Qazaxda narkokuryer saxlanılıb
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə
gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində
çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata
görə, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini, Ümid Rəsulov və
Zəngilan rayon sakini Bəhruz Əhmədov sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş
ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Qazax rayonu ərazisində
gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına
aparmaq barədə razılaşıblar.
Həmin şəxslər Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
saxlanılan zaman onlardan 1 kiloqram 15 qram heroin, 985 qram marixuana və
metadon həbləri aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla
bağlı araşdırmalar davam etdirilir.