Əsgər atası
Əsgər atası
Mən də əsgər atasıyam,
qəlbim daim narahat.
Fikrim gəzir səngərləri,
hər dəqiqə, hər saat.
Mən də əsgər atasıyam,
öyünürəm bu adla.
Hansı ata fəxr eyləməz,
cəsur, igid övladla?!
Bu ərlərə canım qurban,
hər biri öz övladım.
Bütün cəbhə bölgələri,
mənim xəyal ünvanım.
İti gözlü bu qartallar,
səngərlərə yaraşıq.
Onların haqq yollarına
Tanrı saçsın gur işıq.
Mən həm əsgər atasıyam,
həm bu yurdun əsgəri.
Başımızla cavabdehik
qorumağa bu yeri.
Nə şərəfli peşən vardır,
ey bu yurdun əsgəri.
Sən həm güclü güvənc yeri,
həm sevimli and yeri.
Vətən adlı gözəl sənə
edilibsə etibar.
İgid əsgər, cəsur zabit
Bundan ülvi nə olar?
Bu çətinlik həm şərəfli,
həm də ötüb-keçəndir.
Keçilməyən bir şey vardır,
o da əziz Vətəndir!