3000 RAKET İRAN REJİMİNİ XİLAS EDƏCƏKMİ? – Müharibə uzandıqca İranın gücü tükənəcək

ABŞ və İsrailin İrana hücum əməliyyatı, habelə İranın cavab zərbələri bütün intensivliyi ilə davam edir. Müharibələr tarixinə diqqət yetirsək, görərik ki, qanlı münaqişələrin nəticəsi əsas etibarı ilə tərəflər arasındakı qüvvələr nisbətindən asılıdır. Bu cəhətdən üstünlük ABŞ/İsrail tandemindədir və onlar irəlidə durmadan avia və raket zərbələri ilə İranın həyati vacib bütün hərbi obyektlərini, mühüm infrastrukturlarını və rəhbərlikdəki açar şəxslərini öldürəcəklər. Necə ki, vaxtilə ABŞ İraqda və Yuqoslaviyada hava hücumları ilə taqətdən salma əməliyyatları həyata keçirməklə istədiyinə nail olmuşdu, indi də buna bənzər mənzərə İranda təkrarlanır.

Düzdür, İranın əks zərbə imkanları çoxdur, lakin bu müharibədə ABŞ üçün ən prioritet məsələ qlobal geosiyasi arxitekturanın fundamental şəkildə yenilənməsidir. Ona görə də qarşıya qoyulan böyük layihənin gerçəkləşdirilməsi ilə müqayisədə neftin qiymətinin müvəqqəti yüksəlməsi, hansısa dağıntıların və itkilərin baş verməsi Vaşinqtonun geostrateji baxışında elə də ciddi fəsad sayılmır…

 

 

İranın Ali Dini Rəhbəri Əli Xameneinin öldürülməsi teokratik rejimin başlıca canlı simvoluna zərbə olmaqla yanaşı, rejimin süquta uğrayacağından xəbər verən hadisə kimi dəyərləndirilə bilər. Məlum olduğuğu kimi, artıq İranda xeyli sayda yüksək vəzifəli şəxs öldürülüb və bu prosesin davam etdiriləcəyi gözlənilir. İrandakı rəsmi yetkililər müharibəyə hazır idilər və nələrin yaşanacağını anlayırdılar. Bu səbəbdən də çabalamağa bənzər davranışları ilə hələ bir müddət müqavimət göstərəcəklər.

İranın başlıca təsirli müqavimət silahı ballistik raketlərdir. Beynəlxalq hərbi ekspertlərin fikrincə, İranda müxtəlif üçüş məsafəsinə malik 3000-ə yaxın ballistik raket var və onların demək olar hamısı yeraltı bazalarda yerləşdirilib. Lakin SEPAH-ın əlindəki buraxılış qurğularının sayı nisbətən azdır.

Müharibə çox böyük ehtimalla fazalarla aparılacaq və ilk olaraq intensiv zərbələrlə rejimin dini, hərbi-siyasi elitası ortadan qaldırılacaq. Bunlarla yanaşı, hərbi hissələr arasında koordinasiyanın kəsilməsi üçün bütün müvafiq kommunikasiyalar sıradan çıxarılacaq. İranın HHM sistemlərinin əsas hissəsi yəqin ki, elə birinci gündən sıradan çıxarılıb və ABŞ/İsrail təyyarələri cüzi problemlər olmaqla hava məkanında maneəsiz uçurlar.

 

 

Müharibədə dominantlıq edən ABŞ, sözsüz ki, vuracağı zərbələri, qarşılaşacağı mümkün çətinlikləri bütün detallarına qədər hesablayıb, ona görə də hər şey xüsusi plan üzrə gedəcək. İran isə müharibənin arealını genişləndirməklə ciddi səhvə yol verir. Onun Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və Küveytə vurduğu raket zərbələri İranın həqiqətən də nüvə silahı əldə etmək niyyətində olduğu barədə təsəvvürləri xeyli gücləndirir. İndi ABŞ körfəz ölkələrinə deyir ki, siz bir anlığa zənn edin ki, əgər İran nüvə silahına yiyələnərdisə, nə olardı, sizi nə gözləyirdi?

