Qarabağda təxribat: “Türkiyə öz sözünü deyəcək” – Müsahibə

“Şuşa Bəyannaməsinə görə, fors-major vəziyyət yaransa, Türkiyə maraqlarımızı nəzərə alaraq, bütün vasitələrlə bizi müdafiə edəcək. Şuşa Bəyannaməsində bu deyilir. Türk hərbi qüvvələrinin Qarabağda yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq, Türkiyə Azərbaycandadır, bizimlə bir yerdədir və yanımızdadır. Əlbəttə, başqa bir vəziyyət yaranarsa, Türkiyə öz sözünü deyəcək, mən buna şübhə etmirəm”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

– Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri bir neçə gündür atəşkəsi pozurlar. Ermənilər təkcə Qarabağda yox, Naxçıvan və sərhədlərin digər istiqamətlərində də təxribata əl atırlar. Baş verənlərin izahı nədir?

– Bu, hansısa separatçı rejimin dəstələri deyil, Ermənistanın nizamlı ordusudur. 10 noyabr bəyannaməsinə görə, bu ordu çoxdan Qarabağdan çıxmalıydı. Amma təəssüflə qeyd etmək lazımdır ki, buna baxmayaraq, həmin hissələr hələ də Azərbaycan torpağındadır. Görünür, sülhməramlılar başlarından sığallayaraq onlara şərait yaradır. Nəticədə bizim torpaqlarımızda bizə qarşı aqressiv addımlar atırlar. Qənaətimə görə, burada əsas məqsəd sülh sazişinin imzalanmasından yayınmaqdır. Çünki Ermənistan gec-tez bu sazişə imza atmalıdır. Görünür, bu addımlarla kiməsə göstərməyə çalışırlar ki, “Azərbaycanla bir araya gəlmək mümkün deyil, vəziyyət kifayət qədər gərgindir, biz tərəfdən belə bir sazişə imza atmaq düzgün olmaz”.

– Ermənilərin bu təxribatlarına göz yuman Rusiyanın hansı maraqları var?

– Açıq danışaq, Rusiya uzun illərdən bəri həmişə ermənilərə dəstək verib. Sirr deyil ki, Ermənistan Cənubi Qafqaz regionunda Rusiyanın forpostudur. Onlar başa düşürlər ki, Azərbaycanın buradakı iştirakı və rolu kifayət qədər güclənib, güclü bir oyunçuya çevrilib. Türkiyə ilə münasibətlərimiz qardaşlıq münasibətləridir. Biz Türkiyə ilə birlikdə böyük bir gücə sahib olan ölkəyə çevrilmişik. Görünən budur ki, onlar bu vəziyyətdən çəkinirlər. Buna görə də çalışırlar ki, Azərbaycanın gücü müəyyən qədər neytrallaşdırılsın. Bu məqsədlə də ermənilərdən məharətlə istifadə edirlər.

– Son gəlişmələr fonunda əməliyyatların yenidən başlanması gözləniləndirmi?

– Məsələ budur ki, bu təxribatlar davam edəcək. Nəticədə buna cavab vermək məcburiyyətində qalacağıq. Bizim seçimimiz olmayacaq. İndiyədək neçə nəfər minalardan həlak olub, üstəgəl, digər təxribat vasitələrinə əl atırlar. Biz öz torpaqlarımızdayıq, buna görə də birmənalı şəkildə cavab addımlarımızı atacağıq. Təbii ki, biz məsələlərin həlli üçün bütün vasitələrdən istifadə edəcəyik: həm diplomatik, həm də siyasi müstəvidə… Əgər ermənilər bundan sonra da azğınlaşacaqsa, biz onların cavabını verəcəyik.

– Baş verənlər Qarabağdakı qanunsuz silahlıların tərksilah edilməsinə rəvac verə bilərmi? Çünki Rusiyanın da açıqladığı rəsmi mövqeyi budur ki, münaqişənin yenidən alovlanmasını istəmir.

– Rusiyanın buna getməsi üçün təzyiq etməliyik. Biz diplomatik və digər səviyyələrdə Rusiya ilə danışıqlar aparıb öz qəti və prinsipial mövqeyimizi bildirməliyik. Təbii ki, biz Rusiya ilə münaqişə və ya davaya girməyəcəyik. Lakin Rusiya öz forpostuna – Ermənistana təzyiq etsin. Yəni biz çalışacağıq ki, Rusiya ilə bir araya gələrək bu məsələləri ciddi şəkildə müzakirə edək. Çünki başqa çıxış yolu yoxdur. Biz susmamalıyıq, öz mövqeyimizi bildirməliyik. Təkcə Rusiya ilə danışmamalıyıq, lazım olarsa, bu məsələləri BMT Təhlükəsizlik Şurasına da çıxarmaq olar. Eyni zamanda, Qoşulmama Hərəkatının müzakirəsinə çıxarmağa əsaslarımız var. Biz ATƏT-ə müraciət edə bilərik. Qoy, ATƏT də müdaxilə etsin, məsələyə baxsın. Variantlar çoxdur, biz bunların hamısından istifadə etməliyik. Hər halda biz prinsipial cavabımızı verməliyik.

– Son proseslər Rusiya sülhməramlılarının səriştəsizliyi və yarıtmazlığını ortaya qoydu. Bu nəzərə alınaraq, Türkiyə sülhməramlı kontingenti bölgədə yerləşdirilə bilərmi?

– Türkiyə qoşunları onsuz da Azərbaycanda – Qarabağdadır. Türk hərbçiləri Ağdamdakı monitorinq mərkəzində fəaliyyət göstərir. Şuşa Bəyannaməsinə görə, fors-major vəziyyət yaransa, Türkiyə maraqlarımızı nəzərə alaraq, bütün vasitələrlə bizi müdafiə edəcək. Şuşa Bəyannaməsində bu deyilir. Türk hərbi qüvvələrinin Qarabağda yerləşdirilib-yerləşdirilməməsindən asılı olmayaraq, Türkiyə Azərbaycandadır, bizimlə bir yerdədir və yanımızdadır. Əlbəttə, başqa bir vəziyyət yaranarsa, Türkiyə öz sözünü deyəcək, mən buna şübhə etmirəm.

Hamısını Göstər

Related Articles

Back to top button
Close