Rusiya Qarabağdakı sülhməramlı missiyasını dəyişir… – Sərhəddə atəşkəsin intensiv pozulması nəyə gətirib çıxaracaq?

Ermənistan silahlı birləşmələri Azərbaycanla Ordusunun dövlət sərhədində yerləşən mövqelərini intensiz şəkildə atəşə tutmaqda davam edir. Bir neçə gündür Kəlbəcər istiqamətində vəziyyət gərgin olaraq qalır, bu gün səhər erkən saatlarında Müdafiə Naziliyinin yaydığı məlumatda bildirilir ki, düşmən iri çaplı silahlardan və qumbaraatanlardan istifadə edib.

Bundan əvvəl atəşkəs pozuntusunun ünvanı Qarabağ, Şuşa və Naxçıvanın dövlət sərhəddindəki mövqelərimiz idi. Nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir nəfər yaralanıb, cavab zərbəsi ilə düşmənin bir neçə hərbçisi zərərsizləşdirilib, atəş açdıqları yüksəkliklərdəki postları ələ keçirilib…

Hadisələrin xronologiyası 2020-ci ilin 27 sentyabrından əvvəlki dövrü xatırlatmağa başlayıb. Atəşkəs intensiz pozlulur, hər iki tərəfdən itkilər və yaralılar olur, müdafiə nazirlikləri informasiya yayırlar və növbəti atəşdən sonra əvvəlki statistika köhnəlir.

Belə təsəvvür yaranır ki, ötən il Azərbaycanın Ermənistanın Rusiya və Qərbdəki havadarlarının müstəsna dəstəyi ilə formalaşdırdığı ordu darmadağın edərək, cəmi 44 günə düşmənin işğalında olan ərazilərin təxminən 85 faizini tam azad etməsi İrəvana dərs olmayıb.

Eyni zamanda Rusiyanın Qarabağın ermənilər yaşayan hissəsini müvəqqəti olaraq özünün məsuliyyət zonası elan edərək bölgəyə sülhməramlı missiya adı ilə göndərdiyi hərbiçilərin də öz vəzifəsini yerinə yetirmədiyi müşahidə edilir.

Hər halda hazırda Ermənistanla sərhəddə və Qarabağda baş verənlər çoxsaylı suallar meydana çıxır.

İlk növbədə Rusiyanın davranışı maraq doğurur. Paradoksal olsa da Moskva bölgədə “sülhpərvər” missiyasının getdikcə daha çox öləziməsindən rahatsız deyil. Əksinə, hiss olunur ki, bölgədə münaqişənin tarixə dönməsini istəmir. Atəşkəsin hər gün pozulduğu bu ərəfədə nə Rusiya Müdafiə Nazirliyi, nə də Xankəndindəki sülhməramlı missiyanın komandanlığı hər hansı açıqlama verməyib.

Amma Azərbaycan düşməni cavab zərbələri ilə hədələməsindən cəmi bir gün sonra sülhməramlılar ağır texnika, artilleriya və minatanlardan istifadə etməklə döyüş təlimi keçirib. Ermənistanın bu təlimlərdən sonra daha da azğınlaşması, Moskvanın onları qoruyucağına əmin olduğunu göstərir.

Bəs Rusiya münaqişəni aktiv fazada saxlamaqla nəyə nail olmaq istəyir?

Bu sualın cavabını tapmaq üçün 10 noyabr bəyanatının bir sıra vacib müddəalarının hələ də icra olunmamasına diqqət etmək lazımdır. Həmin sənəddə erməni silahlı birləşmələrinin Qarabağı tərk etməsi barədə müddəa var. Ümumiyyətlə, Azərbaycan ərazilərdində işğalçı qoşunların qalmaqda davam etməsi bəyanatın ruhu ilə tərs mütənasibdir.

10 noyabr razılaşması müharibənin dayandırılmasını, bölgədə humanitar vəziyyətin nizamlanmasını, qarşılıqlı olaraq kommunikasiyaların açılmasını, regional layihələrin canlandırılmasını, köçkünlərin öz yurdlarına qaytarılmasını ehtiva edir. 

