“Şuşa ili” yaddaşlarda necə qaldı?

365 günlük marafonda həm ölkəmizdə, həm regionda, həm də ümumilikdə dünyada diqqəti çəkən hadisələr baş verib. 

“Kaspi” qəzeti “Şuşa ili”nin yaddaşlarda qalan hadisələrini dərc edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzaladıqları bəyannamə məhz 2022-ci ildə – “Şuşa ili”ndə fevralın 1-də Milli Məclis tərəfindən ratifikasiya edilib. Analoji addım Türkiyə Böyük Millət Məclisi tərəfindən də atılıb.

Təbii ki, il ərzində Azərbaycan üçün əsas diqqət mərkəzində olan məsələ Ermənistanla aparılan danışıqlar olub. Amma təəssüf ki, Rusiya, Avropa İttifaqı və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində ciddi irəliləyiş əldə etmək mümkün olmayıb. Düzdür, mayın 24-də Azərbaycan və Ermənistan sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı komissiyanın ilk iclası keçirilib.

Erməni təxribatlarına layiqli cavab verilib

Amma erməni tərəfi yay aylarından başlayaraq sərhəddə təxribatlara cəhd göstərib və hər dəfə də layiqli cavabını alıb. Avqustun 3-də ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilərək Qırxqız yüksəkliyi, Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli yüksəkliklər nəzarətə götürülüb.

Sentyabrda Kəlbəcərlə sərhəd istiqamətində baş verən toqquşmalar da şiddətli olub. Ermənistanın təxribat-diversiya qruplarının törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun 77 hərbçisi şəhid olub. Ermənistan isə 250-dən çox ölən hərbçisinin adını açıqlayıb.

Bu toqquşmalardan sonra Azərbaycan Ermənistanla sərhəddə əksər əlverişli yüksəkliklərdə möhkəmlənməyi bacarıb. Oktyabrın 6-da Praqada Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmi imza ilə təsdiqləyib. Eyni mövqe az sonra oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdən sonra da ifadə edilib. Amma buna baxmayaraq, ilin sonuna kimi sülh müqaviləsini imzalamaq mümkün olmayıb.  

İli Laçın-Xankəndi yolundakı aksiya ilə yola salırıq

Fransa Prezidenti Emmanuel Makronun danışıqlar prosesində tərəfkeşlik etməklə Azərbaycana qarşı əsassız iddialar səsləndirməsinin nəticəsi olaraq Prezident İlham Əliyev dekabrın 7-də Brüsseldə planlaşdırılan görüşdən imtina edib.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Ağdərə ərazisində yerləşən qızıl və mis-molibden mədənlərinin qeyri-qanuni mənimsənilməsi ilə ekoloji terror həyata keçirilməsinə etiraz əlaməti olaraq dekabrın 12-dən başlayaraq azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində “Ekoloji terrora yox” adlı aksiyaya start veriblər. Aksiya hazırda davam etməkdədir. 

İşğaldan azad olunmuş ərazilərə qayıdış başlayıb

İyulun 19-da Zəngilanın Ağalı kəndinə ilk sakinlər köçürülüblər. Bu, işğaldan azad olunmuş ərazilərə qayıdışın başlanğıcı hesab edilir.  

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-cil 10 Noyabr Bəyanatına uyğun olaraq, 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti də bərpa edib.

Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa gələrək Zəngilan Beynəlxalq Hava Limanının və digər obyektlərin istifadəyə verilməsi mərasimində iştirak edib. 

İranın iç üzünün açıldığı il

2022-ci il Azərbaycan-İran münasibətlərində də yaddaqalan hadisələrlə tarixə düşür. Təəssüf ki, Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, İran iç üzünü açaraq Ermənistana qahmar çıxmağa başlayıb. Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyini bölüşməyən, birdən-birə Ermənistanın ərazi bütövlüyünün qoruyucusu rolunda çıxış etmək arzusuna düşüb. Hətta bir az da irəli gedərək Azərbaycanla sərhəddə Araz çayı boyu hərbi təlimlər keçirərək bizi təhdid etməkdən də çəkinməyib. Azərbaycan tərəfinin İranın bu addımlarına cavabı qətiyyətli olub. Rəsmi Bakı Azərbaycanla heç bir ölkənin təhdid dilində danışmasının cavabsız qalmayacağını nümayiş etdirib. İranın təlimlərinə cavab olaraq Azərbaycan sərhəddə əvvəlcə müstəqil şəkildə, sonra isə Türkiyə ilə birgə hərbi təlimlər keçirib. Tehrana aydın mesaj verilib ki, heç kimdən qorxmuruq və təhdidlər bizi yolumuzdan çəkindirə bilməz. 

Türkdilli ölkələrlə əlaqələr prioritet olub  

İl ərzində Azərbaycan türkdilli dövlətlərlə əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində də konkret addımlarla diqqət çəkib. Prezident İlham Əliyevin 21-22 iyun tarixlərində Səmərqəndə səfəri zamanı ölkələrimiz arasında “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bu görüşdə qəbul edilən qərarlar geosiyasətdə türk birliyi amilinin artıq real olduğunu ortaya qoymuş olub. İl ərzində Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistanla qarşılıqlı səfərlər də Azərbaycanın xarici siyasətində türk dünyası ilə əlaqələrin əsas prioritetlərdən olduğunu göstərib. İlin sonunda Türkmənbaşıda Türkiyə-Azərbaycan-Türkmənistan dövlət başçılarının üçtərəfli görüşü də bunun əyani sübutu kimi qiymətləndirilə bilər.     

Naxçıvanda ciddi dəyişikliklər ili 

İlin sonunda Naxçıvan Muxtar Respublikasındakı proseslər diqqət mərkəzinə düşüb. Muxtar respublikanın bir neçə vəzifəli şəxsinin korrupsiya ittihamı ilə həbsindən sonra Ali Məclisin sədri Vasif Talıbov istefa verib. Bundan sonra Prezident İlham Əlyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndə institutu yaradılıb və Fuad Nəcəfli xüsusi nümayəndə olaraq Naxçıvana təyin edilib.

Beləliklə, kifayət qədər rəngarəng və gərgin keçən daha bir ili yola salırıq. Qarşıda isə bizi yeni ümidlərlə boylandığımız 2023-cü il gözləyir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button