Rusiya Ermənistanı satdı?

Kubra Məhərrəmova yazır…

Əvvəla bundan başlayaq ki, 44 günlük Vətən müharibəsi zamanı, elə ondan sonra da Rusiya mediası Azərbaycana qarşı qərəzli mövqedən çıxış edib və edir. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir, Qarabağın Azərbaycana aid olmaması kimi absurd fikirləri tirajlayırdı. Və bugün də buna davam edir.

Rusiya mediasının və Rusiyada olan müəyyən qüvvələrin qəzəbinə isə Zəfər Paradının Bakıda keçirilməsi oldu. Onların səbr kasasının sonuncu damlası isə paradda Azərbaycanın qanı-canı bir olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı idi. Türkiyənin Azərbaycanın yanında olması onları o qədər hiddətləndirmişdi ki, hər ütüdən bunu qışqırırdılar. İndi də həzm edə bilmirlər.

Rusiya mediasının da, onlara hamilik edən erməni qüvvələrinin də canları cəhənnəmə. Amma dövlət kanalı olan Birinci kanalın heç də küt olmayan, özünü gicliyə vuran aparıcısı, Vladimir Poznerin Robert Koçaryana “Qarabağın ilk prezidenti” kimi müraciət etməsi nə qədər doğrudur? Heç nə qədər. Doğrudur Birinci kanalın deməyi ilə heç kim prezident olmur, amma hansısa aferist-maşennik Koçaryanın efirə çıxması balaca məsələ deyil.

Əvvəlcədən bəlli idi ki, “yuxarıdan tapşırılmış qonaq” tezisləri özü Poznerə verib. Bu müsahibə daha çox seçki qabağı təbliğat-təşviqata bənzəyir. Bəli, 1998-2008-ci illərdə hakimiyyətdə olan Ermənistanın keçmiş prezidenti, “Qarabağ klanının” əsas fiqurlarından biri olan Koçaryan yenidən hakimiyyətə gəlməyə çalışır.

Hakimiyyətə gəlmək üçünsə çox asan vasitə seçib. 30 il ərzində Ermənistanın, rəsmi hökümətin etdiyi bütün səhvləri Paşinyanın üstünə atmaqla. Bir yetim Paşinyan tapıblar, sağdan da döşəyirlər, solda da. Yenə də hamısının canı cəhənnəmə. Təki elə bir-birlərini qırsınlar. 
Daha sonra Koçaryan bildirib ki, Ermənistanın bugünkü vəziyyətini qiymətləndirsək 20 ballıq şkala ilə 3 vermək olar. Çünki ölkə müharibənin ağır nəticələri ilə üz-üzə qalıb. iqtisadiyyatı çöküb, minlərlə canlı itki verib, ərazi itirib, ağır məğlubiyyət əhalini dərin apatiyaya salıb. Əhali Ermənistandan sürətlə qaçır. Ölkə ikiyə bölünüb. Amma Koçaryan da özünü xilaskar Məsih kimi hiss edir. Düşünür ki, hakimiyyətə gəlsə Ermənistanı regionun ən güclü ölkəsinə çevirəcək.

Müsahibə zamanı bir daha bildirdi ki, biz “SOROS-Moros” tanımırıq, bizimki böyük qardaşımız Rusiyadır. “Rusiya Ermənistanı satıb” fikrini deyən ermənilər Avropadan qrant alanlardır. Rusiya hər zaman Ermənistanın yanındadır. Türkiyə Ermənistan üçün ən böyük təhlükə mənbəyidir. Elə ermənilər də türklərin düşmənidir. Yəni yeni bir fikir səslənmədi. 

Efirdən bir daha etiraf etdi ki, əgər müharibəyə Rusiya qarışmasaydı Ermənistanın hansı nəticələrlə qarşılaşağı məlum deyildi. 44 gün ərzində Ermənistan bir uğurlu əməliyyat həyata keçirə bilmədiyi halda bütün günü erməni ordusunun qələbələri haqqında mediaya məlumatlar verir, az qala bu gün-sabah Bakıya çatacaqları haqqında iddialar verirdi. Ona görə də 2020-ci ilin noyabrın 10-u imzalanan üçtərəfli razılaşma erməni ictimaiyyətini şoka saldı. Paşinyanın isə imzalamaqdan başqa çarəsi yox idi. Açığı Paşinyanın yerində Koçaryan da olsaydı, imzalayacaqdı.

Bu gün hamı, elə Koçaryan da etiraf edir ki, Ermənistan bu müharibəyə hazır deyildi. Koçaryan gələcək seçkilərdə xal yığmaqdan ötrü efirdə deyir ki, guya bunu əvvəldən bilirdi, guya Paşinyanı və höküməti dəfələrlə bu barədə xəbərdarlıq etmişdi. Amma heç kim onun dediklərini ciddi qəbul etməyib. Amma Koçaryan özü hər zaman müharibə tərəfdarı olub və özü şəxsən azərbaycanlıları qətlə yetirib. Bu gün kostyum geyib Rusiyanın Birinci kanalına çıxmaqla keçmiş cinayətləri gizlətmək mümkün deyil. Gec ya tez hər kəs payını alacaq.

Diqqətimi isə aparıcının bəs niyə Qarabağı Ermənistana birləşdirmədiniz sualına cavabı çəkdi. Koçaryan bildirdi ki, Qarabağ de fakto elə Ermənistan idi. Çünki pasportlar və digər məsələlər artıq həll olunmuşdu. Bu fakt bir daha sübut etdi ki, Ermənistan heç vaxt danışıqlar yolu ilə işğal etdiyi əraziləri geri qaytarmayacaqdı. Bizim bəzi “humanistlər”, xaricdə və daxildə oturan “sülh sevərlər” getsin dünyanın ən ağır daşını çırpsınlar başlarına. Çünki o başlar düşünə bilmir.

Koçaryan və onun komandası Madrid prinsiplərini manipulyasiya edərək illər ərzində Qarabağın statusunu alver predmetinə çevirmək istəyirdi. Yəni bufer ərazilərin Azərbaycana qaytarılması əvəzinə Qarabağa isə xüsusi statusun verilməsi nəzərdə tutulurdu. Buna uzun illər dünya ictimaiyyətinin və dünyada böyük kök salan erməni lobbisinin köməyi ilə nail olan Koçaryan bu gün anlayır ki, Qarabağın statusu haqqında heç arzulamaq belə mümkün deyil.

Çünki QARABAĞ AZƏRBAYCANDIR!

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close