Ukraynanı satmağa çalışan “üçlük” – Fransa və Almaniya Ukraynanın qələbəsindən niyə qorxur?

Son günlər Qərbdə, xüsusilə də Avropada müharibənin dayandırılması üçün Ukraynanın Rusiyaya ərazi güzəştləri etməli olduğuna dair fikirlər səsləndirilməyə başlayıb.

Xəbər verildiyi kimi, bir neçə gün öncə İtaliya hökuməti “sülh planı” ilə çıxış edib. Həmin plana görə, tərəflər savaşı dayandırmalı və “mübahisəli ərazilər”lə bağlı danışıqlara başlamalıdırlar. Bu, açıq şəkildə Ukraynanın ərazi bütövlüyünün şübhə altına alınması, işğal olunmuş ərazilərin “mübahisəli ərazilər” kimi göstərilməsi, beləliklə də faktiki olaraq, Rusiyanın işğalçılıq müharibəsinin və tutduğu ərazilərin legitimləşdirilməsi cəhdidir. Qərbdə hesab edirlər ki, İtaliyanın irəli sürdüyü bu “plan” sadəcə, tək onun öz “ideyası” deyil.

Bununla bağlı açıqlama verən tanınmış politoloq və publisist Andrey Piontkovski deyib ki, İtaliyanın adı ilə əlaqələndirilən bu “biabırçı və Ukrayna üçün qəbuledilməz” plan əslində daha çox Fransa və Almaniyanın planıdır: “Bu, İtaliyanın planı deyil. Bu, Makron, Şolts və Draqinin birgə planıdır. Məqsəd budur ki, atəş dayandırılır, Rusiya Ukraynadan mümkün qədər böyük hissə qopararaq, orada möhkəmlənir, ardınca da bu planın 2-ci bəndində göstərilən qalmaqallı fikir gəlir: “Rusiya ilə Ukrayna arasında mübahisəli ərazilərlə bağlı ikitərəfli danışıqlar başlanır”. Yəni ki, bütün işğal olunmuş ərazilər “mübahisəli ərazilər” adlandırılır”.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın 30 il işğal altında qalan ərazilərinə də eyni münasibət göstərilirdi…

Piontkovski xatırladıb ki, artıq bugünlərdə Putin Ukraynanın Zaporojye və Xerson vilayətləri ərazisində yaşayanlara Rusiya vətəndaşlığının verilməsi qaydalarının asanlaşdırılması barədə fərman imzalayıb və qeyd edib ki, Qərbin buna reaksiyası adekvat deyil: “Onlar döyüş meydanında qazana bilmədiklərini diplomatik təzyiq və Qərbdəki agenturaları vasitəsilə əldə etmək istəyirlər”.

Politoloq əlavə edib ki, Rusiya həm döyüş meydanında aktivləşməklə, həm də özünün Qərbdəki təsir agentlərini fəallaşdırmaqla Ukraynanı güzəştə məcbur etməyə çalışır və bu işdə ona Fransa, Almaniya və İtaliyadan ibarət “üçlük” köməklik edir. Ən maraqlısı isə odur ki, xüsusilə Fransa ilə Almaniyanın bu işdəki “canfəşanlığı” sadəcə, onların Rusiyanın maraqlarından çıxış etməsilə bağlı deyil: “Fransa və Almaniya Ukraynanın qələbəsindən qorxur. Çünki Ukraynanın qələbəsi beynəlxalq situasiyanı, Avropanın təhlükəsizlik strukturunu dəyişir. Hər bir dünya müharibəsindən sonra dünyanın yeni təhlükəsizlik strukturunu qalib dövlətlər müəyyən edir. Bu müharibədən sonra üç belə dövlət ola bilər – ABŞ, İngiltərə və Ukrayna. Fransa və Almaniya isə Avropada və dünyada indiyə qədər oynadığı müstəsna rolu artıq oynaya bilməyəcək. Odur ki, onlar indi Putindən daha çox özləri üçün çalışırlar”.

Xatırladaq ki, daha öncə də Piontkovski Fransanın Ukrayna siyasətini kəskin tənqid etmişdi: “Bu, Fransa üçün xarakterik durumdur. “Rusları aşağılamayın” deyən və bizə işğalçılarla necə rəftar etməyi öyrədən o ölkənin prezidentidir ki, orada İkinci Dünya Müharibəsi dövründəki alman işğalı zamanı 4 il ərzində (bütün Fransa ərazisində) alman əsgərləri üçün “bardellər” fəaliyyət göstərirdi. Yəqin o, istəyir ki, Ukraynada da rus əsgərləri üçün “bardel” açılsın… Fransanın – “fahişə dövlətin”, Makronun bəyanatlarından sonra onu bu cür adlandırmaqdan çəkinmirəm, – ümumi hərəkət tendensiyası bax, budur…”

Onu da qeyd edək ki, Fransa və Almaniyadan fərqli olaraq, ABŞ və Böyük Britaniya prinsipial mövqe sərgiləməkdə davam edirlər. Ötən gün Britaniyanın XİN rəhbəri növbəti dəfə Ukraynanı qeyd-şərtsiz dəstəklədiklərini və Rusiyanın birmənalı olaraq, məğlub edilməli olduğunu deyib: “Rusiyaya güc yolu ilə cavab verilməlidir. Biz Ukraynanın qələbəsini təmin etmək üçün hərbi dəstək və sanksiyalarla bağlı israrlı olmalıyıq. Artıq ayağımızı qaz pedalından götürə bilmərik”.

Məlum olduğu kimi, ABŞ-ın sabiq Dövlət katibi Henri Kissincer də son Davos Forumunda Ukraynanı sülh naminə öz ərazilərini Rusiyaya güzəştə getməyə çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski isə Kissencerin bu “təklifinə” sərt cavab verərək, deyib: “Belə təəssürat yaranır ki, Kissencerin təqvimində 2022-ci yox, 1938-ci ildir və o, elə düşünür ki, Davos yox, o vaxtkı Münhen auditoriyası qarşısındadır”. Bununla da İkinci Dünya Müharibəsindən öncə Hitler Almaniyasına edilən güzəştləri və bunun acı sonluğunu xatırladan Zelenski Ukraynanın heç bir ərazi güzəştinə getməyəcəyini deyib.

Qərbdəki bəzi dövlətlərin və siyasətçilərin Ukraynaya ərazi itkisilə barışmaq təkliflərinə ən sərt reaksiyanı isə ötən gün canlı yayımda Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç verib. O, deyib ki, “heç də hamı Rusiyanın məğlub olduğu dünya”ya hazır deyil. Arestoviç Ukraynaya bu cür aşağılayıcı təklif irəli sürənlər barədə isə canlı yayımda deyib: “Mən indi söyüş dilinə keçəcəm. Bu gün baş verənləri gördüyüm üçün çox qəzəbliyəm (Ardınca söyüş söyür və məlum dövlətləri, siyasətçiləri məşhur “rus gəmisi”nin ardınca göndərir). Başınız xarab olub? Bizdə qan tökülür, uşaqlar həlak olur. Əsgərlərimiz mərmilərin qarşısını öz sinələrilə alır. Siz də deyirsiniz, ərazilərinizi verin. Alın!… Heç vaxt belə bir şey olmayacaq!” 

Hamısını Göstər

Related Articles

Back to top button