Xüsusi karantin rejimi niyə zərurətə çevrildi? – Son günlərin təhlükəli tendensiyası haqqında
Azərbaycan iki həftəlik karantin rejiminə daxil olub. Nazirlər Kabineti iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi haqda qərar qəbul edib.
Bu qərarın elan olunduğu günlərdə Azərbaycanda mənfi rekord qeydə alındı – koronavirusa gündəlik yoluxma sayı 400 nəfəri keçdi. Bu, əslində sərt karantin rejimini əsaslandıran ilkin göstərici idi. Ümumiyyətlə, karantin rejiminin mövcud olduğu aprel-may aylarında virusa yoluxma müəyyən qədər nəzarət altında olsa da, mayın 27-də karantin rejiminin yumşaldılmasından sonra yeni yoluxma hallarında sürətli artım müşahidə olundu.
Məsələn, mayın 19-da 131 yeni yoluxma və 143 sağalma göstəricisi müqabilində, iyunun 3-də koronavirusa yoluxma halları ilk dəfə olaraq 300 nəfəri keçdi, 101 nəfər isə sağalaraq evə buraxıldı. Ötən 14 gün ərzində həyata keçirilən tədbirlər, o cümlədən həftəsonu məhdudiyyətlər artım dinamikasını nəzarətdə saxlamağa imkan vermədi.
Buna görə də iyunun əvvəlində həftəsonu məhdudiyyətlərin tətbiq olunması gündəmə gəldi. Və iki dəfə həftəsonu qadağası tətbiq olunub. Lakin, nəticələr göstərdi ki, həftəsonu qadağaları effektiv olmadı. Daha doğrusu gözlənilən nəticəni vermədi, əksinə artım tendensiyası davam etdi və xəstə sayı artmağa başladı.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva da bildirdi ki, qapanma tətbiq edilən son iki gün ərzində qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayıb:
“Sərt karantin rejiminin tətbiqində məqsədimiz sosial aktivliyi azaltmaq idi. Lakin təəssüf ki, nəticələr istədiyimiz kimi olmadı”.
Bunu son 12 günün statistikası da göstərir:
10 iyun. 339 yeni yoluxma, 4 ölüm, 114 sağalma.11 iyun. 352 yeni yoluxma, 6 ölüm, 210 sağalma.12 iyun. 336 yeni yoluxma, 5 ölüm, 183 sağalma.13 iyun. 352 yeni yoluxma, 2 ölüm, 196 sağalma.14 iyun. 387 yeni yoluxma, 4 ölüm, 274 sağalma.15 iyun. 367 yeni yoluxma, 3 ölüm, 156 sağalma.16 iyun. 338 yeni yoluxma, 4 ölüm, 209 sağalma.17 iyun. 329 yeni yoluxma, 7 ölüm, 127 sağalma.18 iyun. 338 yeni yoluxma, 6 ölüm, 117 sağalma.19 iyun. 438 yeni yoluxma, 4 ölüm, 133 sağalma.20 iyun. 471 yeni yoluxma, 5 ölüm, 191 sağalma.21 iyun. 491 yeni yoluxma, 6 ölüm, 283 sağalma.
Göründüyü kimi, artım tempi davam edir və vəziyyət getdikcə daha da pis vəziyyət alır. Hazırda qeydə alınan gündəlik yoluxma sayının 400-dən çox olması onu göstərir ki, karantin rejimi davam etməli, yoluxma sayında azalmaya nail olmaq vacibdir. Çünki əks təqdirdə sürətli yoluxma xəstələrin sayının artmasına və nəticə etibarı ilə səhiyyə sistemində ciddi sıxıntıya səbəb ola bilər.
Buna görə də hökumət yeni yoluxmaların qarşısını almaq üçün yeganə sınaqdan çıxmış vasitə olan karantin və məhdudiyyətlərin yenidən tətbiqinə qərar verib. Bu, məcburi bir qərardır. Çünki son bir ayda karantin rejiminin ləğv olunması sonrası baş verənlər göstərdi ki, vətəndaşların böyük hissəsi fərdi olaraq xəstəlikdən qorunma vasitələrinə, yəni maska, sosial məsafə kimi qaydalara laqeyd yanaşır. O cümlədən özəl şirkətlər, bir çox dövlət qurumlarında sosial məsafə və təcrid qaydalarına ciddi əməl olunmadı, nəqliyyatda gündəlik sıxlıq, banklarda, mağaza və digər ictimai yerlərdə yoluxmanı sürətləndirən izdihamın müşahidə olunması özünü son 10 gündəki yoluxmalarla açıq göstərdi.
