini bölgəyə yeridən və bərqərar edən dövlət kimi baxır.

Buna görə də, regional kontekstdə İran və Rusiyanın maraqları üst-üstə düşür. Təbii ki, adıçəkilən dövlətlər Türkiyənin bölgədə mövqelərini gücləndirməsinin qarşısını almaq üçün əllərindən gələn hər şeyi edəcəklər.

Hamısını Göstər

Related Articles

Back to top button
Close