Rusiyapərəst proksilər İran və Suriya qoşunları ilə toqquşdu

Müəllif: İgor Pankratenko

Bu həftə Suriya ordusunun seçmə hissələri İrana meylli könüllülərlə birlikdə Dəraa əl-Bəlad anklavına hücuma keçdi. 10 il əvvəl Suriyada vətəndaş müharibəsinin başlanmasına səbəb olan üsyan da məhz buradan başlamışdı.

Dəraa əl-Bəlad anklavı uzun müddətdir bütün Əsəd klanı üçün qıcıqlandırıcı tikan sayılır. Dəraa əyalətinin bir hissəsi hələ 3 il əvvəl hökumət qoşunlarının nəzarətinə keçib, ancaq bu anklav fəth olunmamış qalaraq digər əyalətlər üçün nümunəyə çevrilib. O, strateqlərin və politoloqların xəritələrində Dəməşqə loyal rəngdə göstərilir, əslidə isə Əsəd rejiminə qətiyyən tabe deyil.

Həm anklavın, həm də bütün əyalətin sakinləri Dəməşqdə oturan klanı niyə sevməlidir ki? Atəşlər, havadan bomba zərbələri, əraziyə ərzaq və yanacağın çatdırılmasını blokadaya almaq cəhdləri – bütün bunlar heç vaxt dayandırılmayıb. Burada “Sülh və Suriyanın ərazi bütövlüyü uğrunda çalışan” Dəməşq rejimi ümumiyyətlə mövcud deyil – nə administrasiyası var, nə infrastrukturu, nə sosial, nə də humanitar sahədə hiss olunur.  Yalnız barışmazlıq və qeyri-loyallıqda daimi ittihamlar səslənir.

10 il ərzində burada özünəməxsus yaşam formalaşıb. Asan olmayan, ancaq spesifik yaşam. Nəsə daşıyırlar, alırlar, qaçaqmalçılıqla məşğul olurlar – bəxtlərindən İordaniya ilə sərhəd yaxındadır, Colan təpələrinə, İsraillə sərhədə qədər də məsafə 150 kilometrdir, avtomobildə qaçaqmalçı cığırları ilə 3 saatlıq yoldur.

Anklavın Əsəd hakimiyyətini qəbul etməməsinə Dəməşqdə yenə də dözərdilər. Əvvəl-axır, bütün Suriyada bu cür anklavlar az deyil – onlar xəritədə rejimə loyal rəngə boyanıb, əslində isə nəzarətdən kənardadırlar. Suriya ərazisinin az qala 25 faizinə amerikayönümlü kürdlər nəzarət edir, Dəməşq isə nəzarətin praktik olaraq tam bərpa olunduğunu söyləməkdədir.

Ancaq Dəraa əl-Bəlad anklavının misalında 3 faktor faciəvi rol oynayır: prezidentin qardaşı Mahir Əsədin acgözlüyü, İranın İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) ölkənin cənubu ilə bağlı planları, nəhayət Dəməşqlə iranlıların bu rayonlardan Moskvanı sıxışdırmaq səyləri.vi

Burada izah edək ki, məhz Rusiya tərəfi 2018-ci ildə anklav ətrafındakı vəziyyətin tənzimlənməsinin təşəbbüskarı olub.  Həmin vaxt İsraillə sərhəddə Moskvanın iştirakı ilə “sünni buferi”nin formalaşması planı reallaşdırılmağa başladı. Burada məqsəd dəfələrlə İsrailə qarşı “Suriya cəbhəsi” açacaqlarını vəd edən, hələliksə sünniləri öz torpaqlarından qovaraq əmlaklarını ələ keçirən İİKK-nin və Tehrana loyal çoxsaylı yerli və əcnəbi könüllü dəstələrin iştirakını minimuma endirmək idi.

Bu, Tehranda qıcıq yaratdı, Dəməşqdə isə qaçaqmalçılıq axınından gəlir götürən və qaçaqmalçılardan xərac alan Mahir Əsədi qəzəbləndirdi. Ancaq 2018-ci ildə Dəməşq və iranlılar narazılıqlarını nümayiş etdirmək və Rusiyaya qarşı aktiv müqavimət göstərmək gücündə deyildilər.  Deyinirdilər, başqa istiqamətlərdə əvəz çıxmağa çalışırdılar – ancaq elə də böyük miqyasda yox.

Nəhayət, bu ilin yayında Dəməşq vədənin yetişdiyi qərarına gəldi. Gərginliyin eskalasiyası, anklava qarşı ultimatumlar və Moskvaya qarşı “terrorçularla mübarizə”də passiv olması ilə bağlı ittihamlar başladı. Əmirliklərlə, səudiyyəlilərlə, amerikalılarla və fransızlarla gizli danışıqlar aparan Əsəd klanı özündə Moskvaya açıq şəkildə etiraz etmək gücünü hiss etdi.

İran kontingenti, proksiləri və məsləhətçiləri üçün isə prezident dəyişikliyinə baxmayaraq Suriyada hücum siyasətinə, İsrail və İordaniyaya  təhlükə yaratmağa, öz mövqelərini bu dövlətlərin sərhədlərinə doğru çəkməyə hazır olduqlarını nümayiş etdirmək olduqca vacibdir.

Xoşagəlməzliyi hiss edən Moskva bu günlərdə anklavın Dəməşqlə barışığının “yol xəritəsi”ni təklif etməklə münaqişəni nizamlamağa çalışdı. Həmin planda sağlam və qarşılıqlı faydalı bir çox təklif var – buraya qaçqınların geri dönməsi və Dəməşq tərəfindən səhiyyə, elektrik, su, ərzaq məhsulları ilə təchizat kimi sosial problemlərin həlli, sosial ödənişlərin təşkili daxildir.

Danışıqlar prosesinin təminatı üçün Dəraa əl-Bəlad anklavının yaxınlığına Rusiya hərbçilərinin özlərinin formalaşdırdığı 5-ci ordu korpusunun və Rusiyaya loyal olan 8-ci briqadanın hissələri göndərilib. Buraya həm də Rusiya hərbi polisinin bir neçə patrul dəstəsi cəlb olunub – burada məqsəd həm də Dəməşq və Tehrana əsl ev sahibin kim olduğunu nümayiş etdirməkdir.

Ancaq artıq gecdi. Mahir Əsədin 4-cü korpusu və İran proksiləri irəli düşdülər.  Rusiyaya loyal bölmələri atəşlə blokpostlardan və nəzarət-buraxılış məntəqələrindən uzaqlaşdıran suriyalılar və iranlılar havadan və yerdən anklava hücuma keçdilər.

Mahir Əsədin acgözlüyü və “İranın Suriya kontingenti”nin ambisiyaları yenidən sadə suriyalılar üçün qan və qaçqınlarla nəticələndi. Bütün Suriyada Dəraa əl-Bəlad kimi anklavların çoxluğunu nəzərə alsaq, bu müharibənin hələ uzun müddət davam edəcəyini söyləmək üçün heç də peyğəmbər olmaq lazım deyil.  Dəməşqdə isə sülh uğrunda mübarizəni hakim klanın üzvü olmayan sonuncu suriyalıya qədər davam etdirməyə hazırdırlar.

Hamısını Göstər

Related Articles

Back to top button
Close