20 Yanvar şəhidlərinin xatirəsi Pakistanda anılıb

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” mövzusunda seminar təşkil edib.

Səfirlikdən Polise.az-a bildiriblər ki, seminarda universitetin müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək 34 il əvvəl Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin dərin hörmətlə yad olunduğunu deyib. O, bu hadisənin Azərbaycan tarixinə xalqımızın azadlıq mübarizəsinin zirvəsi kimi həkk olunduğunu vurğulayıb.

Diplomat 20 Yanvar faciəsindən söz açaraq, xalqımızın SSRİ rəhbərliyinin ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı əsassız ərazi iddialarına cavab olaraq kütləvi etirazlar keçirdiyini vurğulayıb. O, xalqımızın başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə sovet ordusunun beynəlxalq hüququ kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqı ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini bildirib. Məhz xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyi qeyd olunub.

X.Fərhadov bu gün Azərbaycanın suverenliyinin tam təmin edildiyini vurğulayaraq, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunun şad olduğunu bildirib.

Pakistanın Milli Müasir Dillər Universitetinin xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Cami və Davamlı İnkişaf üçün Qlobal Strategiya İnstitutunun icraçı direktoru Məhəmməd Şakil Əhməd böyük keçmişə malik Azərbaycan xalqının tarixindən söz açıb, 20 Yanvarın Azərbaycan xalqının azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Çıxışlarda Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən də söz açılıb, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button