Türkiyəli politoloq: “Azərbaycan və Türkiyə Rusiya üçün Ermənistandan daha vacibdir”

Brüsseldə təşkil edilən NATO-nun növbəti Zirvə Toplantısından sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan gec də olsa Qarabağda ədalətin bərqərar olduğunu vurğuladı.

Daha sonra Türkiyə lideri Azərbaycana gəldi və Şuşa Bəyannaməsi imzalandı.

Türkiyəli politoloq, “Sütçü İmam” Universitetinin professoru Toğrul İsmayıl Caliber.Az ilə söhbətində son hadisələri qiymətləndirib.

Politoloq qeyd edib ki, bu bəyannamənin imzalanması Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə yeni bir mərhələdir. Sənədin Şuşada imzalanmasında simvolik məna var, çünki erməni revanşistlər təbliğatında məhz Şuşanı hədəf seçiblər.

“Xatırlatmaq istəyirəm ki, Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinə Türkiyə cavabdehdir. Öz növbəsində Şuşa Bəyannaməsinin də imzalanmasındakı rəmzi məna ondan ibarətdir ki, Şuşa üçün də bir növ Türkiyənin zəmanətindən danışmaq olar.

Bundan əlavə, bir dövlət başçısının ilk dəfə olaraq Azərbaycanın işğaldan azad etdiyi ərazilərinə səfər etməsini xüsusi qeyd etmək lazımdır. Bəli, o, dost və müttəfiqdir, amma fakt faktlığında qalır. Bunda bir simvolizm var. Türkiyə ciddi bir dövlətdir, NATO-nun üzvüdür. Deməli, Ermənistanın istənilən revanşist cəhdləri uğursuzluğa məhkumdur”.

Həmsöhbətimiz T.İsmayıl bu məsələdə yalnız hərbi komponentə diqqət yetirməyi düzgün hesab etmir.

O, Şuşa Bəyannaməsində sosial-iqtisadi, humanitar əməkdaşlıqdan, Zəngəzur dəhlizindən bəhs olunduğunu diqqətimizə çatdırdı.

Xüsusi olaraq qeyd etdi ki, bundan sonra diasporlarımız və bütün Türk dünyası daxilində mövcud olan əlaqələr daha da güclənəcək.

“Azərbaycan və Türkiyə liderləri Ermənistan da daxil olmaqla qonşularına barış əlini uzadıb bölgənin altı dövlətinə (Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran, Ermənistan) ortaq iş birliyi təklif etdilər”, – deyə politoloq əlavə etdi.

“Rusiyanın Türkiyə prezidentinin ziyarətinə və Şuşa Bəyannaməsinin imzalanmasına reaksiyası, müəyyən rusiyapərəst təbliğatçıların proqnozlaşdırdığı kimi mənfi deyildi. Bu gözlənilən idimi?” sualına münasibət bildirən həmsöhbətimiz söylədi ki, Rusiyanın bu reaksiyası gözlənilən idi:

“Azərbaycanın Rusiya ilə yaxşı əlaqələri var, heç Türkiyənin də Rusiya Federasiyası ilə münasibətləri pis deyil; Ankara və Moskva həmişə kritik vəziyyətlərdə ortaq dil tapa bilirlər. Zaman dəyişdiyi kimi, dövlətlərin də maraqları dəyişir.

Bu gün Azərbaycan və Türkiyə Rusiyaya, hər zaman ondan nə isə tələb edən, şıltaqlıq göstərən, öz problemlərini daima Moskvanın yaxud KTMT-nin üzərinə atan Ermənistandan, daha çox fayda verir. Eyni zamanda, Ermənistanda praktiki olaraq rus dilində təhsil yoxdur, Rusiyaya düşmən deyilir, Qərbə inteqrasiya müzakirə edilir”. 

Hamısını Göstər

Related Articles

Back to top button
Close