Vətən və millət dastanı
Millət vəkili, Xalq şairi, Şöhrət ordenli, vətənpərvər ziyalı, “gözümü açandan ata ocağımızın qırağında, süfrəmizin yuxarı başında babaların, yurdun böyük oğullarının ruhunu görürəm” deyən, o ruhların tövsiyəsi ilə ömrünün, həyatının mənasını Vətənə, millətə xidmətdə görən, “ürəyim bir qaçqın düşərgəsidir, keçir körpələrin gözyaşı məndən” söyləyən, ürəyinin antenaları ana dilinə tuşlanan, şanlı, şərəfli, həm də keşməkeşlərlə dolu ulu tariximizdən həm qürurla, həm də ürək ağrısı ilə danışan, Bəzz qalasının Təbrizdən göndərilən şəklini aylarla cibində gəzdirən Sabir Rüstəmxanlının “Ömür kitabı”; Ana yurdun və Türk dünyasının hər bölgəsini oba-oba, oymaq-oymaq gəzən, gördükləri, öyrəndikləri və eşitdiklərindən yaddaşına həkk edilən hikmətləri, qürur qaynağımız olan tarixi dəyərlərimizi öz oxucusu ilə paylaşan və bütün bunları gələcək nəsillərə ötürməyi özünə borc bilən Sabir Rüstəmxanlının “Ömür kitabı”. Uğurlarımızın sevincini, itirdiklərimizin ağrısını Vətən torpağı boyda ürəyinə hopduran və bu sevinc və ağrıların hər bir Vətən övladının sevinci və ağrıları olmasını istəyən Sabir Rüstəmxanlının “Ömür kitabı”. Hər bir Vətən övladının ömür kitabı olması gərəkən “Ömür kitabı”. Bəs niyə bir daha məhz “Ömür kitabı” haqqında? Çünki bu kitab sadəcə bir roman, bir tarix kitabı, bir gəzinti notları deyil. O, bütün bu cəhətləri özündə birləşdirən bir dastandır. Həm də nağıl ovqatlı dastan yox, ulu tariximizin bütün mərhələlərini özündə əks etdirən, bizi daha işıqlı bir gələcəyə səsləyən dastandır. Bu kitab bütöv Azərbaycanın ömür kitabıdır; onun vasitəsilə Vətənimizin bütün tarixini yaşayırıq. O, bizə kimliyimizi daha yaxşı tanıtdırır. Şumerlərdən, xetlərdən, Manna, Midiya, Türküstan kimi tarixi yolun yolçusu edir. Həm də bütün bunları müəllif Azərbaycan dilinin imkanlarından ustalıqla istifadə edərək öz oxucularına anlaşıqlı bir şəkildə çatdıra bilmişdir.
Çünki zaman dəyişib, zəmanə qarışıb. Dünya çalxalanır. Növbəti dünya müharibəsi haqqında söz-söhbət gedir. Beynəlxalq aləmdə əvvəlki vaxtlara nisbətən indi daha çox həm parçalanmalar, həm də yeni-yeni ittifaqlar baş verir. Super güclər öz hərbi qüdrətini daha da artırmaq, digər güclər özlərinə yeni müttəfiqlər axtarışındadır. Əlbəttə, müasir dağıdıcı silahlar qarşısında əhalisi az olan və hərbi potensialı nisbətən zəif olan ölkələrin belə bir şəraitdə özünümüdafiə imkanları yetərli görünmür. Ancaq nəzərə almaq lazımdır ki, ən güclü silahlar qarşısında belə özünümüdafiə vasitələri də yox deyildir. Bunların başında milli mənlik şüuru, milli iradə, milli birlik, həmrəylik prinsipləri gəlir. “Ömür kitabı”nın ruhu milli mənlik şüurunun dərkinə söykənən milli təəssübkeşlik duyğularından yoğrulub. Milli kimliyin dərki məsələsi Vətən və vətəndaş münasibətləri aspektində yönləndirici, tarazlaşdırıcı amil rolunu oynayır. Bu olmadan vətəndaş-Vətən münasibətlərində pozitiv ardıcıllığa nail oluna bilməz. Elə buna görə də vətəndaşa öz milli kimliyini dərk etməsinə, vətəndaşlıq məsuliyyətini mənimsəməsinə kömək göstərmək ziyalının da, müəllimin də, ailə başçısının da, dövlət məmurunun da gündəlik vəzifəsi olmalıdır. Vaxtilə Rəsulzadə yazırdı ki, “Azərbaycanın istiqlal qayəsini mənimsəmiş, Vətənin gələcək istiqlalına iman etmiş və öz səadətini millət və məmləkətin həyatı və səadəti ilə birlikdə görən gənc bir sənət adamı, sadə mühəndis, hüquqçu, memar, iqtisadçı, tarixçi və s. olmaqla qala bilməz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyyətçi bir hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçi olmaqla mükəlləfdir. Çünki dövlətlər, millətlər və cəmiyyətlər ancaq canlarına və “cananlarına” (Vətəninə və millətinə – A.Q.) fəda edə bilən vətəndaşlara malik olduğu zaman mövcud ola bilərlər”. S.Rüstəmxanlının “Ömür kitabı” bu baxımdan ən yüksək təsir gücünə və ən yüksək dəyərə malikdir. Vətən sevgisi, şovinizmdən uzaq milli təəssübkeşlik, milli həmrəylik ovqatı bu kitabın hər cümləsinin canına hopmuşdur. Bu kitabdan ətirlərin şahı olan Vətən qoxusu gəlir, o, düşüncələrə qida, duyğulara təravət, fəaliyyətə güc verir.
