“QONŞUMUZUN XİSLƏTİNƏ BƏLƏDİK…” – Vilayətinin bərabərlik mesajı nəyə xidmət edirdi?

“Hər bir azərbaycanlı iranlıdır, hər bir iranlı azərbaycanlıdır. Bu, onların qeyri İran pasportlu olmasına və ya İrandan kənarda yaşamasına rağmən belədir. Mən də azərbaycanlıyam”.

İran-Azərbaycan münasibətlərində gərginliyin kuliminasiya həddində olduğu bir dönəmdə belə bir açıqlama ilə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti çıxış edib.

O “Tasnim” xəbər agentliyinə müsahibəsində deyib ki, İran heç vaxt Azərbaycanı işğal etmək və ya nəzarəti ələ keçirmək niyyətində olmayıb. Vilayəti Azərbaycan xalqının İran tarixindəki əsas rolunu və ölkənin qorunmasında, İranın qüdrətinin və regional əhəmiyyətinin gücləndirilməsində mühüm addımlarını yüksək qiymətləndirib. Vilayəti həmçinin İslam Respublikasının Azərbaycana hücum və ya qonşu ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdırdığına dair ittihamları və şayiələri təkzib edib.

O, həmçinin iki ölkə arasında, o cümlədən mediada baş verən siyasi gərginliyə toxunaraq, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün iranlıların iranlı hesab edildiyini vurğulayıb. Vilayətinin sözlərinə görə, İran heç vaxt qonşularına paxıllıq etməyib, əksinə, həmişə onlara diqqət və hər kəslə müsbət münasibət saxlamaq istəyi ilə yanaşıb.

“Qürur hissi ilə demək istəyirəm ki, digər iranlılar kimi mən də özümü azərbaycanlı hesab edirəm. Mən Əlbərz dağlarının ətəyindən gəlirəm. Mən də digər iranlılar kimi İranın hər bir hissəsini ruhumun və qəlbimin bir guşəsi hesab edirəm və hətta onu qorumaq üçün canımı da verəcəm”, – deyə o bildirib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Əli Əkbər Vilayətinin açıqlmasına münasibət bildirib. O, qeyd edib ki, Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. “Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”, – Hikmət Hacıyev vurğulayıb.

“Özünü mənşəcə azərbaycanlı adlandıran Vilayəti İranın heç zaman Azərbaycanı ələ keçirmək kimi planı olmadığını yazıb. Azərbaycan xalqının İran tarixində mühüm rolunu vurğulayan Vilayət Şah İsmayıl Xətainin qəhrəmanlıqlarını xatırladıb. “Hər bir iranlı azərbaycanlı, hər bir azərbaycanlı da iranlıdır” kimi ikibaşlı cümlə işlədən Vilayəti dini amilin birləşdirici rol oynadığını vurğulayıb”.

Bunu isə politoloq Elxan Şahinoğlu Vilayətinin açıqlamasını şərh edərkən deyib. Onun sözlərinə görə, Vilayəti bununla demək istəyib ki, İranda yaşayan əsas etnik qrupları din və məzhəb birləşdirir: “Halbuki, İranda fərqli dinlərə və məhzəblərə bağlı etnik qruplar da var, sadəcə Vilayətinin hazırki məqaləsi azərbaycanlıların könlünü almaq məqsədi daşıdığından şiəlik ön plana salınıb. Vilayətinin xidmətində olduğu rejim üçün nə din, nə də məzhəb əsasdır, əks halda Azərbaycan torpaqlarının işğalına uzun onilliklər dözümsüz yanaşar, məscidlərin dağıdılmasına görə Ermənistanı güncə sıxışdırardılar. Bunların heç biri olmadı. Vilayəti keçmiş illərdə nə azərbaycanlı olduğunu deyər, nə azərbaycanlıların, o cümlədən Şah İsmayıl Xətainin rolundan ağız dolusu danışardı, sadəcə quyruqları qapı arxasında qaldığından belə bir məqaləyə ehtiyac duyublar. Belə məqalələrlə bizi aldatmaq mümkün deyil, qonşumuzun xislətinə bələdik”.

Hamısını Göstər

Related Articles

Back to top button