Vasif Talıbovdan sonra Naxçıvan: Nazirliklər ləğv olunacaq, məmurlar… 

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsindən sonra gündəm nisbətən səngisə də, proseslər hələ də davam edir. 

Söhbət Naxçıvandakı qurumların ləğv edilərək mərkəzi hakimiyyətə tabe etdirilməsindən gedir. Əslində proseslər də elə belə başlamalıdır. Belə ki, ilk olaraq Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradıldı. Eyni zamanda, hər iki qurumda külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlandı və ləğv olunan qurumlara rəhbərlik edən şəxslər- Naxçıvan Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev istintaqa cəlb olundu. Hazırda da onlarla bağlı istintaq prosesi davam edir. 

Bundan başqa Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov ilə bağlı məlumat yayıldı. Rəsmi məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaiti mənimsəyib. 

Proseslərin gedişatında Vasif Talıbov Naxçıvan Ali Məclisinin 21 dekabrda keçirilən qapalı iclasında vəzifəsindən istefa verdi. Amma proses bununla bitmədi. Məlumatlara görə, Naxçıvanda islahatlar və qurumlarda yoxlamalar davam etdirilir. Belə ki, yaxın günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin də ləğv olunacağı gözlənilir. İddialara görə, artıq bununla bağlı müvafiq tapşırıqlar verilib və Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq. Naxçıvanda güc strukturları ilə yanaşı, digər qurumlarla bağlı da oxşar addımlar gözləniləndir. 

Belə ki, qısa zaman ərzində Naxçıvanda Ədliyyə, Səhiyyə, İqtisadiyyat, Maliyyə nazirlikləri də ləğv olunaraq mərkəzi tabe baş idarələr yaradılacaq. Əslində bu, gözlənilən prosesdir və atılan bütün addımlar bunu deməyə əsas verir. 

Ardıcıl olaraq Naxçıvanda Ekologiya və Təbii Sərvətlər, Fövqalədə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Kənd Təsərrüfatı, Mədəniyyət, Rabitə və Yeni Texnologiyalar və Təhsil nazirliklərini də eyni qaydada mərkəzi icra orqanlarına tabe etdiriləcək. Naxçıvanın digər komitə və xidmətləri ilə bağlı da eyni qərarlar veriləcək. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti də ləğv olunacaq. Yuxarıda qeyd olunan qurumların ləğvindən sonra faktiki olaraq Naxçıvanda ayrıca bir Nazirlər Kabinetinin fəaliyyətinə ehtiyac qalmır. Naxçıvan da Azərbaycanın diger regionları kimi mərkəzi icra orqanları tərəfindən idarə olunacaq. 

Qeyd edək ki, Naxçıvanın Baş naziri hazırda Səbuhi Məmmədovdur. Bütün bunlarla yanaşı, Naxçıvanda gedən hazırkı proseslərin həbslərlə müşahidə olunacağı da gözlənilir. 

Yayılan məlumatlara görə, Vasif Talıbov dövründə Naxçıvanda fəaliyyət göstərən qurumların əksəriyyətində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi  baş verib. Bu da yaxın günlərdə Naxçıvanda yüksək post tutmuş məmurların bəzilərini həbs olunacağı ilə bağlı iddiaları gücləndirir.

Xatırladaq ki, Vasif Talıbovun istefasından sonra Prezident İlham Əliyev özünün Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsinin təyin edilməsinə dair sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. 

Hamısını Göstər

Related Articles

Back to top button