Sabir Rüstəmxanlı təkcə şair, nasir, publisist kimi yox, həm də ictimai xadim, millət vəkili, qəzet redaktoru, partiya rəhbəri kimi fəaliyyət sahələrinin hamısında bu mövqedə dayanmış, yorulmadan gün keçdikcə daha ardıcıl, daha fəal, daha qətiyyətli olmuş və bu xüsusiyyətləri bu gün də öz işində davam etdirməkdədir.
“Ömür kitabı” tariximizin yaddaş kitabıdır. Ulu tariximizin yaddaşında olan böyük dövlətləri, imperiyaları, zəfər dolu tarixi yürüşləri qürurla xatırlayan müəllif həm də tarixi qüsurlarımıza da göz yummur. O, eyni zamanda bugünkü həyatımızda müəyyən məsələlərə münasibətdə özünü göstərən biganəliklərə, nəfs hərisliyinə, böyük idealları xırda mənfəətlərə dəyişən korafəhmliyə qarşı öz səsini ucaldır. “Ömür kitabı” eyni zamanda bu səsin əks-sədasıdır.
Ömründən Vətən keçən, öz ömründə yurdunun tarixini yaşayan S.Rüstəmxanlının “Ömür kitabı” hər birimizin ömür kitabımız olması gərəkən bir əsərdir. Bu kitab çox böyük zəhmət bahasına başa gəlmişdir. Özü “ağ günə çıxmadan saçları ağaran” S.Rüstəmxanlının heyrətamiz ölçüdə mütaliəsi olduğunun şahidi oluruq. Bu mütaliə onun şəxsi keyfiyyətlərinə güc əlavə etmişdir. Dünyanın bir sıra ölkələrini, xüsusilə, Türk dünyasını gəzmiş, qədim, orta əsrlər və müasir dövrlə bağlı tarixin, qayaüstü yazıların, mağaraların yaddaşında qalmış elmi-tarixi, siyasi-ideoloji, ədəbi-mədəni dəyərləri araşdırmış, “Ömür kitabı”ndaki düşüncələrin şərhində onlardan yerli yerində istifadə etmişdir ki, bu da kitabın həm elmi-tarixi, həm də siyasi-ideoloji cəhətdən yüksək səviyyədə yazılmasında əsas amil olmuşdur.
“Ömür kitabı”nın sovet dövründə, hər cür milli düşüncənin təqib edildiyi və ciddi cəzalandırıldığı bir dövrdə yazılması və nəşr olunması kitab müəllifinin vətənpərvərlik düşüncəsinin nə qədər ciddi olmasından xəbər verir. Onun sonuncu milli azadlıq hərəkatımızın əsas, aparıcı simalardan biri olması təsadüfi deyildi. Əvvəlcə qəzetlərdə hissə-hissə, sonra isə kitab kimi nəşr olunmuş “Ömür kitabı”nın o zamankı populyarlığı və milli hərəkata təsiri çoxlarının yaxşı yadındadır.
Kitabın ana xətlərindən biri uzaq və yaxın tariximizə, milli-mənəvi dəyərlərimizə, əcdadlarımızdan, dədə-babalarımızdan qalan əxlaqi-etik sərvətlərə sahib çıxmaq, onları öyrənmək, yaşatmaq və gələcək nəsillərə ötürmək vəzifəsindən ibarətdir.
