“366-cı alay rus və erməni zabitlərinin ittifaqı idi” – Polkovnik

Xocalıda soyqırımın törədilməsi Rusiyanın Cənubi Qafqaz siyasətində təsir rıçaqlarını qorumaq, Azərbaycanı zəiflətmək, Ermənistanı hərbi-siyasi baxımdan gücləndirmək, regionda uzunmüddətli asılılıq yaratmaq kimi məqsədlərinin həyata keçirilməsi üçün lazım idi. Rusiyanın SSRİ-dən qalma 366-cı motoatıcı alayı ermənilərlə birlikdə bu məqsədə xidmət edərək Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı amansız qətliam həyata keçirdi.
Azərbaycan hərbi polisinin sabiq rəisi Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Xocalıda qanlı əməliyyat həyata keçiriləndən dərhal sonra 366-cı alayın dislokasiya yeri dəyişdirilib. Alay öncə Ermənistana köçürülüb, oradan isə Rusiyaya dislokasiya olunub:
“Bu mənfur alay qarşılarına qoyulmuş tapşırığı həyata keçirən kimi Qarabağı tərk etmək əmrini də almışdı. Xocalı faciəsindən sonra 366-cı alay tələsik şəkildə bölgədən çıxarıldı və alayın bir çox hərbçiləri Ermənistanda qaldılar. 366-cı alayda çoxlu sayda erməni hərbçi xidmət keçirdi. Belə demək mümkündürsə 366-cı alay rus və erməni zabitlərinin ittifaqı idi. Oradakı erməni zabitlərdən biri sonradan Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan idi. Seyran Ohanyan alayın bölük komandirlərindən biri kimi Xocalıda azərbaycanlılara divan tutulmasına şəxsən rəhbərlik edib. Alayın erməni hərbçiləri ilə yanaşı rus zabitlərdən Ermənistanda qalanlar olmuşdu. Eyni zamanda alaya məxsus ağır texnikanın, silahların bir hissəsi erməni silahlı dəstələrinin ixtiyarında qaldı.
Həmin zabitlər, hərbçilər Qarabağ müharibəsinin sonrakı gedişatında, Azərbaycan rayonlarının Ermənistan tərəfindən işğalında birbaşa və Ermənistan silahlı birləşmələrinə dəstək verməklə iştirak ediblər. Bu mənfur alaydan Ermənistana qalan hərbi texnikalar və silahlar erməni ordusunun güclənməsinə gətirib çıxardı. Həmin texnikalar və silahlar Qarabağda, həmçinin Ermənistan-Azərbaycan sərhədinə yaxın Azərbaycan ərzilərində Azərbaycan ordusuna və xalqına qarşı istifadə olundu”.\Etibar Seyidağa,Musavat.com\
Polise.az



