1828-ci ildən sonra ilk dəfə Azərbaycan eyni anda Rusiya və İranın təzyiq hədəfindədir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı amansız zorakılıqla yanaşı, İran da ölkəmizlə bağlı əsassız ittihamlar səsləndirir. Belə ki, rəsmi Tehrana bağlı media orqanlarında, telekanallarda Azərbaycanın guya İsrailə öz hava məkanından istifadəyə icazə verdiyinə dair absurd iddialar yer alıb. Rusiya və İranın eyni anda Azərbaycana təzyiq etməyə çalışması diqqət çəkir. Demək olar ki, 1828-ci ildən sonra ilk dəfə Azərbaycan eyni anda hər iki ölkənin təzyiq hədəfindədir.
Bu paralel təzyiqlərin bir-biri ilə əlaqəsi varmı? Moskva və Tehran bu siyasətə niyə start verib?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan gücləndikcə ona qarşı təzyiqlərin də artacağı aydın idi:
“Bu təzyiqlərin əsasən yaxın qonşulardan – İran və Rusiyadan gələcəyi gözlənilən idi. Çünki hər iki ölkə uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına dəstək verib. Məhz Rusiyanın hərbi yardımı və silahları sayəsində Ermənistan torpaqlarımızı işğal edib. İran isə həm siyasi, həm hərbi, həm də iqtisadi dəstək verərək Ermənistanın ayaqda qalmasına kömək edib. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra bu ölkələrin bölgədə təzyiq siyasətini davam etdirdiyini gördük. Son zamanlarda bu təzyiqlər daha da güclənib. İran 2021-ci ildən etibarən açıq təhdidlərə başlayıb, sərhədlərimizdə hərbi təlimlər keçirib.
Müdafiə sistemi niyə zəifdir?
Gərgin münasibətlər müəyyən qədər sabitləşsə də, İran Prezidenti Məsud Pezeşkianın bu ilin aprelində Bakıya səfəri müəyyən ümidlər yaratmışdı ki, münasibətlər normallaşacaq. Lakin İsrail-İran gərginliyindən sonra rəsmi Tehran yenidən Azərbaycana qarşı təxribatçı ritorikaya qayıtdı. İranın dövlətə bağlı media resurslarında, sosial şəbəkələrdə Azərbaycana qarşı əsassız təbliğat kampaniyası başlandı. Guya İsrail Azərbaycanın hava məkanından istifadə edərək İrana hücum edib. Bu iddialar tamamilə əsassız və iftira xarakterlidir. Əslində, İran cəmiyyətində yaranan suallardan – niyə hava məkanı bağlanmayıb, niyə müdafiə sistemi zəifdir – yayınmaq üçün xarici düşmən obrazı axtarılır və bu məqsədlə hədəf olaraq Azərbaycan seçilir”.
Polise.az