Böyük razılaşma: Ərdoğan şərtlərini Putinə qəbul etdirib – Türkiyənin Qarabağda rolu artacaq
Ərdoğan-Putin görüşü başa çatdı: liderlər görüşdən sonra heç bir açıqlama vermədi, hərçənd, qapalı müzakirələrə keçməzdən öncə verilən qısa açıqlamalar, fotoobyektlərə tuş gələn görüntülər, Ərdoğanın Soçi səfərindən əvvəl müsbət mesajları, Ankara-Vaşinqton xəttində narazılıqlar, Türkiyə-Rusiya arasında yeni S-400 razılaşmasının mümkünlüyü və s. tərəflərin razılaşma modunda olduğu ehtimalını önə çıxarır.
Liderlərin qapalı müzakirədən öncə açıqlamalarında Qarabağla bağlı da danışması bu məsələnin gündəm mövzularından olduğunu deməyə əsas verir. Lakin görüşdən sonra açıqlamaların verilməməsi (Ərdoğanın “məhsuldar görüş” tvitini saymasaq) nəticələri proseslərin inkişafında axtarmağa məcbur edir: görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi isə şübhəsizdir.
Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir.
Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu, iki kontekstdə Bakının maraqlarına uyğundur:
1. Türkiyənin bölgədə Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığının qarantı olduğunu Rusiya qəbul edir: bu, Moskvanı mümkün təhdidlərdən çəkindirən amildir; istisna deyil ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində də atəşkəsə nəzarət prosesinə qoşulması Şuşa Bəyannaməsi imzalanmasından sonra Moskvanın qarşısında qaldırılıb və qəbul etdirilib;
2. Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə iştirak edən Türkiyə sərhədin demarkasiya və delimitasiyası, eləcə də sərhəd müqaviləsinin imzalanması prosesində də iştirak edə bilər.