Tariximizə, mədəniyyətimizə olan qəsdlərdən ürək ağrısı və həyəcanla söhbət açan müəllif haqlı olaraq özümüzün öz tariximizə, milli-mənəvi irsimizə bəzən laqeydliyimizi qınayır. O, Avrasiya kimi nəhəng bir dünyada min illər boyu qarışıq-qovuşuq yaşayan böyük dövlətlər, mədəniyyətlər yaratmış ellərin tarixini inkar edib yalnız bir “İran mədəniyyəti” adlı mücərrədləşdirilmiş mədəniyyəti mədh etməklə məşğul olan və ümumiran mədəniyyəti içərisində əridilməyə çalışan saxta ideologiyaları tarixi həqiqətlərə söykənərək rədd edir. Müəllif yazır: “…dünyanın tanınmış tarixçilərinin ciddi tədqiqatlarına əsaslanan əsərlər bütün dolanbac yolları və təzyiqləri rədd edib belə bir ümumi nəticəyə gətirir ki, türkdilli xalqların, o cümlədən, azərbaycanlıların ulu babalarının beşik yurdlarını təkcə Şərqdə görmək düzgün deyildir. Protoazərbaycan, prototürk nüvəsinin çox qədim izlərinin, yəni qayaüstü yazı və damğaların bizim dildə real oxunuşu sahəsində atılan ilk addımlar dil və mədəniyyətimizin Şumer, Akkad, Hetit, Assur, Etrük mədəniyyətləri, dilləri və mifləri ilə çeşidli şəkillərdə üzə çıxan bağlılığını bir daha təsdiq edir”. Müəllif gah bütövlükdə, gah da hissə-hissə Manna, Midiya, Atropatena, Türküstan, Aran, Albaniya adlanmış doğma ocağın – Azərbaycan məmləkətinin qeyrətli, təəssübkeş, qürurlu, öz Vətənini canından da əziz tutan övladlarını, hər birimizi böyük Vətən – Turanını və onun bir parçası olan Azərbaycanın keçmişini olduğu kimi yaşatmağa, bu gününü qorumağa, gələcəyinin işıqlı təminatı yolunda həmrəyliyə, fədakarlığa səsləyir. Sabir müəllimin narahatlığından belə görünür ki, qədim tariximizin müəyyən məsələlərinə yenidən baxmaq ehtiyacı vardır…
Kitabın bir bölməsini “Vətən haqqında nəğmə” adlandıran müəllif yazır: “Hər kəsin ürəyində Vətən haqqında bir nəğmə var. Bu nəğməni döyüş harayı, Koroğlu nərəsi, qılınc zərbəsi ilə oxuyanlar da olub, bulaq pıçıltısı, qadın isməti, Nigar vəfası ilə oxuyanlar da”. S.Rüstəmxanlı hər bir Vətən övladının ürəyində, o ürəyi Vətən sevdası ilə döyündürən bir nəğmə olmasını arzulayır. Bu nəğmə bir simfoniya da ola bilər, kövrək, lirik bir bayatı da; Vətən yolunda canını fəda edən bir şəhidin şəhadəti də, Vətən ətirli bir ana laylası da, dövlət sükanı arxasında oturan bir dövlət adamının dövlət, millət qayğısı da ola bilər. Bir sözlə, hər Vətən övladının qəlbində Vətən sevgisi notları ilə bəstələnmiş bir nəğmə olmalıdır – Vətən nəğməsi…
Atatürk Türkiyə Cümhuriyyətinin 10-cu ildönümü ilə əlaqədar nitqində demişdir: “Bu gün Sovetlər Birliyi dostumuzdur, qonşudur, müttəfiqdir… Dünya yeni bir tarazlıqla qarşılaşa bilər. O zaman Türkiyə nə edəcəyini bilməlidir. Bizim bu dostumuzun hakimiyyəti altında dili bir, dini bir, kimliyi bir olan qardaşlarımız var. Onlara sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq yalnız o günü gözləməkdən ibarət deyil. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlaşır? Mənəvi körpülərini sağlam tutaraq hazırlanmalıdır. Dil bir körpüdür, din bir körpüdür, tarix bir körpüdür. Köklərimizə qayıtmalıyıq və onların böldüyü tariximiz içərisində bütövləşməliyik. Türkiyədən kənarda olan türklərin bizə yaxınlaşmasını gözləməməliyik, biz onlara yaxınlaşmalıyıq”. Böyük Atatürkün dahiyanə, uzaqgörənliklə dediyi bu sözlər bu gün beynəlxalq sistemdə yeni-yeni ittifaqların yaranması fonunda ciddi əhəmiyyətə malikdir. Dünya türklərinin birliyi indi tarixi zərurətə çevrilmişdir. Qeyd edək ki, bu sahədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi səylər bu tarixi zərurətlə yaxından səsləşir.
