”40 quldur” dəstəsi birləşərək “Lotu Quli”nin ölümünə hökm çıxarıb”
Həmid Herisçi: “Bütün postsovet qazamatlarında bu qətldən sonra əsl müharibə gözlənilir”
Kriminal avtoritetlərin sonucu mogikanlarından olan “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyədə qətli “qanuni oğru” dünyasında böyük dəyişikliklər üçün yeni səhifə açmış olacaq.
Bu hadisənin digər nüfuzlu kriminal avtoritet Rövşən Lənkəranskinin (Canıyev) dəfn günü – avqustun 20-də baş verməsi çoxlarında çaşqınlıq, müəmmalı suallar doğurub və bəziləri fikirləşirlər ki, qətl qisas xarakteri daşıyır.
Çünki N.Səlifovun R.Canıyevin öldürülməsində rolu olduğu iddiaları səslənirdi. Halbuki, bu haqda real fakt da yoxdur.
Amma “Lotu Quli”nin öldürülməsi ilə “qanuni oğru” aləmində heç şübhəsiz ki, növbəti böyük boşluq yaratnmış olacaq.
“Lotu Quli”nin nəzarət etdiyi biznes sahələri uğrunda mübarizə başlaması haqda iddialar səngimir. Xüsusilə, Rusiya mediası bu “bölünmə” məsələsinə dair hər gün yeni iddalarla çıxış edir.
“Kommersant” qəzeti iddia edib ki, qanuni oğru Vaqif Süleymanov (Diplomat Vaqif) Gürcüstandan olan əslən azərbaycanlı biznesmenlərə nəzarət edəcək.
Amma Qulinin imperiyasının kimlərsə tərəfindən bölünməsi, hətta düşmənlərinin nəzarətinə keçəcəyi barədə danışmaq tezdir.
Onun biznes imperiyasını illərdir ki, qardaşı – 2013-cü ilin avqustunda “qanuni oğru” statusu almış “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov yönəldir.
1976-cı ildə Dmanisidə doğulan Namiq Səlifov “taclandırıldıqdan” sonra “Bakinski” ləqəbi götürüb.
Kriminal avtoritetlər haqda portret və “qanuni oğru” dünyası ilə bağlı silsilə məqalələrin müəllifi olan yazıçı – konspiroloq Həmid Herisçi ilə bu mövzuda söhbətləşmişik.
Onun “Yeni Müsavat”a bildirdiyinə görə, inqilablar, ictimai-siyasi silkələnmələr, təcrübə göstərir, əvvəl kriminal aləmdə, zindanlarda qazamatlarda, “zon”larda törəyir: “Sonra adi, oturuşmuş həyata sıçrayır. Postsovet məkanında yeni siyasi inteqrasiya modelləri, fəlsəfələri, subkulturaları yerində saysa da, oğru aləmi əksinə etdi.
2011-ci ildən “Vahid həbsxana nizamı” (Arestantsiy uklad yedin – AUE) ideyası, Rusiyanın bütün həbsxanalarını hörümçək toru kimi bürüdü.
Bu qrup oğru aləmi ilə biznesin qovuşmağını qəbul etmir. Qızıl xaçlı, banklarda hesabı olan, bahalı avtolarda gəzən, lüks otellərdə dincələn avtoritetləri ucdantutma qətlə yetirir.
Köhnə, sovetdənqalma “oğru ideyası”nı uğurla reanimasiya edir. Yəni postsovet məkanında siyasilər deyil, oğrular birləşməyə başladılar”.
H.Herisçi güman edir ki, bəlkə də, Kremlin razılığı ilə gələcək müvafiq eksperiment məhz bu sahədə sınaqdan çıxarılır: “Nəticələri, öyrənilib, dişə vurulur. ”Vahid həbsxana nizamı”nın vuran gücü yeniyetmələr, lap gənc, sütül dustaqlardır.
17 avqust 2020-ci ildə Rusiya Ali Məhkəməsi bu qrupun ideologiyasının zindanlarda qadağan olunması haqda qərar qəbul edərkən, əslində əks məqsəd güdüb. “Yasaq alma” həmişə daha dadlıdır.
Hakimlər, qərarı qəbul edərkən onun əks effektinə nail olurdular. Bilirdilər ki, bu qadağa əksinə “Arestantsiy uklad yedin”i qazamatlarda yox etməyəcək. Əslində onu daha da gücləndirəcək.
Qərar, kağız üzərində qurumamış onun ilk nəticəsi bəlli oldu. 20 avqustda Türkiyənin Antalya kurortlarının birində “Lotu Quli” qətlə yetirildi. Bu qətl, “AUE”-yə ötürülmüş, yaxud tərəfindən ötürülmüş gizli siqnaldı – Gəlirik!
Bütün postsovet qazamatlarında bu qətldən sonra əsl müharibə gözlənilir. İdealistlər yeniyetmələr, bizlərini itiləyib, lotuları qırmağa hazırlaşırlar. Nümunə cəsəd artıq döşəmə üzərindədir. Qanı axıb göllənib”.
Telejurnalist qeyd etdi ki, Rusiyanın “Lenta.ru” saytının dediyinə görə Azərbaycanda onların 40 dayaq nöqtəsi mövcuddur:
“Yəni, ”40 quldur” olan “Arestantsiy uklad yedin” artıq Azərbaycanda var. Bu “40 quldur” dəstəsi birləşərək Lotu Qulinin ölümünə hökm çıxarıb.
Lenta.ru yazıb ki, onlar Ermənistanda 8, Gürcüstanda 20 nəfərdirlər. Mənə maraqlıdır Kremlə yaxın sayt dəqiq statistikanı haradan götürüb? Cavabını özünüz düşünün…
Ancaq əməliyyata gəlincə, “Əlibaba və 40 quldur” hekayəsinin süjetinə oxşayır. Bu düşünülmüş əməliyyatdır və mən bu cinayəti törətmiş olsaydım “Quli baba” əməliyyatı adlandırardım”.
Jurnalistin fikrincə, adətən, lotuların cangüdənləri başqaları tərəfindən təyin olunur: “İndi bu ”qırx quldur” Xan Əhmədlinskini özlərinə lotu seçəcəklər. Necə deyərlər – Lotu öldü! Yaşasın yeni Lotu!
Mənə elə gəlir ki, bundan sonra kriminal aləmdə avtoritetlər deyil, icmalar öz sözünü deyəcək. Hər öldürülmüş lotu isə bir qaydadır, öz ardınca bir iş adamını sürükləyib aparır.
Lənkəranski öz ardınca Mübariz Məsimovu dartıb apardı. Lotu Qulinin öz ardıca sürükləyə-sürükləyə apardığı bəs sizcə kim olacaq?”
Qeyd edək ki, onu öldürən 25 yaşlı Xəqan Zeynalov və 26 yaşlı Əmir Əhmədli polis şöbəsində ifadə verdikdən sonra Türkiyənin Serik Məhkəməsinə aparılıblar. Səlifovla birlikdə böyüdüklərini bildirən Zeynalov bunları deyib:
“Onu ümumiyyətlə, sevmirdim. Birlikdə yaşayıb, birlikdə böyüdük. Onun cangüdənliyini etmişəm, illərlə onunla görüşmüşəm. Onu bəyənmirdim. Buna görə də öldürdüm”.