Rusiyaya qarşı doqquzuncu sanksiya paketi gəlir – təhlükəli və…

Qərb dondurulan Rusiya aktivlərinin Ukraynaya verilməsi prosesini başlatdı

Ukraynada işğalçı müharibəni davam etdirən Rusiyaya qarşı sanksiyalar davam edir. Artıq Avropa İttifaqı Rusiyaya qarşı sayca doqquzuncu olan yeni sanksiya paketini müzakirə edir. Bu həftə keçiriləcək müzakirələrdə əsas diqqət tətbiq olunan sanksiyalardan yayınmanın qarşısını alacaq tədbirlərə yönəldiləcək.

Avropa İttifaqı yeni məhdudiyyətlər paketi çərçivəsində sanksiyalara məruz qalacaq şəxslərin siyahısını xeyli genişləndirə bilər. Avropa İttifaqının bundan əvvəlki sanksiya paketi oktyabrın 6-da qəbul edilib. Paketə Rusiyadan dəniz yolu ilə ixrac olunan neftə qiymət tavanının təyin olunması, bir sıra məhsulların ixrac və idxalının qadağan edilməsi və sair tədbirlər əksini tapıb. Rusiyaya müdafiə sənayesini, xüsusilə də raket istehsalı sektorunu inkişaf etdirməyə imkan verəcək məhsulların ixracı tam qadağan olunub.

“Politico” nəşrinin yaydığı məlumata görə, doqquzuncu paketdə sanksiya siyahısının Rusiya əsilli fiziki şəxslər hesabına ciddi şəkildə genişləndirilməsi nəzərdə tutulur. Bundan əlavə, Ukraynanın baş naziri Denis Şmıqal bəyan edib ki, paketə bütün Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması, həmçinin Rusiya vətəndaşlarının Avropa Birliyi ərazisinə girişinin qadağan olunması da daxil edilə bilər.

Rusiyanın bəzi bankları SWIFT sistemindən kənarlaşdırılıb - "İki sahil"

Qeyd edək ki, Baltik ölkələri və Polşa səkkizinci paketə çox sərt sanksiyaların salınmasını tələb edirdilər. Bura Rusiya ilə nüvə sənayesi sahəsində əməkdaşlığın tam dayandırılması, Rusiya almazlarının idxalının qadağan olunması, bu ölkədən sıxılmış neft qazlarının alışının bloklanması, Rusiya vətəndaşlarına Avropa Birliyi ərazisində daşınmaz əmlak satışının və bütün növ dronların Rusiyaya ixracının qadağan edilməsi daxil idi. Lakin Avropa İttifaqı ölkələrinin nüvə yanacağı və almaz idxalında Rusiyadan asılılığının yaxınmüddətli dövrdə aradan qaldırılması imkanının olmaması bu addımların qəbul olunmasına imkan vermədi.

Doqquzuncu paketdə əsas diqqət tətbiq olunan sanksiyalardan yayınma imkanlarının aradan qaldırılmasına yönəldilir. Bundan əlavə, Avropa İttifaqı Rusiyaya məxsus aktivlərin Ukraynanın müsadirə edilərək Ukraynanın bərpasına yönəldilməsi prosesinə start verib. Bu məqsədlə Avropa Birliyi Şurası noyabrın 28-də yekdilliklə sanksiyalardan yayınma və ona yardım etmənin Avropa İttifaqına qarşı törədilmiş cinayət əməli hesab olunmasına dair qərar qəbul edib. Qurumun saytında yerləşdirilən məlumata əsasən, bundan sonrakı addım Avropa Komissiyasının sanksiyalardan yayınma cinayətlərini və ona qarşı cəzaları dəqiq müəyyənləşdirən direktivləri hazırlaması, onların Avropa Birliyi Şurası və Avropa Parlamentində qəbulu olacaq. Bu addımlardan sonra Avropa İttifaqı tərəfindən dondurulan Rusiya dövlət vəsaitləri və sanksiya siyahısındakı fiziki şəxslərin aktivlərinin müsadirə edilərək Ukraynanın bərpası üçün yaradılacaq fonda köçürülməsi mümkün olacaq.

