Orqan alveri: “Narahatlıq üçün əsas yoxdur”

Milli Məclisin bügünkü iclasında deputat Razi Nurullayev son vaxtlar vətəndaşların orqanlarını satmasından danışıb. O deyib ki, vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar paylaşılır, avtobus dayancaqlarında da bu elanlara rast gəlmək mümkündür. Deputatın sözlərinə görə buna bir neçə amil səbəb ola bilər:
“Vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, ikincisi isə möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edirlər. Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm, bu, sevindiricidir. Amma bu elanlara laqeyd yanaşmaq olmaz”.
R.Nurullayev əlaqədar orqanlara məsələnin araşdırılması üçün müraciət edib.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyevin sözlərinə görə Azərbaycanda orqan alveri cinayətlərinin sayı o qədər də çox deyil:
Narahatlıq üçün əsas yoxdur. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsi, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və digər aidiyyəti orqanlar bu sahədə kifayət qədər ciddi iş aparır. Azərbaycan bu məsələdə Avropa ölkələrindən daha çox prinsipiallıq və peşəkarlıq nümayiş etdirir. Vətəndaşların da polis orqanlarına dəstək nümayiş etdirməsi müsbət haldır. Onlar tərəfindən daxil olan məlumatlar əsasında cinayətkarlar ifşa olunur, cinayətlərin statistikasında orqan alveri cinayətlərinin sayı azlıq təşkil edir”.
Polise.az



