Əli Bayramov İsmət Abbasovun zavodunda – Adı külli miqdarda korrupsiyada hallanan məmura yeni vəzifə verildi
Vaxtilə Azərbaycanın ən korrupsiyalaşmış qurumlarından olan “Aqrolizinq” ASC-nin sabiq sədri Əli Bayramov yüksək vəzifəyə təyin olunub.
“AzPolitika.info” xəbər verir ki, bununla bağlı mətbuatda yayılan məlumatlara görə, Ə.Bayramov 1 saylı Şərab Zavodunun İdarə Heyətinin sədri təyin edilib.
Xatırladaq ki, Ə.Bayramov 2007-ci ildən 2014-cü ilə kimi “Aqrolizinq” ASC-nin sədri vəzifəsində çalışıb. İsmət Abbasovun Kənd Təsərrüfatı naziri vəzifəsini tutduğu dövrdə işləmiş Ə.Bayramov onun ən yaxın kadrlarından biri sayılıb.
Lakin İ.Abbasov 2013-cü ildə nazir vəzifəsindən gedəndən və Baş nazirin mavini təyin olunandan sonra Ə.Bayramovun da “kitabı bağlanıb”. 2014-cü ildə öz ərizəsilə “Aqrolizinq” ASC-nin sədri vəzifəsindən getməli olan Ə.Bayramov bunu səhhətilə izah etməyə çalışsa da, hamıya bəlli idi ki, əsas səbəb təşkilatdakı külli miqdarda yeyinti faktlarının üzə çıxmasıdır.
Belə ki, Əli Bayramovun işdən getməsindən cəmi bir neçə gün sonra Hesablama Palatası “Aqrolizinq” ASC-də dövlət büdcəsindən ayrılan vəsaitlərin talanması ilə bağlı üzə çıxardığı faktları cinayət işinin qaldırılması üçün Baş Prokurorluğa göndərib.
Hesablama Palatasının həmin vaxt yaydığı məlumata görə, “Aqrolizinq” ASC-də büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materialları Baş Prokurorluğa təqdim olunub. Hətta həmin vaxt Ə.Bayramovun istintaqdan yayınmaq üçün Türkiyəyə qaçdığına dair məlumatlar da yayıldı.
Hər kəsə məlum idi ki, bu qurumun keçirdiyi tenderlərdə öz maraqlarına uyğun şirkətləri cəlb eləmək, onları qalib elan etmək, onların vasitəsi ilə ölkəyə cins mal-qara, texnika, gübrə və digər məhsullar gətirmək, məhz Əli Bayramovun idarəçiliyi altında baş verib.
Lakin maraqlıdır ki, 100 milyonlarla dollar büdcə vəsaitinin talanması faktlarını araşdıran Zakir Qaralovun idarəsi “Aqrolizinq”-in “xırda kalibrli” məmurlarına qarşı cinayət işi qaldırıb, onların bir neçəsini həbs etməklə məsələni ört-basdır edə bildi. Nə Əli Bayramov, nə də onun himayədarı İsmət Abbasova talanan 100 milyonlara görə “gözün üstə qaşın var” deyən olmadı.
İndi isə məlum olur ki, “köhnə qvardiyanın” samballı üzvlərindən biri sayılan İ.Abbasov Ə.Bayramovun sədaqətini unutmayıb və adı aşçıq-aşkar külli miqdarda korrupsiya faktlarında keçən bu şəxsə yenidən etimad göstərib.
Məsələ ondadır ki, “Bakı Şərab 1” ATSC Baş nazirin sabiq müavini, keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun zavodu kimi tanınır. Mətbuatdakı məlumatlarda vaxtilə “Bakı 1 saylı Şərab Zavodu” adlanan bu müəssisədə direktor müavini işləmiş İsmət Abbasovun, Kənd Təsərrüffatı naziri olduğu dövrdə ATSC-ni öz nəzarətinə keçirdiyi bildirilir. Yəni, bu ATSC-nin gəlirləri əsasən İsmət Abbasovun şəxsi büdcəsinə daxil olur. Hələlik bu məlumatlar nə İ.Abbasov, nə də zavod tərəfindən rəsmən təkzib edilməyib.
Ə.Bayramovun İ.Abbasovun zavoduna rəhbər gətirilməsi həm də onu təsdiqləyir ki, “köhnə qvardiya”nın üzvlərinin nə “iş prinsiplərində”, nə də malik olduqları biznes şəbəkələrində heç nə dəyişməyib…