Başqa sözlə, vəziyyətin bu şəkildə davam etməsi faciəvi nəticələr doğuracağı üçün hökumət yenidən məcburi karantin rejiminə qayıtmalı oldu. Çünki bu günlərdə yoluxma sayının 400-ü keçməsi onu göstərir ki, ümumi yoluxmaların yarıya qədəri məhz son iki həftədə baş verib. Nəzərə almaq lazımdır ki, hazırda aktiv xəstə sayı beş min nəfərdən çoxdur və bu rəqəm gündəlik 150-200 nəfərə (sağalanlarla müqayisədə) yaxın artır. Üstəlik dünyanın əksər ölkələrində, o cümlədən koronavirusa qarşı “qələbəsini” çoxdan elan etmiş Çin, Cənubi Koreya, Yeni Zelandiyada “ikinci dalğa”, yaxud xəstəliyin yenidən görünməsi risk və təhlükəni daha da artırır.
Dünya tibbi isə hələlik bu xəstəliyin yayılmamasına qarşı karantin və təcriddən başqa effektli mübarizə vasitəsi tapa bilməyib. Koronavirusun ortaya çıxdığı Çin, o cümlədən Çinin ardınca ən çox yoluxmanın qeydə alındığı Cənubi Koreya yalnız sərt təcrid və karantin rejimi sayəsində xəstəliyin yayılmasına mane oldu. 1,4 milyardlıq Çində 100 mindən az yoluxma oldu, 51 milyon əhalisi olan Cənubi Koreyada isə 12 min nəfər koronavirusa yoluxdu. Halbuki bunlar virusla qarşılaşan ilk ölkələr idi. Ancaq sərt və intizamlı karantin rejimi nəticəsində Koreya yoluxmanı nəzarət altında saxlaya bildi.
İndi isə Azərbaycan tibbi 14 günlük növbəti karantin təklifi edir. Artıq rəsmi qərar qəbul olunub. Ümid edək ki, bu dəfə iki həftəlik sərt karantin öz nəticəsini verər və xəstəliyin yayılması tempi düşər, virus nəzarət altına alınar. Araşdırmalar onu deməyə əsas verir ki, yaxın dövrdə dünyanın bu xəstəlikdən tamamilə qurtulması mümkün deyil. Xəstəlik hələ uzun zaman davam edəcək, bir çox insanlar yoluxacaq. Artıq doqquz milyondan çox insan bu xəstəliyə yoluxub və hər gün orta hesabla 30 minə yaxın yeni yoluxmanın olması onu deməyə əsas verir ki, tezliklə koronavirusun aşkarlandığı insanların sayı 10 milyonu ötəcək. Və bu proses uzun zaman davam edə bilər. Buna görə də xəstəliyə qarşı effektiv müalicə forması və peyvəndin tapılıb vurulmasına qədər dünya ölkələri qarşısında dayanan əsas vəzifə məhdudlaşdırıcı tədbirlər vasitəsi ilə xəstəliyin sürətli yayılmasının qarşısını almaq və xüsusən də risk qrupunda olanları yoluxmadan qorumaqdır. Bu isə yuxarıda da qeyd olunduğu kimi, yalnız karantin və təcrid tədbirləri ilə mümkündür.
Əlbəttə, hökumətin rəsmi qərarları, sərt rejimlər yalnız müəyyən həddə qədər effektiv ola bilər. Ən ciddi effekt isə vətəndaşların özlərinin məsuliyyətli davranmaları, gigiyena, özünüqoruma, maska, sosial məsafə kimi təcrid qaydalarına əməl etməsidir. Təhlükə əslində sovuşmayıb, sadəcə pandemiya dövrünün uzanması insanlarda laqeydlik və arxayınlığa səbəb olur. Bu isə ən təhlükəli tendensiyadır. Çünki ən gözlənilməz zərbələr arxayınlıq zamanı endirilir. (oxu.az)