Sumqayıtda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Dekabrın 19-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Polise.az xəbər verir ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ümummilli Liderin adını daşıyan parkda ucalan abidənin önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbir Ümummilli Liderin və qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər çoxəsrlik tariximizin ən böyük nailiyyətlərinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıblar. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edib.
Vurğulanıb ki, Heydər Əliyevin xüsusi diqqəti və qayğısı ilə ötən əsrin 70-80-ci illərində Sumqayıt dinamik inkişaf edib. Rəhbərlikdə olduğu illərdə sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında onun əvəzsiz xidmətləri olub. Azərbaycana rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi düşüb.
Polise.az