Avropa İttifaqı qanunvericiliyinə əsasən, hazırda terrorçuluq, insan ticarəti, qadın və uşaqların seksual məqsədlərlə istismarı, narkotik və silahların qanunsuz ticarəti, korrupsiya, ödəniş vasitələrinin saxtalaşdırılıması, kibercinayətlər və mütəşəkkil cinayətkarlıq Aİ-yə qarşı cinayət hesab olunur. Sanksiyalardan yayınma bu siyahıya əlavə edildikdən sonra dondurulan aktivlərin qanunsuz yollarla əldə olunduğu sübuta yetirildikdə onların müsadirəsi mümkün olacaq.

“Politico” Avropa Komissiyasının daxili sənədlərinə istinadən bildirir ki, Avropa İttifaqı tərəfindən Rusiya dövlətinə məxsus 68 milyard avro, sanksiya siyahısına daxil edilən fiziki və hüquqi şəxslərin isə 17 milyard avro aktivi dondurulub. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə noyabrın 30-da bəyan edib ki, Avropa İttifaqı Rusiya Mərkəzi Bankına məxsus 300 milyard avro, həmçinin bu ölkənin hakimiyyətinə bağlı fiziki şəxslərə məxsus 19 milyard avroluq aktivi dondurub: “Biz Rusiya Mərkəzi Bankının 300 milyard avro, Rusiya oliqarxlarının 19 milyard avro vəsaitini dondurmuşuq. Biz yaxınmüddətli perspektivdə öz tərəfdaşlarımızla birlikdə bu vəsaitləri idarə edən, investisiya kimi yatıran bir struktur formalaşdıra, əldə olunan gəlirləri isə Ukrayna üçün sərf edə bilərik. Daha sonra Avropa İttifaqı hüquq sistemi əsasında bu vəsaitlər müsadirə olunar və biz onları Ukraynanın itkilərini tam kompensasiya etməyə yönəldərik”. Onun sözlərinə görə, Avropa İttifaqı bu vəsaitlərin leqallaşdırılması üçün Rusiya üzərində beynəlxalq mühakimənin qurulmasını təklif edir, bu sahədə BMT-nin də dəstəyindən yararlanmaq niyyətindədir.

Politico: Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub - AZƏRTAC

Avropa İttifaqı hələlik  səkkizinci paketdə nəzərdə tutulan məsələ – Rusiya neftinə qiymət tavanı tətbiq olunması ilə bağlı tam razılığa gələ bilməyib. Buna qiymətin yuxarı həddi ilə bağlı üzv ölkələr arasında fikir ayrılığının olması imkan vermir. Belə ki, Polşa, Baltik ölkələri Rusiya nefti üçün yuxarı qiymət kimi 60 dollar qəbul edilməsini istəyirlər. Tanker donanması Rusiya neftinin daşınmasından böyük gəlir götürən Yunanıstan, həmçinin Rusiyanın dostu olan Macarıstan isə 65-70 dollarlıq tavanda təkid edirlər. Halbuki Rusiya nefti son 2 həftədə 52 dollara ticarət olunur.

Rusiya tərəfi tavan qərarına qoşulacaq ölkələrə neft satmayacağını bəyan edib. Son olaraq Rusiya baş nazirinin müavini Aleksandr Novak bu barədə danışıb: “Qərb ölkələrinin Rusiya neftinə qiymət həddini tətbiq etmək təşəbbüsü enerji resurslarının qıtlığı da daxil olmaqla, böyük risklər daşıyır. Son məhdudiyyətlər, qiymət həddinin qəbulu ilə bağlı qərarlar – bütün bu hərəkətlər sənayenin fəaliyyəti üçün böyük risklər yaradır, enerji resurslarının və sənayeyə investisiyaların çatışmazlığına təhrik edir”.

A.Novak Qərbin enerji təchizatına qarşı sanksiyalarının düşünülməmiş olduğunu vurğulayıb və Rusiyanın daha sərfəli olduğu halda da, qiymət həddi şərtləri ilə ölkələrə neft tədarük etməyəcəyini qeyd edib.

