XİN rəsmisi: “Nəzarət məntəqəsində Türkiyə də olacaq”
“Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifəsindən getsə də, əldə edilmiş razılaşma dəyişdirilə bilməz. Razılaşmaya görə, Ermənistan ordusu əraziləri 20 gün ərzində tərk edəcək. Türkiyə və Rusiya bölgədə sülhməramlı missiyanı həyata keçirəcək”.
Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Demirören Haber Ajansı”na (DHA) açıqlamasında deyib.
L.Abdullayeva Azərbaycan və Ermənistanın imzaladığı bəyanatın beşinci bəndinə istinad edərək qeyd edib ki, razılaşmaların icrasına nəzarət üçün mərkəz yaradılacaq:
“Razılaşmada hər hansı ölkənin adı keçmir. Bu məqam ağıllarda sual işarəsi yarada bilər, ancaq bölgədə nəzarət və yoxlama mərkəzində Rusiya ilə bərabər Türkiyə də olacaq”.
L.Abdullayeva daim Azərbaycanın yanında olan Türkiyəyə minnətdarlığını ifadə edib.