«Operativ Qərargahın qəbul etdiyi qərarın icrası hamı üçün məcburidir»
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev son günlərin müzakirə mövzusu olan toy qalmaqalı ilə bağlı “Polise.az”a danışdı.
“Karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin-Operativ Qərargahın qəbul etdiyi qərarın- normativ hüquqi aktın icrası hamı üçün məcburidir, qərarın tələblərinə tabe olmaq hamının borcudur. Əqidəsindən və tutduğu vəzifəsindən, siyasi mənsubiyyətindən və daşıdığı ali rütbəsindən asılı olmayaraq hüquqi məsuliyyət yaradır. Bu çətin dövrdə Azərbaycan dövlətinin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsinə dəstək verməli olan bəzi yüksək rütbəli məmurlar hüququn və qanunun aliliyinə açıq sayğısızlıq nümayiş etdirərək özünün və doğmalarının maraqlarına üstünlük verir, karantin rejiminin tələblərinə zidd toy şənliyi təşkil edir, yaxın ətrafını toy şənliyinə dəvət edərək vətəndaşların həyat və sağlamlıqlarına yönələn zərərli şərait yaradır. Vətəndaşların hiddətinə səbəb olan və hüququn bərabərlik prinsipinə xələl gətirən belə hərəkət və hərəkətsizliklər haqlı olaraq vətəndaşların narahatlıqları ilə ifadə olunur, ictimai rəy fonunda fikirlər sosial şəbəkələrdə tirajlanır. “Polisə Dəstək” ictimai birliyi bəyan edir ki, qeyd olunanlar hamının tabe olduğu və itaət etdiyi qərara hörmətsizliyin ifadəsi kimi qəbul edilməlidir. Belə, qeyri etik davranış, hakimiyyət mövqeyindən sui-istifadə və etibar edilən vəzifədən şəxsi maraqlara üstünlük vermək qəbuledilməzdir. Vətəndaş cəmiyyətinin üzvü kimi belə hərəkətlərin təkrar baş verməməsi üçün bir daha bəyan edirik ki, ictimai nəzarət güclənməli və səlahiyyət həddini aşanların məsuliyyətə cəlb olunması sosial ədalətin bərpasının canlı təzahürü olaraq vətəndaşların da məmnunluğunu təmin edəcəkdir.…” – deyə o bildirdi.