Bu arada Rusiyanın öz neftinə qiymət tavanının tətbiqinə qarşı neft bazarında ajiotaj və təklif qıtlığı yaratmaq planı iflas olmaqdadır. Belə ki, dünyanın ən böyük neft istehlakçısı olan Çində koronavirusun sürətlə yayılması, hakimiyyətin sərt karantinə getməsi, əhalinin buna qarşı kütləvi etirazları fonunda ölkə iqtisadiyyatında artım sürətinin zəiflədiyini isbat edən göstəricilər qeydə alınır. Noyabr ayında Çində iqtisadi aktivliyin əsas göstəricisi olan alış menecerləri indeksi (PMI) oktyabrdakı 49,2 bənddən 48 bəndə düşüb. 50 bənddən aşağı nəticə akitvliyin aşağı düşməsini göstərir. Çin Statistika İdarəsinin məlumatına əsasən xidmət sektorunda PMI oktyabrdakı 48,7 bənddən 46,7 bəndə düşüb. Nəzərə alsaq ki, bu indeks istehlakçıların yaxın perspektivdə alıcılıq qabiliyyətini əks etdirir, onda yaxınmüddətli dövrdə Çində tələbin daha da azalacağını söyləmək olar. Bu isə neftə tələbin də azalması deməkdir.

Digər tərəfdən, OPEK+ ölkələrinin dekabrın 4-də gözlənilən iclasında hasilatın azaldılmasına dair hər hansı qərarın alınması nəzərdə tutulmur. Əksinə, iri neft ixracatçılarından biri olan İraq 2023-cü ilin əvvəlindən gündəlik ixracatı 250 min barel artırmaq niyyətindədir. Ölkənin dövlət neft şirkəti olan “SOMO”nun bununla bağlı açıqlamasında bildirilir ki, bu artımdan sonra İraq gündə dünya bazarına 3,6 milyon barel neft çıxaracaq. Şirkətdən o da bildirilib ki, OPEK+ hər hansı formada İraqın hasilatı artırmasına mane ola bilməyəcək.

OPEK+ aprel üzrə neft hasilatını əvvəlki həcmdə saxladı » AzadSəs

Rusiya mətbuatı OPEK+ ölkələrinin dekabrın 4-də hasilatın gündəlik 500 min barel azaldılacağına dair qərar qəbul edəcəkləri ilə bağlı məlumat yaysa da, Səudiyyə Ərəbistanı və İraq bu məlumatı təkzib ediblər. Səudiyyə Ərəbistanı təmsilçisi dekabrın 4-də hasilat həcmlərinə dair hər hansı qərarın qəbul olunmayacağını bəyan edib. Ardınca isə məlum olub ki, OPEK+ monitorinq komitəsinin dekabrın 3-nə nəzərdə tutulan iclası da ləğv olunub. Hansı ki, hasilat həcmləri ilə bağlı təkliflər bu komitə tərəfindən irəli sürülürdü.

Rusiyanın qiymət tavanına əməl edən ölkələrə neft satmaması fonunda bazarda ciddi çətinliyin yaranmasına imkan verməyəcək daha bir hadisə Venesueladan neft ixracının bərpasıdır. Belə ki, ABŞ hökuməti “Chevron” neft şirkətinə Venesueladakı birgə müəssisələrin hasilatı və ixracı bərpa etməsinə icazə verib. Hasil olunan neft, istehsal edilən neft məhsulları ABŞ-a ixrac ediləcək. Bu isə daha çox ABŞ neftinin dünya bazarına çıxarılmasına imkan verəcək.

Beləliklə, Qərb Rusiyaya qarşı iqtisadi sanksiyaları, inzibati rıçaqları getdikcə sərtləşdirir. Eyni zamanda Avropa İttifaqının qəbul etdiyi yenə qərar – sanksiyalardan yayınma və ona yardımın cinayət əməli kimi tövsif edilməsi Rusiyanın paralel idxaldan istifadəsini ciddi şəkildə məhdudlaşdıracaq. Fevraldan bəri Rusiya 17 milyard dollarlıq malın paralel idxalına nail olub. Bu işdə ona yardım edənlər arasında Ermənistan öndə gedir. Avropa İttifaqı Statistika qurumunun məlumatına əsasən, 2022-ci ilin 9 ayında Ermənistan AB ərazisindən son 2 ildəkindən daha çox məişət texnikası idxal edib. Avropa İttifaqında bu texnikanın Rusiyaya göndərildiyindən şübhələnirlər.

Bir müddət əvvəl isə ABŞ Maliyyə Nazirliyi Rusiya şirkətinin Ermənistandakı törəməsi vasitəsilə Qərbin istehsalı olan mikroçip və digər texnoloji məhsulları əldə etməsi faktını aşkarlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button