Təqaüdə göndərilən general-leytenant Oruc Zalov kimdir?

1979-cu ildən daxili işlər orqanlarında xidmətə başlayan, Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

70 yaşlı polis general-leytenantı Oruc Zalovun dosyesi hazırlanıb.

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu 1952-ci ildə Naxçıvan şəhərində anadan olub.

1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub. Prezidentin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilib. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 26 dekabr tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 8 dekabr 2022-ci il tarixli 3636 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir. Üç övladı var.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button