Qışda immunitetimizi necə gücləndirək?

Həkim təyinatı olmadan istifadə edilən dərmanlar zərərlidir! Xüsusən qış fəslində havanın soyuq keçməsi immun sistemimizə də təsir göstərir. İmmunitetin zəifləməsi də bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır.

Bakı Baş Səhiyyə Mərkəzindən Polise.az -a   bildirilib ki, mərkəzin strukturuna daxil olan 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyevanın sözlərinə görə, qeyri-düzgün yaşam tərzi, düzgün olmayan qidalanma, əmək fəaliyyətinin düzgün tənzimlənməməsi, gigiyenik qaydalara düzgün riayət etməmək kimi amillər immunitetin zəifləməsinə səbəb olur: “Əgər hər hansı şəxsdə xroniki xəstəlik varsa və o, həmin xəstəliyi nəzarətdə saxlamırsa, bu zaman immun sistemi zəifləyə bilər. İmmunitetin zəifləməsini təkcə havanın soyuq olması ilə əlaqələndirmək də düzgün olmaz. Çünki qeyd etdiyimiz amillər yalnız soyuq havada və ya qış aylarında baş vermir. Yay fəslində də qeyd olunan faktorlara nəzarət edilməzsə, bu zaman da immunitetin zəifləməsi müşahidə edilir. Sadəcə olaraq qış aylarında bu hala daha çox rast gəlinir”.

İ.Səbziyeva diqqətə çatdırır ki, immun sisteminin gücləndirilməsi üçün ilk növbədə yuxu rejiminə düzgün əməl edilməli, qidalanma rejiminə və digər məqamlara xüsusilə nəzarət edilməlidir: “Bununla yanaşı, havaya uyğun gündəlik geyimlər istifadə edilməlidir ki, xəstələnmə hallarının qarşısını almaq mümkün olsun. Çünki hava ilə gələn infeksion xəstəliklər də immun sisteminin zəifləməsini sürətləndirir. Qidalanma zamanı əsasən vitaminlərə, mövsümi meyvə-tərəvəzlərə, ət və ət məhsullarına daha çox üstünlük vermək lazımdır ki, immunitetin zəifləməsinin qarşısını almaq mümkün olsun. Lazım gələrsə, həkim təyinatı ilə profilaktik olaraq orqanizmdə çatışmazlıq göstərən mineral və vitamin balansını normaya çatdırmaq üçün müxtəlif kompleks preparatlardan istifadə etmək olar”.

Həkim-terapevt vurğulayır ki, dərman preparatlarına müalicə məqsədilə müraciət edilirsə, bu, mütləq qaydada həkim nəzarəti ilə aparılmalıdır. Onun sözlərinə görə, qanda həmin elementlərin miqdarı bilinəndən sonra buna uyğun olaraq vitaminlər təyin edilməlidir: “Əgər bunlar normanı keçərsə, əlbəttə ki, bu vitaminlər orqanizmdə fəsadlara səbəb ola bilər. Məsələn, orqanizmdə vitamin A-nın normadan artıq olması ürəkbulanma, görmənin pozulması, yorğunluq, əsəbilik, iştahasızlıq, qusma, saç tökülməsi kimi fəsadlara səbəb ola bilər. Son zamanlar bir çox insanlar həkim təyinatı olmadan belə immun sistemini gücləndirmək üçün vitamin D qəbul edir. Lakin unutmaq olmaz ki, bu vitaminin nəzarətsiz qəbulu mədə-bağırsaq sisteminin qeyri-düzgün işləməsinə, ishala, qaraciyər, böyrək və digər orqanlarda fəsadlara səbəb olur. Bununla yanaşı, vitamin C-nin normadan artıq qəbulu dəridə səpgilərin yaranmasına və digər zərərlərə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bu vitaminlərin həkim təyinatı olmadan istifadəsi sonradan orqanizm üçün çox ciddi fəsadlarla nəticələnə bilir. Hamilələr, qaraciyər, böyrək çatışmazlığından, şəkərli diabetdən əziyyət çəkən şəxslər vitamin qəbulu zamanı xüsusilə diqqətli olmalıdır”.

Bəzi şəxslərin qış aylarında immun sistemini gücləndirmək üçün müxtəlif antibiotiklərdən də istifadə etdiyini deyən İ.Səbziyeva bildirir ki, həkim təyinatı olmadan dərman preparatlarının, vitaminlərin, ələlxüsus da antibiotiklərin qəbulu sonradan ciddi xəstəliklərə gətirib çıxaran çox ciddi fəsadlara səbəb olur: “Antibiotikin qəbulu zamanı həkim-mütəxəssislər şəxsin bu preparatlara qarşı allergiyasının, yanaşı xəstəliklərinin olub-olmamasını və digər məqamları yoxladıqdan sonra antibiotiklər təyin edirlər. Praktikamızda dəfələrlə rast gəlirik ki, xəstə özbaşına şəkildə, yəni həkim təyinatı olmadan antibiotik qəbul edib və ağırlaşmış şəkildə allergik vəziyyətə düşüb. Bu zaman xəstəliyin müalicəsi xeyli müddət çəkir və müalicə prosesi daha ağır gedir”.

Səhhətinizdə yaranan istənilən xəstəlik və problemlə bağlı, ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət etmək lazımdır. Dərman preparatlarının, antibiotiklərin, vitaminlərin həkim nəzarəti olmadan istifadəsi sonradan ağırlaşmalara və hətta ölümlərə də səbəb ola bilər.

Unutmayın ki, ilkin səhiyyə xidməti tez sağaldır!

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button