Markedonov: Fransanın antiazərbaycan siyasətinin səbəbi…

Fransa Senatı Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Sənədin müəllifləri Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib, həmçinin həm öz hökumətlərini, həm də Avropa Birliyindəki tərəfdaş ölkələri Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bu təşəbbüs, təbii ki, sürpriz olmadı.

Polise.az  xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

“Birincisi, bu gün Bakı ilə Paris arasında münasibətlər SSRİ-nin dağılmasından sonrakı bütün dövr ərzində bəlkə də ən aşağı nöqtədədir. İkincisi, Fransa ermənipərəstliy ilə tanınır, bunun üçün bir çox izahı var. Bu ölkədə sayı 350-500 min nəfər olan böyük erməni diasporu məskunlaşıb. Bu, Rusiya və ABŞ-dan sonra dünyada üçüncü, AB-də isə ən böyük erməni diasporudur. Ən böyük icmalar Paris, Lion və Marseldə qeydə alınıb (İrəvanın maraqlarının məşhur lobbiçisi Valeri Boyer hətta Marsel merinin müavini olub). Erməni kökləri olan Fransanın tanınmış vətəndaşları arasında rejissor Anri Verney, müğənni Şarl Aznavur, futbolçular Yuri Corkayeff, Alen Boqosyan və siyasətçi Patrik Devedjyan kimi obrazlar var. Erməni tarixindən hekayələr (XX əsrin əvvəllərindəki “faciənin xatirəsi” də daxil olmaqla) Fransa kinosunda, ədəbiyyatında və incəsənətində geniş şəkildə təmsil olunur. Məsələn, Verneyin “Mayrik” (“Ana”) filmini götürək. Lobbi strukturları da ənənəvi olaraq fəaldırlar (məsələn, Erməni Məsələsi üzrə Komitə, Erməni Diasporunun Araşdırma Mərkəzi), baxmayaraq ki, bəzi ekspertlərin və publisistlərin fikrincə, onlar tarixi və tarixi-hüquqi mövzulara həddindən artıq diqqət yetirirlər. Fransa parlamenti 2000-ci ildə Osmanlı İmperiyasında 20-ci əsr “faciəsini” “erməni soyqırımı” kimi tanıdı və prezident (o vaxt Jak Şirak) 2001-ci ildə müvafiq qanunu imzaladı. 2020 və 2024-cü illər arasında Fransa Senatı nəinki Ermənistanı dəstəkləyən və Azərbaycanı pisləyən (17 yanvar 2024-cü il, 15 noyabr 2022-ci il, 25 noyabr 2020-ci il), hətta Qarabağın tanınmasını tələb edən ən azı 3 qətnamə qəbul edib. Düzdür, bir nüans var. 2022-ci ilin noyabrında Senat qətnaməsinin qəbulundan sonra Paris Bakıya məhdudiyyət qoymayıb. Üstəlik, Beşinci Respublikanın XİN-i “dqr”in tanınması ilə razılaşmayacağını dəfələrlə vurğulayıb”, – o bildirib.

Markedonov qeyd edib ki, SSRİ-nin dağılmasından sonrakı dövr ərzində Paris Bakı ilə praqmatik münasibətlər qurmağa cəhd edib:

“Azərbaycanın özü də bunda maraqlı idi (bütün olanlara baxmayaraq, hələ də maraqlı olaraq qalır). Bu kontekstdə nəzərə almaq lazımdır ki, Heydər Əliyevi (Şirakla dialoqun qurulmasında çox işlər görüb) hakimiyyətdə əvəzləyən oğlu İlham Əliyev Prezident kimi ilk xarici səfərini 2004-cü ilin yanvarında Parisə etmişdi. Lakin Qarabağ məsələsi hər dəfə Fransa və Azərbaycanı bir-birindən uzaqlaşdırırdı. Bu arada nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz Parisin əsas xarici siyasət prioritetləri sırasında deyil. Qafqaz mövzuları daha geniş pazla inteqrasiya olunur. Onların arasında Aralıq dənizi istiqamətində Fransanın mühüm rəqibi olan Türkiyə ilə əlaqələr xüsusi önəm daşıyır. Bu gün Qarabağ istiqamətində Fransa Avrasiyada türk hücumunun növbəti təzahürünü (Azərbaycan da bu tendensiyanın tərkib hissəsi kimi qəbul edilir) görür və bu, onun bu regionda proseslərin necə inkişaf etməli olduğuna dair fikirlərinə uyğun gəlmir. Amma təkcə Türkiyə deyil. Paris Almaniyanı “vahid Avropa”nın lideri kimi sıxışdırmağa çalışır. Qafqazda “rus hegemonluğu” ilə mübarizə, Ukraynaya dəstək də bu pazlın bir hissəsidir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button