Sevindirici haldır ki, bu gün Türk dövlətləri birləşmək, mənəvi bağları möhkəmlətmək, müxtəlif yönlü əməkdaşlıq yolunu tutmuşdur. Türk Dövlətləri Təşkilatının yaranması bu baxımdan çox ciddi siyasi tarixi addımdır. S.Rüstəmxanlının bütün yaradıcığının və ictimai fəaliyyətinin təməlində məhz türk birliyi məfkurəsi dayanır. “Ömür kitabı” da bu məfkurənin daşıyıcısıdır. Onun:
Oyan, ey türk oğlu, gör sərhəddin hardadır,
Təkcə qardaşların yox, dağların da dardadır –
misraları sovet imperiyası dövründə paramparça olmuş, sərvətləri talanmış, dilinə, mədəniyyətinə qəsd edilmiş türkləri birliyə, həmrəyliyə çağırır. Çünki güc birlikdədir, xilas həmrəylikdədir. Qarabağ hadisələri zamanı təkcə Türkiyə-Azərbaycan türklərinin birliyinin nəyə qadir olduğunu hamımız gördük. Bu mənada S.Rüstəmxanlını Atatürkün, Əli bəy Hüseynzadənin və digər türkçülük sevdalılarının davamçısı kimi görürük.
“Ömür kitabı” S.Rüstəmxanlının Vətən haqqında nəğməsidir. Bəzən nikbin simfoniya kimi gurlayan, bəzən “Koroğlu” uvertürası kimi coşğun, bəzən də həzin bir tütək səsi kimi yanıqlı, kədərli bir nəğmə… “Ömür kitabı”nda oxuyuruq: “XIX əsrin birinci rübündən başlayaraq, Vətən dərdi ayrı-ayrı dərdləri sıxışdırır, bəşəri kədər daha konkret ünvana yazılır. Parçalanmış, təhqir edilmiş, qədim mədəniyyətini unutmağa sövq edilmiş “Azərbaycan matəmgahı” milli heysiyyəti olan hər bir zəka sahibini fəryad etməyə, çıxış yolunu axtarmağa, milləti bu təhqirlərdən, damğalardan qurtarmağa çağırırdı”. Müəllif haqlıdır. Həqiqətən, o zaman bütün Türk dünyasının hər yerindən eşidiləcək, duyğularda həyəcan yaradacaq bir səsə ehtiyac var idi. Bu səs türk birliyinə çağırış səsi idi. Eheey, Türk dünyası, eheey, Azərbaycan! Milli birlik, həmrəylik vaxtıdır. Bu, sənin xilas yolundur. Ulu keçmişimizdən məsud gələcəyinə gedən yoldur. Bu yol sənə göstərilmişdir. Sənin neçə-neçə cəfakeş, fədakar övladların – Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspuralı, Ziya Gökalp, M.Ə.Rəsulzadə, Əhməd Cavad və digərlərinin yandırdığı birlik məşəli sənin həyatının qaranlıq döngələrini aydınladacaq, keçilməsi çətin olan aşırımları aşmağa yol göstərəcək. Haqqın, ədalətin, humanizmin deyil, gücün, zorakılığın, hiylənin, riyakarlığın hökm sürdüyü bugünkü dünyamızda yeganə xilas yolu güclü olmaqdır. Bu çağırış cavabsız qalmadı. Azərbaycan Xalq Cümhuriyyətinin, Türkiyə Cümhuriyyətinin yaranması, daha sonrakı dövrlərdə müstəqil, suveren Azərbaycan Respublikasının yaranması, son olaraq doğma Qarabağımızın işğaldan azad edilməsi bu çağırışın, bu birliyin sayəsində əldə edildi. Lakin… yaralarımızın hələ hamısı sağalmayıb. Ürəyimizdə Cənubi Azərbaycan dərdi, Təbriz dərdi var. S.Rüstəmxanlının ürək ağrılarından və “Ömür kitabı”nın ana xətlərindən biri olan o tay ağrısı – Təbriz dərdidir. Bu ağrı millət olaraq hamımızın ürək ağrısıdır. Bir şeirimdə mən də demişdim ki:
Təbriz dedim, dilim yandı,
Əl uzatdım, əlim yandı,
Tutuşdum həsrət oduna,
Həm canım, həm külüm yandı.
