Nobel mükafatı alan Türkiyə ermənisi -Xanımı türkdür-Dosye

İsveç Kral Elmlər Akademiyası 2024-cü il üçün İqtisadiyyat üzrə Nobel Mükafatını üç alimə – Daron Acemoğlu, Saymon Conson və Ceyms A.Robinsona verib.

Laureatlar arasında olan erməni əsilli türkiyəli iqtisadçı Daron Acemoğlu xüsusilə diqqət çəkib.

Modern.az-ın məlumatına görə, Daron Acemoğlu Türkiyədən olan üçüncü Nobel laureatıdır.

Daha əvvəl əslən Türkiyədən olan yazıçı Orxan Pamuk və kimyaçı alim Aziz Sancar Nobel mükafatına layiq görülmüşdülər.

Bəs Daron Acemoğlu kimdir?

Türkiyə mənbələrinin məlumatına görə, Daron Acemoğlu 3 sentyabr 1967-ci ildə İstanbulda hüquqşünas Kevork Əcəmoğlunin ailəsində anadan olub və erməni əsillidir.  Onun atası da, anası da erməni milliyyətindədidir.

Atası 1988-ci ildə, anası 1991-ci ildə vəfat edib.

Daron Acemoğlu ibtidai təhsilini İstanbulun Kadıköy məhəlləsindəki Aramyan Uncuyan erməni məktəbində başa vurduqdan sonra, 1986-cı ildə Qalatasaray Liseyini bitirib.

O, 1989-cu ildə İngiltərənin York Universitetində riyazi iqtisadiyyat və ekonometriya üzrə bakalavr dərəcəsinə yiyələnib. 1990-cı ildə London İqtisadiyyat Məktəbində magistr, 1992-ci ildə isə doktorluq dərəcəsini alıb.

Daron Acemoğlu 1992-1993-cü illərdə London İqtisadiyyat Məktəbində dərs deyib.

1993-cü ildən ABŞ-da Massaçusets Texnologiya İnstitutunda (MIT) akademik karyerasını davam etdirib.

Sonra Massaçusets Texnologiya İnstitutunun (MIT) İqtisadiyyat Departamentində doktorluq dərəcəsini tamamlayıb.

2000-ci ildə MIT-də iqtisadiyyat professoru, 2019-cu ildə isə institut professoru adını alıb ki, bu da orada professor-müəllim heyətinə verilə biləcək ən yüksək addır.

MIT-də akademik karyerasının ilk illərində o, bir sıra nüfuzlu mükafatlara və medallara da layiq görülüb.

D.Acemoğlu xüsusilə siyasi iqtisadiyyat, iqtisadi artım və inkişaf sahəsindəki işləri ilə dünya miqyasında tanınır.

O, hazırda da MIT-də iqtisadiyyat professoru kimi fəaliyyətini davam etdirir.

D.Acemoğlunun politoloq Ceyms A.Robinsonla birgə yazdığı və böyük diqqət çəkən əsərlərindən biri də “Millətlər niyə uğursuz olur?” kitabıdır. Kitabda iddia edilir ki, ölkələr üzrə iqtisadi rifah səviyyələrindəki fərqlərin əsas səbəbi siyasi və iqtisadi institutların strukturudur.

Acemoğlunun işi böyük diqqəti cəlb edib və siyasətçilər, alimlər, qlobal təşkilatlar tərəfindən müzakirə obyektinə çevrilib.

Bir çox mükafatların sahibi olan Acemoğlu müasir iqtisadiyyatın ən nüfuzlu ailmlərindən biri hesab olunur.

Onun Ceyms A. Robinsonla birlikdə yazdığı “Diktatura və demokratiyanın iqtisadi mənşəyi” adlı əsəri 2006-cı ildə nəşr edilib.

Acemoğlunun bir çox mükafatları arasında 2005-ci ildə Amerika İqtisadiyyat Assosiasiyasının Con Bates Klark medalı da var.

D.Acemoğlunun iqtisadi inkişafda və siyasi iqtisadiyyatda qurumların yeri ilə bağlı araşdırmaları 2006-cı ildə Türkiyə Elmlər Akademiyası tərəfindən Elm Mükafatına layiq görülüb.

Daron Acemoğlu oyun və optimallaşdırma nəzəriyyəsi ilə bağlı araşdırmaları ilə tanınan türk əsilli Asuman Özdağlar ilə evlidir və cütlüyün Arda və Aras adlı iki oğlu var. Asuman Özdağlar da Massaçusets Texnoloji İnstitutunun professorudur.
D.Acemoğlunun qayınatası İsmail Özdağlar mərhum Turqut Özal hökumətində nazir işləyib.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir müavini Tiqran Avinyan və hökumət üzvləri Daron Acemoğlu ilə videobağlıtı qurub, söhbətləşiblər.

Ermənistan hökumətinin Daron Acemoğlu ilə görüşündə Ermənistanın inkişaf imkanları və Acemoğlu ilə mümkün əməkdaşlıq formaları müzakirə edilib. O zaman Daron Acemoğlu Ermənistan hökumətinin inkişaf, demokratikləşmə və islahatlar səylərini hər cür dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Paşinyan Acemoğlunu Ermənistana dəvət edib. Alim isə ilk fürsətdə Ermənistana gələcəyini vəd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button