Qarabağ müharibəsinin ardınca: Rusiya ilk dəfə döyüş PUA-sından zərbə endirdi

Azərbaycan ordusunun Qarabağda nümayiş etdirdiyi yeni nəsil müharibə taktikası dünyanın aparıcı ölkələrinin silahlanma konsepsiyasını dəyişdirməkdədir. Xəbər verildiyi kimi Almaniyanın ardınca Böyük Britaniya da Qarabağda gedən 44 günlük müharibədə Azərbaycanın zərbə və kəşfiyyat dronlarının bir neçə tipindən, o cümlədən Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” zərbə pilotsuz aparatından eyni vaxtda istifadə etməklə Ermənistan ordusuna vurduğu sarsıdıcı zərbələri təhlil edərək öz ordusunu döyüş pilotsuz aparatları ilə təchiz etmək qərarı verib.

Bundan əvvəl Pentaqonun da Qarabağdakı müharibə təcrübəsini təhlil etdiyini, habelə bir neçə gün əvvəl NATO-nun hərbi komitəsinin Berlində bu müharibənin təcrübəsini təhlil etmək üçün fövqəladə və məxfi toplantı keçirdiyi də məlumdur. Rusiya da Qarabağ müharibəsinin təcrübəsini təhlil etməkdədir. Artıq Rusiya Müdafiə Nazirliyi həm zərbə pilotsuz aparatların işlənib hazırlanmasını sürətləndirmək qərarı verib, həm də belə aparatlara qarşı mübarizə vasitələrini təkmilləşdirmək üzərində işləyir.

Bu günlərdə istefada olan polkovnik Yuri Baranets demişdi ki, Dağlıq Qarabağdakı müharibə Rusiya üçün də ciddi dərs olmalıdır. Çünki bu müharibə pilotsuz uçan aparatların və radioelektron mübarizə vasitələrinin müasir müharibə şərtlərində əhəmiyyətini göstərib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi artıq müasir texniki vasitələrə, o cümlədən zərbə dronlarına qarşı etibarlı mübarizə aparmağa imkan verən yeni silahların işlənib hazırlanması ilə məşğul olur.

“Bizim üçün bu müharibə sabaha olan dərsdir, çox ciddi dərsdir. Və bizim aldığımız informasiyalara əsasən Rusiya Müdafiə Nazirliyi ciddi şəkildə bu məsələlərin həllinə girişib. Müdafiə Nazirliyinə uğurlar arzu edirik”,-Viktor Baranets belə deyib.

“Oxotnik” hələ sınaq dövründədir

Rusiya ordusunun silahlanmasında hələlik zərbə pilotsuz aparatlar mövcud deyil, amma ölkənin hərbi sənayesi bir neçə tip belə aparatların, o cümlədən “Oxotnik” zərbə PUA-sının işlənib hazırlanmasını həyata keçirir.

Bu gün isə xəbər verilib ki, Rusiyanın “Orion” pilotsuz uçan aparatı ilk dəfə yerüstü hədəfə raket zərbəsi endirmək üçün tətbiq olunub. Virtualaz.org xəbər verir ki, Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə bu haqda RİA Novosti-yə bildirib. Mənbə deyib ki, ən yeni döyüş pilotsuz aparatı “Orion” ilk dəfə yerüstü hədəflərə zərbə endirib. Bu zaman döyüş sursatı kimi həm idarəolunan aviabomba, habelə idarəolunan raket tətbiq edilib. Ehtimal edilir ki, dron Suriyanın şimalında, Əl-Bab rayonunda Əsəd rejiminə müxalif yaraqlılara qarşı istifadə olunub. Rusiya indiyədək dəfələrlə öz yeni silahlarını döyüş şəraitində Suriyada sınaqdan keçirib.

“Orion” ilk dəfə döyüşə girib

Mənbə bildirib: ““Orion” pilotsuz uçan aparatı kiçik qabaritli idarəolunan raketi hədəfə buraxıb. O, belə tip silahı istifadə edən ilk Rusiya pilotsuz aparatı olub. Bundan əlavə “Orion” idarəolunan aviabombaların tətbiq edilməsini də sınaqdan keçirib”.

Digər məlumata görə, Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko pilotsuz uçan aparatlarla mübarizə və düşmənin optik-elektronik sistemlərini zərərsizləşdirmək üçün yeni lazer sistemlərini işləyib hazırladıqlarını açıqlayıb.

“Krasnaya Zvezda” qəzetinə açıqlamasında nazir müavini deyib ki, dronlara qarşı mübarizə və düşmənin optik-elektronik sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulan lazer sistemləri tezliklə sınaqdan keçiriləcək. Bundan əvvəl Rusiya ilk dəfə “Peresvet” lazer qurğusunu silahlanmaya daxil etmişdi.

Aleksey Krivoruçko dronlara qarşı lazer silahı hazırlandığını deyir

Qeyd edək ki, Rusiya Qarabağ müharibəsinə qədər pilotsuz uçan aparatlara qarşı əsas silah qismində “Pantsir” zenit kompleksini və müxtəlif tipli radioelektron mübarizə sistemlərini təqdim edirdi. Lakin Qarabağ müharibəsi zamanı Ermənistanın Rusiyadan aldığı, PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan radioelektron mübarizə sistemlərinin özləri Azərbaycan ordusunun dronlarının hədəfinə çevrildi və rusiyalı mütəxəssislərin də təsdiq etdiyi kimi, yüksək effektivlik nümayiş etdirmədi.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close