“Əgər Rusiya qoşunları regiona daxil olmasaydı taleyimiz başqa cür olacaqdı…”

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində mövcudluğunu hələ də davam etdirən oyuncaq rejimin başçısı Araik Arutyunyan bu gün Ağdərədə olub. Və orada yaşayan ermənilərlə söhbətləşərək “Rusiya qoşunlarının regionda daimi qalmasının vacibliyini” deyib.

“Rusiya sülhməramlı qüvvələrinin Qarabağda iştirakı müvəqqəti deyil, daimi xarakter daşımalıdır”,-erməni KİV-lərinin Araikin söhbətindən dərc etdiyi sitatda bildirilir.  

“Region elədir ki, biz təhlükəsizliyi və sülhü müstəqil şəkildə təmin etmək imkanında deyilik. Rusiya qoşunlarının iştirakı müvəqqəti yox, daimi olmalıdır. Əgər Rusiya qoşunları regiona daxil olmasaydı bizim taleyimiz başqa cür olardı”,-Arutyunyan deyib. Lakin o, əlavə edib ki, ermənilər kiminsə onları xilas edəcəyinə ümid bəsləməli deyil: “Biz özümüz özümüzü xilas edəcəyik, burada yaşamağa davam etməklə”.

Bu kontekstdə Araik Ağdərədə həyata keçirməyi planlaşdırdıqları iri investisiya layihələrindən də danışıb. Deyib ki, Çərəktar kəndi yaxınlığında (Tərtər çayının üzərində) iri su elektrik stansiyası tikiləcək və bu layihəyə 25 milyon dollar investisiya qoyulacaq.  Habelə daha sonra Sərsəng-Suqovuşan arasında 45 milyon dollara daha bir su elektrik stansiyasının tikilməsi gözlənilir. Araik bu layihələri Azərbaycanın işğal edilmiş əraziləri azad etməsindən sonra Rusiya sülhməramlılarının nəzarətinə keçən ərazilərdə elektrik qıtlığının yaşanması ilə əsaslandırıb.

Ağdərənin Çərəktar kəndi. Orada qanunsuz məskunlaşmış ermənilər ötən ilin dekabrında Kəlbəcər boşaldılanda bu kəndin də Azərbaycanın nəzarətinə qaytarılacağını eşidərək evləri yandırıb getmişdilər. Sonra məlum oldu ki, kənd Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalır və nəticədə tragikomik vəziyyət yarandı-ermənilər kəndə qayıtmaq istəsələr də salamat ev qalmamışdı…

Özünü hələ də Xankəndində “prezident” adlandırmaqda davam edən Araikin bu çıxışı əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə yaşayan ermənilərə (onların sayı Azərbaycan tərəfinin son dəqiqləşdirmələrinə əsasən, 25 min nəfərdən çox deyil) hansısa ümidlər verməkdir. Lakin Rusiya qoşunlarının regionda iştirakının müvəqqəti, yoxsa daimi xarakter daşıması məsələsi hansısa qondarma araiklər səviyyəsində həll edilmir. Bu məsələ 10 noyabr üçtərəfli bəyanatında aydın şəkildə təsbit olunub. Yəni sülhməramlılar 5 il müddətinə yerləşdirilir və əgər tərəflərdən biri etiraz etməsə müddət uzadıla bilər. Və həmin bəyanatda  Rusiya qoşunlarının qalma müddəti barədə Araik və onun qondarma administrasiyasından nəsə soruşulacağı haqda heç nə deyilmir.

Hamısını Göstər

Related Articles

Back to top button