O zaman əzilmiş erməni silahlıları nə məqsədlə Qarabağda saxlanır? Azərbaycanın Laçın dəhlizinə tam nəzarətinə niyə şərait yaradılmır? Və nəhayət Xankəndində Bakıya tabe olan idarəçiliyin formalaşdırılması istiqamətində niyə müzakirələr başlamır?

Bunun əksinə, Qarabağda rus sülhməramlılarının dayanmasına rəğmən atəşkəs intensiv pozulur və bu, bölgədə hərbi vəziyyətə məsul olan Rusiyanı qəti narahat etmir. Yuxarıda verilən sualın cavabına qayıtsaq, bu artıq Moskvanın bölgədəki maraqları ilə bağlıdır. Onları şərti olaraq belə sırlamaq olar:

1. Azərbaycanla Ermənistan arasında birbaşa müzakirələrə imkan verməmək, hər iki tərəfi daimi olaraq Moskvanın vasitəçiliyindən asılı buraxmaq, Azərbaycanı və Ermənistana təzyiq altında saxlamaq;

2. Hər iki ölkədən səslənən sülh müqaviləsi ilə bağlı çağırışların zəmin tapmasına şərait yaratmamaq;

3. Münaqişəni aktiv fazada saxlamaqla regionda hərbi varlığını davam etdirmək.

Sadalanan bu məqsədlər Azərbaycanın maraqları ilə tərs mütənasib təşkil edir. Hazırda qüvvələr nisbəti, Qərbin mövqeyi, Türkiyənin prosesə müdaxilə imkanları o səviyyədədir ki, Bakı hərbi vəziyyətin nəzarətdən çıxmasını istəmir. 

Əlbəttə, Azərbaycan Ordusu cəmi bir neçə günə düşmən silahlılarının sonunucu qalıqlarını məhv edə, onları Xankəndindən qovub çıxara bilər. Bu barədə verilən xəbərdarlıqda da qeyd olunub ki, Azərbaycan güc tətbiq etmək hüququnu özündə saxlayır.

Ermənistanda Paşinyan hakimiyyəti də “böyük qardaşın” maraqları altında əzilsə də ona qarşı çıxmaq iqtidarında deyil. Müharibədən sonrakı aylarda Moskva onu necə lazımdır, “başa salıb”. Baş nazir əvəzi indi Moskvadan verilən direktivlər üzrə hərəkət edir. 

Onun sülh ritorikasını qəflətən dəyişməsi, Qarabağda qalan 25 min erməniyə yenidən status tələb etməsi, nəhayət, cəbhədə baş verənlərlə bağlı susması, yaxud Azərbaycanı ittiham etməyə başlaması bundan xəbər verir.

Bəs atəşkəsin intensiz pozulması nəyə gətirib çıxara bilər? Rusiyanın və münaqişə tərəflərinin mövqelərindən çıxan nəticə odur ki, irimiqyaslı toqquşmalar hələ ki, olmayacaq. Amma lokal döyüş əməliyyatları istisna deyil və bu zaman erməni silahlılarının cənazələri tez-tez Ermənistana daşınacaq.

Bu,44 günlük müharibədən qorxmuş erməni cəmiyyəti və onu seçkilərdə anti-müharibə çağırışları ilə tovlaya bilmiş Paşinyan üçün çox pis siqnal olacaq. Hər halda Rusiyanın məqsədlərindən biri də budur- Paşinyanı sərt daxili təzyiq altında saxlamaq. 20 iyun seçkilərində legitimləşən Rusiyapərəst müxalifətin deputat mandatlarından imtina etməsi də bu siyasətin tərkib hissəsidir.

Azərbaycan tərəfi hələ ki, təmkinli, amma cəbhə xətində daha qüvvətli mövqe sərgiləyərək bölgədə vəziyyətin aydınlaşmasını gözləyəcək. Hər halda Bakı üçün beynəlxalq şərait də o qədər pis deyil. 

Qarabağda getdikcə azalasn erməni icmasına hər hansı status verilməyəcək, vasitəçilər isə müharibədən əvvəlki mövqelərini dəyişib reallığa uyğun təkliflərlə gəlməyincə, onların “köməyinə” ehtiyac olmayacaq. Azərbaycanı bu mövqedən çəkindirəcək hər hansı qüvvə mövcud deyil…

Mənbə
azpolitika.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close