Quruyan gölün ağrısı,
Farslaşan dilin ağrısı,
Nə vaxt bitəcək görəsən
Həsrətli elin ağrısı?!
Sabir Rüstəmxanlı daha optimistdir:
Ümidlər qəlbimdə qoşa boy atan,
Əzablı günüm də bal dadır, nədir?!
Sədası cənubu şimala qatan,
Ən böyük sevincim hələ öndədir!
Ümidlərin gerçək, arzuların çin olsun, vətənpərvər Vətən oğlu! “Mənim yurdum ali insan yetişdirməyə çalışan, bu insanı sülhə, əmniyyətə, xeyirxahlığa, bir sözlə, işığa, yurd salmağa, torpaq becərməyə səsləyən, öz qanunlarındakı təbiilik və insaniliklə bu gün də bizi heyrətə qoyan əzəmətli “Avesta”nın vətənidir” deyən S.Rüstəmxanlının Cənubi Azərbaycan sevgisinin kökləri çox qədimlərə uzanır.
Kitabın bir yerində S.Rüstəmxanlı Türkiyəyə səfərindən söz açır. Türkiyəli həmkarları ilə İğdırdan ayrılıb Ağrı dağına doğru gedərək Bayazidə gəldiklərindən, qədim Bayazidin əfsanəvi qalıqlarından, Ağrı dağından danışarkən buraların türk elləri, Azərbaycan elləri olduğunu dilə gətirir və Bayaziddən ayrılaraq getdiyi yolun onları Cənubi Azərbaycana, Təbrizə apardığını deyir və qəlbinin bütün nigaranlığı, həyəcanı, həsrəti ilə belə bir cümlə işlədir: “Hələ dünyanın heç bir yolundan belə təlatümlü, belə əlacsız keçməmişdim”. Bu cümlənin səmimiyyəti, ağrısı, həyəcanı qarşısında kövrəlməmək mümkün deyildir. Bu cümlələri yazarkən 1995-ci ildə sükan arxasında İstanbuldan yola çıxaraq Ərzurumdan, Qarsdan keçib Təbrizə gəlməyimi xatırlayıram. İstər Ərzurumdan, Qarsdan keçərkən, istərsə də Təbrizdən keçib Bakıya gələrkən keçirdiyim duyğular həqiqətən qeyri-adi, əsrarəngiz, bir az da mistik idi. Bunu da deyim ki, Ərzurumdan, Qarsdan keçərkən yaşadığım duyğular Təbrizdə yaşadıqlarımdan çox fərqli idi. Təbrizin kədərli görkəmi, küçələrinin baxımsızlığı ürək ağrıdıcı idi… Təbrizdə ulu Şəhriyarın məzarını ziyarət edərkən onun “Heydərbaba, mərd igidlər doğginən, düşmənlərin burunların ovginən” və “bir görəydim, ayrılığı kim saldı? Ölkəmizdə kim qırıldı, kim qaldı?” misraları qeyri-ixtiyari olaraq xatırladım. Bu görüşün təəssüratı olaraq sonralar yazdığım bir şeirdə bu misralar var:
Uçun quşlar, uçun Təbrizə sarı,
Salamlayın başı dərtli diyarı,
Süleymanin, Bəxtiyarın adından
Qonaq dəvət edin siz Şəhriyarı.
Özü gələmmədi, qoy ruhu gəlsin,
Salam verək, ruhumuz təzələnsin,
Bakı həsrətilə köçdü dünyadan,
Bakının qoynunda yatsın, dincəlsin.
