Əsgərlərimizin dəhşətə gətirən əməli… – Ermənilər danışdı

Ermənistan ordusunun əsgərlərinin İkinci Qarabağ savaşı ilə bağlı müdhiş xatirələri bu dəfə “RİA Novosti”də dərc edilib.

Saytın əməkdaşı Xankəndiyə gəlib, erməni əsgərlərdən reportaj hazırlayıb. Təbii ki, tərifləyib. Məğlub əsgərlərin harasını tərifləyib və nəyindən heyrətlənib?

Bu suala müəllif də cavab axtarıb. Daha doğrusu, tərifini göylərə qaldırdığı əsgərlər haqda oxucuda “bəs niyə rüsvayçı şəkildə məğlub oldular” sualının yaranacağını təxmin etdiyindən, o suala cavab verməyə çalışıb.

Əvvəlcə heyrətlə soruşub: bu 30 ildə işğalda saxlanılan ərazilər niyə bunkerlərlə dolu qalaya, minalanmış sahələrə çevrilməyib, möhkəmləndirilmiş və müasir siqnalizasiya ilə təchiz edilmiş səngərlər qurulmayıb?

Bu məqamda ermənilərin xarabazara çevirdiyi torpaqlarımızda – “təhlükəsizlik zonası” adlandırdıqları ərazidə – hər 2-3 kilometrdən bir gücləndirilmiş dördqat müdafiə xətti göz önünə gəlir: müdafiə xətləri arasında yollar, digər xətlərdən əvvəlki xətləri hədəfdə saxlayan silahlar… Yəni birinci səngər əldən verildiyi halda ikinci səngərə çəkilən ermənilər birinci səngəri ələ keçirən əsgərləri rahat hədəfə ala bilərdilər və ya üçüncüdən ikinci, dördüncüdən üçüncü səngəri… Tam dördqat müdafiə…

Bunkerlər, məhv edilmiş yaşayış yerlərimizdə bütün ərazilərin minalanması, təhlükəli tələlər saysız-hesabsızdır…

Bütün bunları hələ bu yay ermənilər böyük fəxarətlə, peyk görüntüləri ilə paylaşır və meydan oxuyurdular. “Alınmaz qala” düzəltdiklərini sayırdılar.

Ancaq bunları nə “RİA Novosti”nin əməkdaşı xatırlayır, nə də erməni əsgərlər. Erməni əsgərlər jurnalistin bu sualına cavab olaraq bildirirlər ki, yəqin maliyyə çatmayıb sahələrin minalanmasına, bunkerlərin tikilməsinə və s.

Hə, bir də “sursat azlığı”nı “xatırlayır” erməni əsgərlər.

Bu sözdən sonra Azərbaycan Müdafiə Nazirliyinin yaydığı və ermənilərdən götürülən qənimətləri yada salmamaq olmur. Elə rus mediası özü yazmışdı ki, Azərbaycan Ordusu Qarabağda işlətdiyi hərbi sursatdan düz 4 dəfə artığını ermənilərdən qənimət olaraq götürdü. Və buna aid video-materialları da təqdim etmişdilər.

Erməni əsgərlər deyir ki, dəqiq atəşlə Azərbaycan Ordusunu darmadağın etməyə hazır idilər, edirdilər də, ancaq “terrorçu dronlar” imkan verməyib.

Beləliklə, gəlib çıxırlar dronların üzərinə. Yəni “müasir texnika”, yoxsa Azərbaycan əsgərinə qalib gələrdilər.

Reроrtaj davam etdikcə isə əsgərlərin açıqlamaları bir-birini təkzib etməyə başlayır: bəlli olur ki, tam müdafiə, bol sursat, erməni əsgərlərin yüksək döyüş hazırlığı, eyni zamanda dünyanın ən güclü ölkələrində yaşayan və həmin ölkələrin ordusunda xidmət edən təcrübəli ermənilərin Ermənistana axışması ilə əsl, peşəkar, “dünya erməniləri ordusu” (məhz bu cür də adlandırırlar) varmış, bu lənətəgəlmiş “dronlar”sa hər şeyi məhv edib.

Erməni əsgərlər deyir, dronlardan qaçmaq mümkün deyildi: müharibənin gedişində topların, raket sistemlərinin yanında düzəltdikləri yeraltı sığınacaqlara qaçmağa ən yaxşı halda 7 saniyə fürsət olurdu. 7 saniyə isə sığınacağa çatıb Azərbaycan dronundan gizlənmək üçün çox azdır.

Daha sonra isə reportajın ən maraqlı hissəsi gəlir, erməni əsgərlər Azərbaycan Ordusunun döyüş ruhuna toxunurlar: təxminən 400 əsgərlə hücuma keçmişdilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Bir ölənin yerini ikisi, üçü tuturdu. Güllə vururduq, sanki ağrı hiss etmirdilər, “zombi” kimi üstümüzə gəlirdilər…

Erməni əsgərlər bunu izah etməyə çalışırlar. Heç vaxt belə bir halla üzləşmədiklərini bildirib iddia edirlər ki, Azərbaycan əsgərləri narkotikdən istifadə edib, başqa cür yaralı halda zombi kimi hücuma keçməyin izahı yoxmuş.

