14 nəfər saxlanıldı, külli miqdarda narkotik vasitə və silah-sursat aşkar edildi
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik maddələrin satışı və qanunsuz olaraq üzərində odlu silah-sursat saxlayan daha 14 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 4 kiloqram narkotik vasitə və psixotrop maddə, 1 ədəd “Naqan” markalı tapança və 6 ədəd patron aşkar olunub.
İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Elvin Məmmədov və Nail Bəkirov saxlanılıb. Elvin Məmmədovun üzərindən 1 ədəd “Naqan” markalı tapança, 6 ədəd patron və külli m miqdarda heroin aşkar edilib. Nail Bəkirovun üzərində şəxsi axtarış aparılan zaman isə 1 kiloqrama yaxın satış məqsədi ilə əldə etdiyi heroin aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının qeyd edilən dövr ərzində həyata keçirdikləri digər əməliyyatlar zamanı rayonun “Kubinka”, “Papanin” və digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər saxlanılıb. Bu şəxslərdən külli miqdarda heroin, metmfetamin və elektron tərəzilər aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin hər biri narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduqları xaricdə yaşayan narkotacirlərdən onlayn yolla əldə ediblər. Onlar maddi qazanc müqabilində paytaxt ərazisində həmin narkotacirlərin narkokuryerlik təklifi ilə razılaşıblar. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil ediblər.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.