Əbdülqadir İnaltəkindən Azərbaycan ləhcəsində bayatılar

Əzizinəm

Əzizinəm şam ağlar,
Qəndil ağlar, şam ağlar.
Bir yanda Bağdad, Basra,
Bir tərəfdə Şam ağlar.

Əzizinəm “oxu tar!”,
Susma, susma oxu, tar!
“Oxuma tar!” deyənə,
Dəysin namərd oxu, tar!

Əzizinəm qar aldı,
Dağ başını qar aldı.
Yarımdan ayrılandan,
Mənim dünyam qaraldı.

Əzizinəm yaradı,
Aç, bax sinəm yaradı.
Yaram sızıldadıqca,
Yada düşür yar adı.

Əzizinəm dəymədi
Bağın barı dəymədi.
Mən yarı candan sevdim,
Sevdiyimə dəymədi.

Əzizinəm yardadır,
Mənim könlüm yardadır.
Ağacdan alma dərdim,
Yedim, gördüm yar dadır.

Əzizinəm gül dərdi,
Bağban bağdan gül dərdi.
Yarıma gül deyərdim,
O da mənə –gül! dərdi.

(aKi; عبدالقادر اينالتكين)
Berlin 2015

Mən aşiq

Mən aşiq yarda qaldı,
Yıxıldı, yarda qaldı.
Vətən üçün sər verdi,
Ürəyi yarda qaldı.

Mən aşiq yardan keçdi,
Hoppanıb yardan keçdi.
Vətən üçün sər verdi,
Eloğlu, yardan keçdi.

Mən aşiq yaralandı,
Ox dəydi, yaralandı.
İstədim yara gedim,
Yar məndə aralandı.

Mən aşiq el yasına,
Dur gedək el yasına.
El oğlu qərib öldü,
Ağlayaq Elyasına.

Mən aşiq oxuyanam,
Həm çalıb oxuyanam.
Vətəndən ayrı düşdüm,
Dərdli çal, oxu, yanam.

Mən aşiq ağa malı,
Nəyim var, ağa malı.
Mənin ağam comərdi,
Köynəyim ağam alı.

Mən aşiq dara məni,
Sığal çək, dara məni.
Məndən də betər olsun,
Çəkənlər dara məni.

Mən aşiq dağ döşünə,
Uzandım dağ döşünə.
Dağın qarı əridi,
Çəkdilər dağ, döşünə.

Mən aşiq Şuşa sarı,
Ağdam ağ, Şuşa sarı.
Ölmədən Qarabağa
Gedəydim, Şuşa sarı.

Mən aşiq yarı candan,
Kim sevməz yarı, candan?
Ölməkdən betər oldum,
Bezmişəm yarı candan.

Mən aşiq gündə olum,
Kölgədə, gündə olum.
Sən bir dəfə qurban ol,
Mən sənə gündə olum.

Mən aşiq cana yetim,
Hay versin, cana yetim.
Hayına yetən yoxdur,
Ağlayır, cana yetim!

(aKi; عبدالقادر اينالتكين)
Berlin 2015

Əzizim

Əzizim vətən üçün,
Can qurban vətən üçün.
Necə ki, canım sağdır,
Ölərəm vətən üçün.

Əzizim candan əziz,
Dost ola, candan əziz.
Bir dostum var dünyada,
Adı da candan Əziz.

Hamısını Göstər

Related Articles

Back to top button