Yeniliklər Naxçıvanda idarəçiliyi daha da təkmilləşdirəcək

Muxtar Respublikada aparılan kadr və struktur dəyişikliklərinin əsas hədəfləri insanların qayğısına qalınması, korrupsiya və rüşvətxorluqla mübarizə, şəffaflığın təmin edilməsi, mərkəzi icra orqanları ilə sıx təmasın qurulmasıdır. Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi Naxçıvanda idarəçiliyin daha çevik olmasını da şərtləndirəcək. 

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanda idarəetmə sistemində yeni yanaşmalar və dəyişikliklər müşahidə edilir. Vətən müharibəsindən sonra Qarabağ, Zəngəzur iqtisadi rayonları və Şuşa rayonu ilə bağlı xüsusi nümayəndəlik institutu yaradıldı. Müasir dünyanın çağırışları fonunda idarəetmə sistemində aparılan islahatlar Naxçıvan Muxtar Respublikasından da yan keçmədi. Naxçıvanda hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyatlar korrupsiya faktı ilə yanaşı idarəetmədə də ciddi problemlər olduğunu ortaya qoydu. Ardınca isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verdi. Prezident İlham Əliyev tərəfindən isə Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradıldı və Fuad Nəcəfli xüsusi nümayəndə təyin edildi. Elə həmin gün F.Nəcəflini qəbul edən dövlət başçısı ona tapşırıqlarını verdi, hansı məsələlərə diqqət etməli olduğunu çatdırdı. Qeyd etdi ki, Fuad Nəcəfli insanların qayğısına qalmalı, korrupsiya və rüşvətxorluqla mübarizə aparmalı, şəffaflığı təmin etməli, düzgün kadr siyasəti həyata keçirməli, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyət göstərməlidir. 

“Yeniliklər Naxçıvanda idarəçiliyin daha çevik olmasını şərtləndirəcək”

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirdi ki, ölkə Prezidentinin səlahiyyətli nümayəndə təyin etməsi hər şeydən öncə Naxçıvanda idarəçiliyin daha çevik olmasını şərtləndirəcək: “Prezidentin xüsusi nümayəndəliyi institutu ilk olaraq işğaldan azad olunmuş ərazilərimizdə tətbiq olunmağa başladı. Qısa zaman keçməsinə baxmayaraq, bu institutun effektiv olduğu görünməkdədir. Fikrimcə, ölkə Prezidentinin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndənin fəaliyyətinə birbaşa özü tərəfindən nəzarətin həyata keçirilməsi vacib məqamdır. Prezident yeni təyin olunmuş nümayəndəni qəbul edərkən ona bir sıra tapşırıqlar da verdi. Dövlət başçısı vurğuladı ki, Naxçıvan hər il dövlət büdcəsindən iri həcmdə dotasiya alır. Təbii ki, bu vəsait prioritet istiqamətlərin dəstəklənməsi, əhalinin rifahının yüksəldilməsi naminə sərf olunmalıdır”. 

“Ciddi keyfiyyət dəyişikliyinin edilməsinə ehtiyac var”

E.Mirbəşiroğlu qeyd etdi ki, son vaxtlar dünyada, o cümlədən də Azərbaycanda ciddi dəyişikliklər getməkdədir: “Bu da təbii ki, idarəetmə sisteminə yeni elementlərin gətirilməsini tələb edir. Bu elementlər müasir dövrün çağırışları, xüsusilə də ölkəmizin yeni inkişaf prioritetləri ilə uzlaşmalıdır. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra Azərbaycan bütün mənalarda fərqli obraz qazanıb. Bu baxımdan yerli icra hakimiyyəti sistemində də ciddi keyfiyyət dəyişikliyinin edilməsinə ehtiyac var. Düşünürəm ki, ölkə başçısının verdiyi qərar Naxçıvanda yerli idarəetmə sisteminin daha təkmil, çevik olması baxımından çox əhəmiyyətli olacaq”. 

“İnsanların rifahına 3-cü, 4-cü dərəcəli məsələ kimi baxılıb”

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi ki, Fuad Nəcəflini qəbul edərkən prezidentin verdiyi tapşırıqlar həm ötən dövrə verilən prinsipial qiymət, həm də atılmalı addımlar üçün “yol xəritəsi” hesab edilməlidir: “Prezidentin tapşırığı ondan ibarət oldu ki, səlahiyyətli nümayəndə insanların qayğısına qalmalı, korrupsiya və rüşvətxorluqla mübarizə aparmalı, şəffaflığı, düzgün kadr siyasətini həyata keçirməli, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyət göstərməlidir. Həqiqətən də bu illər ərzində Naxçıvanda çatışmayan, problemlərin kökündə dayanan məqamlar məhz bu amillər olub. Təəssüf ki, insanların rifah halının yaxşılaşdırılmasına son 27 ildə Naxçıvanda 3-cü, 4-cü dərəcəli məsələ kimi baxılıb. Muxtar Respublikanın yalnız 3 mərkəzi icra orqanında aparılan ilkin yoxlamalar yarım milyard manata yaxın korrupsiya faktını üzə çıxardı. Bu, Naxçıvanda korrupsiyanın sistemli hal alması demək idi. Təsadüfi deyil ki, indiyədək dövlət orqanlarının çoxunun fəaliyyəti barədə açıq mənbədə olmalı informasiyalar qapalı tutulub, heç bir formada ictimai nəzarət mexanizminə imkan verilməyib”. 

“Bu, nəzarətsizlik, cəzasızlıq mühiti formalaşdırıb”

B.Məhərrəmovun sözlərinə görə, dövlət başçısının səlahiyyətli nümayəndəyə verdiyi tapşırıqlardan ən diqqətçəkəni isə mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı oldu: “Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyi dövründə həqiqətən də Naxçıvanın aidiyyəti strukturları üçün qanunun aliliyindən daha çox, onun özünün iradəsi vacib olub. Nəticədə Naxçıvanın nazirlik və komitələrinin mərkəzi icra orqanları ilə əlaqələri protokol xarakteri daşıyıb. Bu isə Muxtar Respublikada nəzarətsizlik, cəzasızlıq mühiti formalaşdırıb. Əhalinin Bakıya, Türkiyənin müxtəlif şəhərlərinə kütləvi axını da məhz qeyd edilən yarıtmaz fəaliyyətlə bağlı olub. Təbii ki, sual oluna bilər ki, bu illər ərzində Muxtar Respublikada müsbətə doğru hər hansı dəyişiklik olmayıbmı? Əlbəttə ki, olub. Faktdır ki, Naxçıvanda bu illər ərzində genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələr həyata keçirilib, qazlaşdırma 100 faiz təmin edilib, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində işlər görülüb. Lakin bu işlər Naxçıvan rəhbərliyinin fəaliyyətinin, təşəbbüskarlığının nəticəsində yox, şəxsən cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və onun birbaşa tapşırığı ilə həyata keçirilib. Həyata keçirilən son tədbirlərin, kadr və struktur dəyişikliyinin isə qədim yurdumuz Naxçıvan üçün tamamilə yeni perspektivlər açacağı şübhə doğurmur”.

Hamısını Göstər

Related Articles

Back to top button