20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün – 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Polise.az xəbər verir ki, bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev sentyabrın 18-də Sərəncam imzalayıb.
Xatırladaq ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutkaya yaxın müddət ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi.
Beləliklə, Azərbaycan ərazisində qurulmuş separatçı rejimin fəaliyyətinə son qoyuldu. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur. Azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İndiyədək 2 min 117 ailə, o cümlədən Füzuli şəhərinə 822, Talış kəndinə 20, Ağalı kəndinə 175, Şuşa şəhərinə 210, Laçın şəhərinə 570, Sus kəndinə 59, Zabux kəndinə 217, Xocalı şəhərinə 44 ailə köçüb.
Polise.az