Türk hakerlər ABŞ və Kanadadakı hava limanlarının sistemlərini ələ keçirdi – “Azad Fələstin” mesajları yayımlandı

ABŞ və Kanadada yerləşən dörd beynəlxalq hava limanının səs sistemləri türk hakerlər tərəfindən ələ keçirilib.
Terminallarda “Azad Fələstin” mesajları səsləndirilib, elanlarda ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hədəfə alınıb.
Hadisənin məsuliyyətini “Turkish Cyber Islam” adlı haker qrupu öz üzərinə götürüb. Qrup açıqlamasında bu addımı Fələstinə dəstək məqsədli simvolik bir kiber etiraz adlandırıb.
İlk insident Harrisburg Beynəlxalq Hava Limanında qeydə alınıb. Daha sonra Kanadanın Kelowna, Windsor və Victoria hava limanlarında da oxşar hallar baş verib. Səsləndirilən filtrdən keçirilməmiş və təhqiramiz mesajlar sərnişinlər arasında çaşqınlıq yaradıb. Hava limanı rəhbərliyi səs sistemlərinə icazəsiz müdaxilə aşkarlandıqdan sonra avadanlıqları dərhal bağlayıb və sistemlər müvəqqəti deaktiv edilib.
Hadisə ilə bağlı polis istintaqı başladılıb.
Polise.az



