Əsgərimizin cəsədinin yandırılmasının cavabı… – Vəkilov
Müharibə qaydaları ilə bağlı dünyada qəbul olunmuş konvensiyalar var. Baş verən bu hadisə hüquqi və insani prinsiplərə, xüsusilə də 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasına ziddir.
Bu sözləri axar.az-a hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov əsir götürülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması haqda danışarkən deyib.
O bildirib ki, Konvensiyada hərbi əsirlərlə davranış qaydaları var:
“Burada hərbi əsirlərlə davranışın təfərrüatı göstərilib. Hərbi əsirlə davranış, onun qidalanması, müalicəsi ilə bağlı öhdəliklər mövcuddur. Bu öhdəliklərə görə heç bir halda hərbi əsirə qarşı zorakılıq etmək, onu hər hansı bir təzyiqə məruz qoymaq, ac, soyuq yerdə saxlamaq olmaz. Bu, hərbi cinayətdir, beynəlxalq konvensiyanın pozulmasıdır.
Hesab edirəm ki, bununla bağlı bizim Hərbi Prokurorluq cinayət işi başlamalıdır. Bildiyiniz kimi, hazırda Azərbaycan dövləti həm təzminatla bağlı məsələləri araşdırır, həm də belə bir ideya da var ki, birdəfəlik hərbi məhkəmələr təşkil olunsun. Hərbi cinayətlər barədə faktlar toplandıqdan sonra beynəlxalq hüquqa əsasən hərbi məhkəmələr təşkil edilməlidir”.