Əbülfəs Qarayevin müavininin evindən çıxan sərvət – İstintaq materialları

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun törətdiyi əməllərlə bağlı mətbuatda müxtəlif zamanlarda yazılar dərc olunub. 

Oxu.az məhkəmə istintaqının materiallarından yeni detalları öyrənib. Bu yazıda yer alan məlumatlar istintaq materiallarına əsaslanır.

Rafiq Bayramov Azərbaycanda 2014-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, 2018-2020-ci illərdə isə mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. 

Rafiq Bayramovu bilmirik əvvəldən rüşvətə meyilli olub, yoxsa vəzifəyə gətiriləndən sonra bu vərdiş onda yaranıb, onun xarakterini təsvir etməyə çalışmayacağıq.

Sadəcə Bakı Ağır Cinayətlər Məhkəməsinin istintaq materiallarına əsasən, cənab Bayramovun “mədəni” rüşvətxorluq fəaliyyətini göstərəcəyik.

İstintaq materiallarına görə, Rafiq Bayramov hələ Aparat rəhbəri olarkən qabaqcadan əlbir olan bir qrup şəxslə vəzifə səlahiyyətlərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar rüşvət alıb, yəni vəzifə borcunu pulla yerinə yetirib.

O, elə həmin il (2016-cı il) qanunsuz fəaliyyətinin miqyasını genişləndirir, MMC-lərin birindən ümumilikdə 52 400 manat məbləğində pulu rüşvət qismində xidməti otağında alır, qatlayıb cibinə qoyur.

İttiham aktına görə, Bayramov Aparat rəhbəri olarkən Ağcabədi Regional Mədəniyyət İdarəsini də “dəzgahına” gətirir, bu, azmış kimi, nazirin müavini işləyərkən də bu qurumdan əlini çəkmir.

Bayramov 2017-ci ilin əvvəlində həmin İdarədən 10 000 manat qoparır, 2018-ci ilin sentyabrından 2020-ci ilin martına qədər olan müddətdə isə hər ay 8 000 manat olmaqla 128 000 manat alır.

Burada biz Rafiq Bayramovun fəaliyyəti dövründə digər regional idarələrdən aldığı rüşvətlərin məbləği barədə uzun-uzadı siyahı verməyəcəyik, təxminən eyni motivlərlə başqalarına da fərqli münasibət sərgiləməyib.

İşinin sistemli və koordinasiyalı olması üçün Rafiq Bayramov qabaqcadan əlbir olmaqla ətrafına özü üçün bəlli bir çevrə düzəldib, işini genişləndirib və “boss” qismində tapşırıqlarını verib.

Rüşvətlərin əksər hissəsini xidməti otağında alırmış.

Rafiq Bayramov özəl şirkətlərdən da külli miqdarda pul alıb.

İstintaq materiallarına görə, Rafiq Bayramov 2018-ci ilin sonlarında fəaliyyətini nazir Əbülfəs Qarayevlə razılaşdırır və özünə yeni “gəlir mənbəyi” tapır.

Həmin vaxtdan etibarən regional idarə müdirləri musiqi məktəblərinin direktorları vasitəsilə mütəmadi olaraq hər ay musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarını süni şəkildə artırır.

Yaranan fərq nağdlaşdırılaraq pul şəklində ona şəxsən və ya şöbə müdiri Pərvin İsgəndərli vasitəsilə verilir.

Hər rayonun bu mənbədən ona ödədiyi məbləğ region ərazisində yerləşən musiqi məktəblərinin sayı və orada işləyən müəllimlərin sayından asılı olur.

Rafiq Bayramov ifadəsində topladığı pulların bir qismini nazir Əbülfəs Qarayevə verdiyini deyib. Əbülfəs Qarayev isə hər ay bütün regional idarələrin pulları toplandıqda müavininə 15 faiz əmək haqqına əlavə kimi nağd şəkildə verib.

Qeyd edək ki, Rafiq Bayramov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

R.Bayramovun avtomobilindən, xidməti otağındakı kassasından külli miqdarda pul vəsaitləri aşkarlanıb.

DTX tərəfindən Rafiq Bayramovun evinə də baxış aparılıb, onun sərvəti göz oxşayır.

Evə baxış zamanı evin ikinci mərtəbəsində olan seyfin içərisindən 1 900 avro, 110 000 manat, 40 000 ABŞ dolları, 1 ədəd 1.00 karatlıq, 1 ədəd 1.07 karatlıq, 1 ədəd 2.00 karatlıq və 1 ədəd 2.15 karatlıq almaz daşları aşkarlanıb.  

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib (Ardı var…)

Hamısını Göstər

Related Articles

Back to top button