Yaxın Şərqdə “mələk”, Qafqazda “şeytan” – Makronun riyakarlığı
İsrail və “Hizbullah” arasında razılaşmaya görə ABŞ prezidenti Co Bayden Fransa prezidenti Emmanuel Makrona təşəkkür edib. Yaxın Şərqdə özünü sülhpərvər kimi göstərən rəsmi Parisin və Makronun bu addımını səmimi hesab edib, hətta alqışlamaq da olardı.
Amma necə ola bilər ki, Fransa bir tərəfdən özünün “sülh missiyasını” göstərib atəşkəsə nail olur, amma Cənubi Qafqazda Ermənistan adlı dövləti silahlandıraraq Azərbaycana qarşı müharibəyə təhrik edir… Fransa ilə Ermənistan arasında silah alqı-satqısı barədə müqavilənin imzalanması da bir daha təsdiq edir ki, Paris “sülhməramlı missiya” adı altında regionda qanlı müharibə ssenariləri planlaşdırır. Bəlli olduğu kimi, Fransa 44 günlük Qarabağ müharibəsində və sonrakı müddətdə Ermənistanı silahlandıraraq bölgədə qarşıdurmanı gücləndirir. Fransa iki ölkə arasında gərginliyi qoruyub-saxlamaq siyasəti yürüdür, Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarını pozmaq istiqamətində addımlar atmaqdadır. Avropa İttifaqının sərt məhdudiyyət qaydalarına baxmayaraq, Makron hökuməti birtərəfli qaydada Ermənistanı silahlandırmaq kimi çirkin planını həyata keçirməyə çalışır.
Faktlar açıq-aydın göstərir ki, Fransa Cənubi Qafqazda sülh prosesinə kobud şəkildə müdaxilə edir. Digər tərəfdən, həm də Paris beynəlxalq ictimaiyyəti aldatmağa yönəlik addımlar atır, Azərbaycanı aqressiv ritorikada təqsirləndirməyə çalışır. Təbii ki, bu, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımlara ziddir. Eyni zamanda iki ölkə arasında sərhədlərin delimitasiya prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil. Fransa həm də üçüncü ölkələr vasitəsilə Ermənistanı silahlandırmaqda davam edir. Paris Hindistanın ardınca Yunanıstanı da bu prosesə cəlb edib. Fransa Cənubi Qafqazda mövcud reallıqları qəbul etməyə tələsmir. Hər vəchlə sülh prosesinə mane olmağa çalışır, revanşizmə dəstək nümayiş etdirir. Elə Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı müşahidə missiyası da bura daxildir. Məhz Yelisey sarayının təzyiqi ilə belə bir missiyanın Ermənistanda fəaliyyətə başladığı sirr deyil. Bu bir daha Makronun “sülh riyakarlığı”nı göstərir. Necə ola bilər ki, Yaxın Şərqdə “mələk” cildinə girən Makron Qafqazda müharibə “şeytanlığı”edir?
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makronun siyasəti nəinki ölkə daxilində, həm də beynəlxalq aləmdə ciddi narazılıqlara səbəb olur. “Elabe” şirkətinin BFMTV telekanalı üçün keçirdiyi son rəy sorğusuna görə, fransızların 63%-i Makronun prezidentlik vəzifəsindən istefa verməsini dəstəkləyir. Makronun beynəlxalq siyasəti də vəziyyəti ağırlaşdırır. O, Fransa-Azərbaycan münasibətlərini ciddi şəkildə korlayıb, Türkiyə və İslam dünyası ilə əlaqələri isə sarsıdıb. Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşlarla münasibətlərin pisləşməsi Makronun geosiyasi səhvlərinin bariz nümunəsidir. Azərbaycanlıların Makronun uğursuz siyasətinə dair fikirləri ilə fransızların əksəriyyətinin mövqeyi üst-üstə düşür: Makron prezidentliyə layiq deyil.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a qeyd etdi ki, İsrail-Livan anlaşmasında siyasi maraqlar var və Fransa Yaxın Şərqdə heç də sülhpərvər niyyətindən atəşkəsə nail olmayıb. Siyasi şərhçi bildirdi ki, Livan uzun müddət Fransanın təsir dairəsində olub və indi də Parisin Beyrutda iqtisadi maraqları mövcuddur: “Əgər Makron administrasiyası sülhpərvər olsaydı, həmsədr ölkə kimi bunu Ermənistan-Azərbaycan arasındakı münaqişə ilə bağlı edə bilərdi. Halbuki Livan-İsrail müharibəsində atəşkəsə müvəffəq olmaq Fransanın borcu deyildi, amma bizim keçmiş münaqişədə Paris Minsk Qrupunun həmsədrlərindən biri kimi mükəlləf olmuşdu. Ancaq Fransa nəinki münaqişənin həllində iştirak etdi, Ermənistanın sərvətlərimizi talan etməsinə qoşuldu, buna dair sübutlar da var. Üstəlik, Azərbaycana təzyiq göstərilirdi ki, torpaqlarımızdan imtina edək. Faktiki olaraq, Fransa bu münaqişənin dondurulmasına xidmət edirdi”.
X.Bəşirov vurğuladı ki, Parisin sülhpərvərliyindən danışmaq ən yumşaq formada desək, sadəlövhlük olardı: “Fransa harada varsa, orada insan hüquqları pozulur, müstəmləkəçilik, sərvətlərin talanması, ölümlər, qarşıdurmalar var. O baxımdan, İsrail-Livan anlaşmasında Fransanın rolu bu ölkəyə təsirindən irəli gəlir. Bir tərəfdən də ABŞ özü atəşkəsə nail olduğunu bildirir. Düşünürəm ki, bu prosesin arxasında iqtisadi maraqlar xüsusi vurğulanmalıdır. Fransa Livandakı karbohidrogen ehtiyatları qorumaq üçün bu addımı atdı. Yəni nə zaman öz maraqlarına toxunan hadisə olursa, o halda müdaxilə edirlər”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə iki məsələ arasında fərq olduğunu açıqladı. Onun sözlərinə görə, 1918-ci ilin payızında ingilis-fransız qüvvələri Livanı işğal ediblər: “1920-ci ildən Livan Fransanın mandatı altında olmuşdu. 1926-cı ildə Fransanın ali komissarı Livanı respublika elan etmiş, Livan Konstitusiyasını bəyan etmişdi. Lakin Fransa Livanın xarici əlaqələr və müdafiəsi üzərində nəzarət hüququnu özündə saxlamışdı. 1943-cü ildə isə ölkənin suverenliyini məhdudlaşdıran konstitusiyanın bəzi maddələrinə dəyişikliklər edildikdən sonra Livan müstəqil elan edilmişdi. Qısaca desək, bu gün Livan adlanan dövlətin əsasını Fransa qoyub”.
E.Mehdiyev hesab edir ki, bu səbəblər Makronun atəşkəsdə rolunun olmasına gətirib çıxarıb: “Amma Ermənistan Fransa üçün hazırda alət rolunu oynamaqdadır. Paris onun vasitəsilə regionda qalmağa çalışır. Elə Ermənistanı da Livan kimi Parisin təsir dairəsi adlandırmaq mümkündür. Fransa Cənubi Qafqazda qızışdırıcı, provokativ hərəkətləri ilə həm Azərbaycanı eskalasiyaya təhrik etmək, həm də Rusiyanın bölgədəki imkanlarını məhdudlaşdırmağa can atır. Biz Fransa ilə münasibətlərdə Makrondan sonrakı dönəmə hazırlaşmalıq. Bu administrasiya açıq düşmənçilik xətti tutub”. /Musavat/
Polise.az