ABŞ-nin məqsədi bəllidir və Prezident Donald Tramp irəliyə sürdüyü tələblərin hamısının yerinə yetirlməsini istəyir. O deyir ki, tələbləri yerinə yetirilməsə, müharibə öz məntiqi sonluğuna qədər davam etdiriləcək. İran rəsmiləri isə hələ də tələbləri rədd edirlər. Hansı ki, onların atacaqları ən doğru addım konstitusiya islahatına getmək və islam doktrinası əsasında idarəetmədən əl götürmək olardı…

Bundan 47 il öncə hakimiyyətə gələn ruhanilər xalqın çoxəsirlik dini inanclarından istifadə etməklə, sadə və primitiv taktiki gedişlərlə insanları şəriət çətiri altında vahid ideoloji platformada birləşdirməyə girişəndə, hansı əsrdə və dövrdə yaşadığımızı nəzərə almamışdılar. Ən müdhiş olanı isə odur ki, onlar bununla kifayətlənmədilər və daha böyük planlar qurmağa başladılar. İraqla müharibə yekunlaşdıqdan sonra İran dünyanın siyasi-iqtisadi-maliyyə və hərbi hegemonu olan ABŞ-nin Yaxın Şərq siyasətinə qarşı çıxaraq, ona meydan oxumağı qərara aldı. Teokratlar yeni doktrinalarını Fələstin təəssübkeşliyi üzərində köklədilər və İsrailə qarşı proksi qüvvələr yaratdılar. İlk baxışdan ideya müsbət və cəlbediciydi, İranın haqlı fikirləri vardı. Amma sonradan avantüraya yuvarlandılar, ölkə resurslarını mənasız istiqamətlərə xərclədilər, Rusiya kimi üzüdönük ölkəyə bel bağladılar. ABŞ-yə və ümumilikdə Qərb dünyasına qarşı mübarizə aparmaq isə strateji yanlışlıqdan başqa bir şey olmadı. İranın potensialı buna yetməzdi, mollaların illər ərzində öz xalqının ruzisi hesabına qurduğu vəkalət qüvvələri və Suriya rejimi məhv edildi. Bundan sonra növbənin Tehrandakılara gəlib çatacağı bəlliydi. Ayətullahların proksilərin köməyi ilə yaratdıqları “müqavimət oxu” necə iflasa uğradısa, İran rejimi də yaxın perspektivdə eləcə tarixə qovuşa bilər. Ancaq İrandakı Laricani və Pezeşkian kimi bir çox liderlər hazırda ev dustaqlığında saxlanılan Mirmöhsün Musəvi kimi ölkənin gələcəyini düşünüb, köhnə sistemdən imtina etsələr, dağıntılar və məhrumiyyətlər gətirən müharibə dayana bilər. Amma onlar buna qətiyyən getməyəcəklər, bəlkə də artıq gecdir, rasional qərarlar vermək vaxtı çoxdan ötüb, geriyə isə yol yoxdur.

Xameneinin və qətlə yetirilən digər yüksək vəzifəlilərin yerinə gələn yenilərin və həmçinin Laricani və Pezeşkianın bəyanatlarından sonra köhnəlmiş ideoloji-siyasi xəttin təzələnməsinin iştartıları da görünmür.

Belə anlaşılır ki, teokratik sistemin rəsmiləri illərdir topladıqları raketləri ətrafa tullayacaqlar. Ancaq bu avantüranın heç bir faydası olmayacaq, müharibənin müqəddəratı yuxarıda deyildiyi kimi, qüvvələr nisbətində kimi üstün olmasına bağlıdır. Müharibə uzandıqca İranın gücü tükənəcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Bizim Telegram kana

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button