“Rusiya Ermənistanı təhrik etsə, hərbi əməliyyata başlaya bilər” – İlham İsmayıl

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın Yenisabah.az-a müsahibəsi:

– İlham bəy, bildiyiniz kimi, Nikol Paşinyan dünən yenidən Ermənistanın Baş naziri təyin edildi. Ermənistanın yeni hökumətinin xarici siyasət kursunda, xüsusilə, Azərbaycanla münasibətdə dəyişikliklər gözlənilirmi?

– Xeyr. Xarici siyasət kursunda dəyişikliklər gözlənilmir. Necə ki Paşinyandan əvvəlkilərin xarici siyasətində Azərbaycana qarşı elə bir dəyişiklik yoxdu, indi də Azərbaycana qarşı münasibətdə dəyişiklik olmayacaq. 

Amma, ümumiyyətlə, bugünkü xarici siyasət kursunda əvvəlki ilə müqayisədə bir qədər fərqlilik var. O da guya Qərbə daha yaxın olmaq, Rusiya ilə bi az məsafə saxlamaqdan ibarətdir. Lakin son hadisələr heç o məsafənin də olmadığını göstərdi. Ermənilər hazırda həm Qərblə, həm də Rusiya ilə aktiv siyasət aparırlar. 

Rusiya prezidentinin xüsusi olaraq Paşinyanı təbrik etməsi, ona təbrik məktubu göndərməsi göstərir ki, münasibətlərdə xüsusi dəyişiklik olası deyil. Yenə də Rusiyanın maraqlarına cavab verən addımlar atılacaq. Azərbaycanla münasibətdə isə maksimum çalışacaqlar ki, Azərbaycanın üzərinə yerisinlər və beynəlxalq təzyiqə məruz qoysunlar.

– Paşinyanın daxildə mövqeyini gücləndirdikdən sonra Azərbaycanla münasibətdə daha aqressiv siyasət yürüdəcəyi iddia olunur. Hətta itirilmiş mövqeləri geri qaytarmaq üçün bir müddət sonra hərbi əməliyyatlara başlayacağını ehtimal edənlər də var. Siz bu ehtimalı necə qiymətləndirirsiniz?

– Bu, yalnız o vaxt mümkün ola bilər ki, Rusiya onu belə bir şeyə təhrik edər. Ermənistanın yeni qurulan hökuməti, “Bircə müharibə olmasın”,- deyir. Onun əleyhdarları isə, “Müharibə olmasa, biz hər şeyimizi itirəcəyik”,-deyir. 

Lakin Azərbaycana qarşı siyasətdə torpaq geri qaytarmaq, revanş götürmək gözlənilmir. Sadəcə olaraq yerdə qalan Qarabağ torpağının bir hissəsində, Azərbaycan torpağında işğalçılıqlarını davam etdirəcəklər. Təbii ki, Rusiyanın köməkliyi ilə bu mümkün olacaq. Beynəlxalq aləmi, xüsusilə də, Minsk qrupu həmsədrlərini maksimum bizim üzərimizə yönəldəcəklər ki, Qarabağa status alsınlar. Onlar müstəqillik fikrinə də düşüblər. Amma, əlbəttə ki, müstəqillik olası deyil, status məsələsində də bizim mövqeyimiz bəllidir.

–  Son vaxtlar Paşinyan israrla üçtərəfli sazişdə Zəngəzur dəhlizindən söhbət getmədiyini vurğulayır. Sizcə, Paşinyan kimlərə hansı mesajı vermək istəyir?

– Seçkidən əvvəl və seçkidən sonra Ermənistanda həmin dəhlizə Turan dəhlizi kimi baxırdılar, heç özlərini fikirləşmirdilər. Amma fakt odur ki, bu dəhliz daha çox Ermənistana xeyir edir. Amma onlar yalnız Rusiya ilə yükdaşımaların olmasını istəyirlər. Yəni oradan sərnişin getməsini, avtomobil yolunun istifadəsini qəti istəmirlər, ona görə də etiraz edirlər. 

Paşinyan orada bir az möhkəmlənəndən sonra isə dəhliz olacaq. Çünki dəhlizi Paşinyan yox, Rusiya istəyir. Səbəb isə Ermənistana olan yüklərinin hazır daşınmasını təmin etməkdir. Düşünürəm ki, bu istiqamətdə yalnız zamana ehtiyac var, məncə, Rusiyanın təhriki ilə o dəhliz məcbur açılacaq.

– Ermənistanın sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı tələbləri inadkarlıqla qulaqardına vurması bölgədə qeyri-müəyyən vəziyyət yaradıb. Sizcə, “nə hərb, nə sülh” taktikası nə qədər davam edə bilər?

– Sərhədlərin demarkasiya və delimitasiyasını qəsdən ləngidirlər ki, buraya beynəlxalq gücləri qoşsunlar. Təkcə Rusiyanı deyil, Minsk qrupunu da buraya gətirmək istəyirlər. Rusiya isə bunun əleyhinədir. Sərhədlər tanınandan sonra Ermənistan de-fakto Azərbaycan sərhədlərini tanışım olacaq. 

O zaman da Dağlıq Qarabağın müstəqilliyi və statusundan söhbət gedə bilməyəcək. Bunu bilirlər deyə məsələni uzatmaq, yenidən həmsədrlərin ixtiyarına vermək, onların bayrağı altında müzakirələr aparmaq istəyirlər. Bu isə o deməkdir ki, proses uzun müddət çəkəcək və son nəticə əldə olunmayacaq. Son nəticə olmayanda da sərhəddə təxribatlar başlayacaq, hətta silahlı çatışmanın miqyası bir qədər böyüyə də bilər. Ona görə də maksimum Ermənistanı məcbur etməliyik ki, bu işləri görsün. Görməsə, biz Qarabağda işlərimizi görməliyik. Qarabağda məsələ həll olunsa, sərhədlər özlüyündə həll olacaq. 

Təəssüf ki, biz Qarabağ istiqamətində rəsmi mövqelərimizi, nə vaxt nə iş görəcəyimizi bu doqquz aylıq dövrdə bildirməmişik, bildirmədiyimizə görə də ermənilər ürəklənir. Oktyabrın sonundan, xüsusilə, bu gün gərginlik olan Kəlbəcər, Laçın istiqamətində iqlim sərtləşəcək. Düzdür, bu gün demarkasiyanı gözləmədən mühəndis qurğularının tikintisi gedir. Amma bu qarşı tərəfdən də tanınmalıdır, tanınmasa, təxribatlar davam edəcək. Biz maksimum çalışmalıyıq ki, bizə məlum olan beynəlxalq sərhədlərimizdə öz işlərimizi görüb bitirək, Ermənistan istər tanısın, istər də tanımasın.

Hamısını Göstər

Related Articles

Back to top button
Close