2022-ci ildə dünyada hər an partlayacaq “barıt çəlləkləri” nə ola bilər?
Dünyada hər an mühariəyə çevrilə biləcək münaqişə ocaqları var.
Bununla bağlı “Foreign Policy” jurnalı xüsusi məqalə yayımlayıb.
Jurnal Efiopiyada federal hökumət qüvvələri ilə “Tıqray xalq azadlıq cəbhəsi” arasında gedən toqquşmaları siyahıya əlavə edib. Yazı müəlliflərini fikrincə, radikal dini hərəkatlar Afrikada hələ bir çox potensial savaşın mənbəyinə çevrilə bilər.
Məqalədə ABŞ və Çin arasında Tayvan adası və Cənubi-Çin dənizi uğrunda mübarizənin qızışa biləcəyi göstərilib. Hələ ilk toqquşma əlamətlərinin görüldüyü 2001-ci ildə situasiyanı düzəltməkdən ötrü aylarla sürən diplomatik müzakirələr lazım olmuşdu. İndi isə qarşıda duran vəzifə daha mürəkkəb görünür.
ABŞ və İran arasında nüvə proqramının dayandırılması ilə bağlı gedən danışıqların kəsilməsi də yeni müharibə ocağını yarada bilər. Rəsmi Tehranın uranın zənginləşdiriməsi niyyətindən vaz keçməyəcəyi aydın göründüyü üçün Birləşmiş Ştatlar və İsrailin də bu ölkəyə hava zərbələri endirmək ehtimalı yüksəlir.
Nəhayət, bütün Avropaya böyük təhlükə doğuran Ukrayna böhranı yeni savaş səbəblərindən biri olaraq açıqlanıb. Rusiyanın Ukrayna sərhədlərinə böyük ordu toplaması müharibənin gerçəkləməsi ilə bağlı proqnozları gücləndirib.