Rusiya sülhməramlılarıın missiyası – etimad qazanmaq üçün tarixi fürsət

Azərbaycan ictimaiyyəti noyabrın 10-da sülhməramlı sözü ilə yenidən rastlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşnyan arasında imzalanan bəyanatla cəbhədə atəşkəs elan edildi.

Həmin bəyanata əsasən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Rusiyanın sülhməramlı kontingenti daxil oldu.

Sülhməramlı, yaxud “göy dəbilqəli” ifadəsi yenidən aktuallaşdı. Bu baxımdan sülhməramlı missiyanın fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istərdik.

BMT-nin sülhməramlılları Təhlükəsizlik Şurasının qərarı ilə silahlı münaqişənin qarşısının alınması və ya onun tənzimlənməsində iştirak edir. BMT-nin Nizamnaməsinə uyğun olaraq bu güclər üzv ölkələrin hərbi qüvvələri hesabına formalaşdırılır.

Bundan başqa, müxtəlif beynəlxalq təşkilatların, o cümlədən NATO, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və başqalarının da sülhməramlıları fəaliyyət göstərir. Ancaq qaydalara görə onlar BMT Təhlükəsizlik Şurasının mandatı üzrə fəaliyyət göstərməlidir.

Belə qüvvələr ilk dəfə 1948-ci ildə Kəşmir və Fələstində görünüblər. BMT-nin “mavi dəbilqəliləri” indiyədək sülhü dəstəkləmək məqsədi ilə 71 əməliyyat keçirib.

1988-ci ildə BMT-nin sülhməramlılarına Nobel Sülh Mükafatı verilib.

Yeri gəlmişkən, 1995-ci ildə BMT-nin sülhməramlıları Bosniyaya yeridiliblər. Qurumun “təhlükəsizlik zonası” elan etdiyi və “göy dəbilqəlilərin” qoruduğu əraziyə soxulan serb silahlıları 1995-ci il iyulun 11-dən iyulun 13-dək 8 372 bosniyalı müsəlmanı soyqırıma məruz qoyub. BMT həmin hadisəni sonralar soyqırım olaraq qəbul edib.

Qeyd edək ki, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-di Vuar və başqa münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.

Hazırda BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya var.

Şəraitdən asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Ancaq bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

– Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

– Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

– Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

– Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

– Keçid dövrünün çətinlikllərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

– BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsinin hüquqi bazası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış birgə bəyanat sayılır.

Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.

Sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib. Onlar dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərməkdir.

Rusiya sülhməramlıları 1992-ci ildə Moldovaya yerləşdirilib. Bu qüvvələrin sayəsində orada Dnestryanı separatçılarla mərkəzi hakimiyyət arasında silahlı münaqişə “dondurulub”. 1994-cü ildə Gürcüstana yeridilən bu qüvvələri Abxaziya və Cənubi Osetiya ilə Gürcüstanın mərkəzi hakimiyyəti arasındakı silahlı münaiqşənin də dondurulmasında iştirak edib. 2008-ci il hadisələrindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıyıb.

Rusiya sülhməramlıları Tacikstandakı vətəndaşı müharibəsinin yatırılmasında iştirak ediblər. Tacikstanda sülh və əmin-amanlığın təmin olunması üçün 1997-ci ildə Moskvada tərəflər arasında müqavilə imzalanıb.

2015-ci ilin martında Ukrayna BMT-yə “göy dəbilqəlilərin” Donbasda yerləşdirilməsi ilə bağlı müraciət etmişdi. Həmin ilin iyununda Ukrayna parlamentinin qəbul etdiyi qanuna əsasən, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsini arzu edilməyib.

Rusiyanın bu hərbi qüvvəsi Bosniya və Hersoqovina, Kosov və Metoxiya, Anqola, Çad, Serra-Leon, Sudan, Suriyada fəaliyyət göstərir.

Bu baxımdan Rusiya sülhməramlılarının münaqişənin həlli ilə bağlı təcrübəli olduğunu demək olar. Rəsmi açıqlamaya əsasən, Rusiya Qarabağa 1 960 hərbçi, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texniki avadanlıq yerləşdirəcək. Rusiya hərbi kontingentinin silah arsenalında “Qrad” zenit-raket kompleksi, PUA və tanklar da var.

Bəyanata əsasən, Ağdamın işğal altında olan hissəsi, Kəlbəcər, Laçın rayonları Azərbayacan qaytarılacaq. Rusiya hərbçiləri Laçın dəhlizinə nəzarət edəcəklər.

Sənəddə bir sıra məsələlərin gedişat ərzində öz həllini tapacağı ehtimal olunur. Ermənilər noyabrın 15-də Kəlbəcəri təhvil verməli idi. Ancaq bu müddət noyabrın 25-dək uzadılıb. Sənədə əsasən, ermənilərin dekabrın 1-dək yuxarıda sadaladığımız bölgələrdən çıxması nəzərdə tutulub.

Qeyd edək ki, keçmiş sovetlər ittifaqının 366 motoatcı alay da ilk dəfə sülhməramlı kimi Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmişdi. SSRİ-nin süqutundan sonra bu hərbi birləşmə Rusiya silahlı qüvvələrinin nəzarəti altına keçdi. Həmin silahlı alay 1992-ci il fevralın 26-da Xocalı soyqırımının törədilməsində ermənilərə yardım edib.

Bütün bunlara baxmayaraq, son 26 ildə Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə çox isti münasibət yaranıb. Kremlə məxsus sülhməramlıların da Qarabağa yerləşdirilməsi bu münasibətin nəticəsi sayıla bilər. Başqa sözlə, belə ehtimal etmək olar ki, Azərbaycan Rusiya ilə bu əlaqələr və münasibətə əsasən, onun bölgəyə yerləşdirilməsinə razılıq verib. Ötən illərin təcrübəsinə əsasən, demək olar ki, Azərbaycanla bağlı obyektiv mövqe sərgiləməsi üçün Rusiyanın əlinə tarixi fürsət düşüb. Azərbaycan cəmiyyətinin etibarını qazanmaq üçün Moskvanın yaranmış şəraitdən istifadə edəcəyinə ümidlər var.

Mənbə
report.az
Hamısını Göstər

Related Articles

Back to top button