“Şimali Azərbaycan” tarixçiləri üz-üzə qoydu

Millət vəkili Qüdrət Həsənquliyevin ölkənin adının dəyişdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Deputat milli məclisdəki çıxışında ölkənin adının dəyişdirilib, Şimali Azərbaycan Respublikası adlandırılmasını təklif edib.

O, hazırkı Azərbaycan Respublikasının Bütöv Azərbaycanın 20 faizini təşkil etdiyini bildirib. Lakin deputatın fikirləri birmənalı qarşılanmayıb.

Bu barədə Cebhe.info-ya danışan tarix üzrə fəlsəfə doktoru, dossent Kərəm Məmmədov ölkənin adının dəyişdirilməsinin tərəfdarı olduğunu bildirib: 

“Bu fikir bir neçə il öncə də səslənmişdi ki, Azərbaycan Respublikası yox, Şimali Azərbaycan Respublikası adlandırılsın. Bir çox xalqlar var ki, onlar bölünmüş şəkildədir, məsələn, Makedoniya, Albaniya və s. bu formadadır.

Onlarda Şimali Albaniya və ya Şərqi Albaniya ifadələri yoxdur. Amma Şimali və Cənubi Koreya var. Əvvəllər, 1973-1978-ci illərdə Vyetnam məsələsi vardı. Təbii ki, əgər Şimali Azərbaycan Respublikası adlansa, istər istəməz Cənubi Azərbaycan məsələsi gündəmə daha tez-tez çıxar.

Məhz coğrafi baxımdan isə əslində, bugünkü Azərbaycan Respublikası ərazisi tam şimali Azərbaycan deyil, şimal-şərqi Azərbaycandır. Hətta şimal-şərqi Azərbaycanın da bir hissəsidir. Çünki hazırda Dərbənd onun tərkibində deyil”.

Tarixçi-alim Faiq Ələkbər isə ölkənin adının dəyişdirilməsinin əleyhinə olduğuğunu qeyd edib:

“Birmənalı şəkildə Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinin əleyhinəyəm. Təxminən, 100 il bundan öncə bizim yeni yaranan dövlətə Azərbaycan adını verənlər bilirdilər ki, bunu nə üçün verirlər. Xüsusilə, bu dövlətin qurucusu və ilk dövlət başçısı mərhum Məhəmməd Əmin Rəsulzadə yeni yaradılan dövlətə Güney Azərbaycan və ya başqa bir ad deyə bilərdi. 

Rəsulzadə və onun silahdaşları məhz Azərbaycan Cümhuriyyəti və indiki adında Azərbaycan Respublikası adını münasib görüblərsə, deməli bunun çox böyük bir anlamı var idi”. 

Tarixçi hesab edir ki, ölkənin adının Azərbaycan olması onun bütün azərbaycanlıları əhatə etməsi deməkdir:

“O zaman da Azərbaycan adını verməkdə məqsəd o idi ki, bu ad təkcə o zaman yaranan cümhuriyyətin vətəndaşlarını deyil, gələcəkdə özünü azərbaycanlı sayan hər bir vətəndaşın, hər bir insanın dövlətinə çevrilsin.

Hesab edirlər ki, bu zaman Azərbaycanın güneyində yaşayan soydaşlarımızın hansısa anlamda özlərini ifadə etməkdə və ya gələcəkdə dövlət yaratmaqda çətinlik problemi ola bilər, bu, doğru deyil. Məsələn, İrlandiya və Şimali İrland var. Bu anlamda gələcəkdə Azərbaycanın güneyindəkilər yeni bir dövlət yaradacaqlarsa, o zaman Güney Azərbaycan və ya Azərbaycan adını daşımaqla bir ad verə bilərik. Bu anlamda Azərbaycan Respublikasının adının dəyişdirilməsini doğru görmürəm”. 

Hamısını Göstər

Related Articles

Back to top button