“28 May”da imamın zühurunu təbliğ edən dönərçi həbs edildi

Bakının Nəsimi rayonunda “Sülh və Nur” adlı dini təbliğat aparmaqda təqsirli bilinən iki nəfər həbs edilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bunlar Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Teymur Əliyev və Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Həsən Cavadovdur.
Hər iki şəxs Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Məlum olub ki, hər iki şəxs aprelin 21-də, saat 17:30-da Nəsimi rayonu, Azadlıq prospekti 26 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında olarkən ucadan səs-küy salaraq ictimai asayişi və ictimai qaydanı pozublar.
Həmin şəxslər əllərində “plakat” özlərinin inandığı “Sülh və Nur” adlı dini təbliğat aparmaqla yaymaq niyyətlərini bildirib və bu zaman hadisə yerinə gələn polisin qanuni tələbinə qəsdən tabe olmayıblar. Buna görə də həmin şəxslər saxlanılaraq polis şöbəsinə dəvət ediliblər.
Həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.
Təqsirli bilinən Teymur Əliyev bildirib ki, əvvəllər “dönərçi” olaraq fəaliyyət göstərsə də, lakin sonradan fəhlə olaraq müxtəlif yerlərdə işləyib: “Hazırda işsizəm və “İmam Mehdinin zühur etməsi” ilə bağlı dini inancım var. Tanışım Həsənlə birlikdə aprelin 21-də “28 Mall” ticarət mərkəzinin qarşısında “Abdullah Haşimin dini ideyaları” və “İmam Mehdinin zühur etməsi” ilə bağlı 2 metr enində plakat asaraq insanlara məlumat verən zaman orada olan insanlardan biri “siz yalançısınız” dedi. Lakin həmin şəxsə heç bir reaksiya vermədim. Bundan sonra iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq etdiyimiz hərəkətin qanunsuz olmasını bildirərək bizi polis şöbəsinə dəvət etdi. Həmin vaxt onlar qeyd olunan plakatla ictimai ərazidə təbliğ etmələrinin ictimai asayişin pozulması hesab olunduğunu və nəticəsini bilmədiyimizə görə polis əməkdaşları ilə birlikdə şöbəyə getməkdən imtina etdik. Lakin sonradan polis əməkdaşları ilə birlikdə 22-ci Polis şöbəsinə getdik”.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs 10 gün müddətində inzibati qaydada həbs ediliblər.
Polise.az