Ötən gün də erməni mediasına danışmışdı erməni əsgərlər. Onlar da heyrətlərini bu cür bildirmişdilər: Azərbaycan əsgərləri dəniz dalğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu; Azərbaycan əsgərləri çiynindən, hətta sinəsindən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi. “Onlar sanki terminator idi” – deyir ermənilər Bizim Əsgərlərimiz haqda.

Şuşa hücumu barədə erməni əsgərlərin açıqlamaları da diqqətçəkici idi. Onlar deyirdi ki, Azərbaycan əsgərləri qanları axa-axa, şəhidlərini çiyinlərinə alaraq qayaları dırmaşıb, Şuşaya girdilər…

Anlaya bilmirlər: gah düşünürlər hər bir əsgərimizə morfi paylamışıq, döyüşdən qabaq vururmuşlar; gah deyirlər, narkotik təsirində idilər; gah deyirlər, Azərbaycan əsgərlərinə nə etmişdilərsə, dəli olmuşdular…

Əsgərlərimiz “zombi kimi”, “terminator kimi”, “robot kimi”, “dalğa kimi” ermənilərin üstünə gediblər – bu sözlər ermənilərin özlərinin təyinidir.

Başa düşə bilmirlər bunun səbəbini! Heç vaxt da başa düşə bilməyəcəklər!

Çünki heç vaxt vətənləri olmayıb və vətən üçün savaşmayıblar. Onlar heç vaxt anlamayacaq ki, texnika minaya düşüb, hücum ləngiməsin deyə əsgərlərimiz minalı sahələrdə özləri qabağa düşüblər, özləri qəsdən minanın üstünə çıxıblar ki, texnikalar məhv olmasın, təki hücum yavaşımasın; onlar heç vaxt anlamayacaq ki, yaralı halda hücumu davam etdirməyin adı illərlə yığılıb qalan işğal lənətindən qurtulmaq, bütün dünyaya kim olduğumuzu göstərməkdir; Xocalı qisasıdır, Şuşa həsrətidir, Qarabağ sevdasıdır!

Ermənilər bunu heç vaxt dərk etməyəcəklər. Ona görə şoka düşüblər, ona görə heyrətə gəliblər.

Bu bədbəxtlər – “Şuşa boz şəhərdir” deyənlər hardan qansınlar ki, Müqəddəs Şuşaya hücum edəndə əsgərlərimiz bir-birinə and veriblər, “şəhid olsam, nəşimi özünlə apar, Şuşanı görüm” deyə…

Bu bədbəxtlər hardan bilsin ki, Şuşa müqəddəsliyini murdarlardan təmizləmək üçün hücum edən əsgərlərimiz bədənlə, cisimlə deyil, RUHla gedirdilər.

Bu RUHlar Ordusunun qarşısında kimsə dayana bilməzdi, kimsə!!!

Əsgərlərimizin yaddaşından parçalar yayılır tez-tez:

…Bir dəstəni kəndə hücum etməyə göndərirlər, az sonra arxalarınca dəstək qrupu gəlir və bunları tapa bilmir; axtarırlar, axtarırlar, əsəbiləşirlər, xeyli gedəndən sonra qarşıda tapırlar və bunlara deyirlər ki, hara gedirsiniz, dayanın: sizə “bu kəndi al” deyiblər, 4 kəndi almısız, hələ də gedirsiniz?!

…Texnikalar vurulur, Şuşaya gedən yolu məhv olmuş zirehli maşınlar bağlayır və… Texnika ilə birgə piyada qüvvələri hücum etsin deyə 20 yaşlı bir gənc URAL-a – tanka yox, məhz URAL-a – oturub, o məhv olmuş texnikaları bir-bir vurub yoldan çıxarır, yolu təmizləyir və son anda, özü vurulanda da dayanmır, URAL-ı yoldan çıxarıb aşırır ki, yolu kəsməsin, arxasınca Ordumuz gələ bilsin!

…Hücum qüvvələrindən öncə gedən xüsusi təyinatlı heyrətlə danışır: biz öndə gedirdik, ala-ala, dağıda-dağıda. Arxamızca qüvvələr gəlib aldığımız yerləri təmizləyir, yerləşirdi. Ancaq hiss edirdik ki, bizdən əvvəl sanki gedənlər var – kim idi onlar? Heç vaxt onları görmədik. Sanki duman idi, yel idilər, önümüzcə sanki təmizləyirdilər və biz anlaya bilmirdik ki, bizdən qabaqdakı bu izlər nədir? Axı, tapşırıqla öndə biz getməli idik…

O qədərdir bu cür heyrətamiz döyüş hadisələri ki!

Ordumuz bir külək kimi, qasırğa kimi, tufan kimi, dalğa kimi Vətən üçün, Yurd üçün savaşırdı. Küləyə, qasırğaya, tufana dönən əsgərin qarşısında nə dayana bilər ki!

Ermənilər ona görə şokdadır; döyüşdə olan erməni əsgərlərə ona görə reabilitasiya kursları təyin edilib!

Bunun adı Vətən sevgisidir – ermənilər bilməz!

Bunun adı Türk Qüdrətidir – bunu isə ermənilər çox yaxşı bilir, sadəcə, yeni nəsilə unutdurmuşdular.

Onlara xatırlatdıq bunu…

Hamısını Göstər

Related Articles

Back to top button