“Ömür kitabı”nın səhifələrini çevirdikcə müəllifin Cənubi Azərbaycan, Təbriz həsrətinin, eləcə də Türk dünyası sevgisinin sərhədlərini təsəvvür etməyin çətin olduğunu hiss edirsən. Qədim əsatirlərdən, əfsanələrdən, qayaüstü yazılardan, mağaraların açdığı sirlərdən, dastan və nağıllarımızdan danışarkən müəllifin daxili dünyasında əcdadlarımızın ruhunu duyursan, səsini eşidirsən, tariximizin əzəmətini hiss edirsən. Müəllifin: “Bir vaxtlar sevilən, əzizlənən Araz yavaş-yavaş ayrılığa bais olan, ortaya hicran salan bir günahkar adı qazanıb. Ruhumuzda, şeirimizdə, taleyimizdə Araz dərdi deyilən bir dərd yaranıb, dağ olub hər bir azərbaycanlının ürəyindən asılıb” sözləri hamımızın ürək ağrısıdır. O, bir-biri ilə doğma ana dilində danışmağı qadağan edilmiş, sərvətləri talan olmuş, tarixi yerlərinin adları dəyişdirilmiş, ziyalılarının, əli iş tutanlarının, ölkədən didərgin salınmış bir millətin faciəli həyatından yana-yana söz açır. Cənubi Azərbaycandakı milli azadlıq hərəkatlarından, onların ağır nəticələrindən, hərəkat rəhbərlərinin faciəli taleyindən və on minlərlə azərbaycanlının öldürülməsindən bəhs edir. “Hər dəfə Cənubi Azərbaycanda inqilablar yatırılandan sonra güllədən, qılıncdan, dar ağacından, yandırılmaqdan, gözünə mil çəkilməkdən və şaqqalanmaqdan, diri-diri torpağa basdırılmaqdan, saçından və ayaqlarından asılmaqdan birtəhər yayınıb dünyaya səpələniblər” – sözləri İran şovinizminin bütün amansızlıqlarını çılpaqlığı ilə ifadə edir.
Kitabın “Qarabağ” bölməsində müəllif Qarabağın tarixindən, tarixi abidələrindən, füsunkar təbiətindən, Azərbaycan mədəniyyətinə töhfələr vermiş tarixi şəxsiyyətlərindən ürək dolusu danışır. O yazır: “Kür-Araz mədəniyyətinin bəhrələndiyi əsas bölgələrdən biri Qarabağdır. Aranlı-dağlı bir ucu Mil düzündə, bir ucu Kiçik Qafqazda, Laçın-Kəlbəcər dağlarında, Murov-Qoşqar və Dəli dağda olan Qarabağ! Qarabağ torpağı Azərbaycan mədəniyyətinin ilk və ulu beşiklərindən biridir. Aran dövlətinin, qədim Bərdənin, Əsgəran və Şuşa qalalarının, qədim Albaniyanın xristian mədəniyyətinin möhtəşəm qalıqlarını sinəsində qoruyub saxlayır. Qarabağ Vaqifin və Natəvanın, Zakirin və Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin və Bülbülün, Yusif Vəzir Çəmənzəminli və Cabbar Qaryağdıoğlunun vətənidir. Qarabağ musiqi beşiyidir. Vaxtilə Şuşa Zaqafqaziyanın konservatoriyası adlandırılırdı”.
Qarabağın əsrarəngiz təbiət mənzərələrindən danışan müəllif Şuşanın yollarını bəmdən zilə doğru gedən muğam yollarına bənzədir. Şuşa qalası, Cıdır düzü, Topxana meşələri, İsa bulağı, “Vaqifin muğam zənguləsinə bənzəyən məqbərəsi” müəllifin şirin söhbətlərinin mövzusunu təşkil edir.
Ən qədim dövrdən başlayaraq, bu günə kimi tariximizin, Vətənimizin elə bir mühüm hadisəsi yoxdur ki, “Ömür kitabı”ndan kənarda qalsın. Bu kitab vasitəsi ilə Vətənimiz hər yönü ilə bizdən keçir. Biz onun böyük tarixini yenidən yaşayırıq. S.Rüstəmxanlının “Ömür kitabı” bu mənada hamımızın ömür kitabıdır desək yanılmarıq. Ancaq hamımız bu möhtəşəm kitaba bənzəyirikmi?!
S.Rüstəmxanlı bir şeirində “Silinib gedəcək mənim də izim” – deyib. Yox, əziz qardaşım, bu fikrinlə razı deyiləm. Sənin türkçülüyə, o cümlədən də, Azərbaycançılığa xidmət etmiş dəyərli ictimai-siyasi fəaliyyətin, vətənpərvərlik ruhu ilə yoğrulmuş ədəbi-bədii yaradıcılığın və nəhayət, sənin ömür yolun olan “Ömür kitabı”n sənin adını heç vaxt unudulmayacaq şəxsiyyətlər sırasında yaşadacaqdır. Bunu dolayı yolla, təvazökarlıqla özün də demisən:
Elə arxayınam, sanki son səfər,
Başqa bir yolumun başlanğıcıdır.
Kitab haqqında bu deyilənlərdən sonra iki məsələni qeyd etmək istəyirəm. Birincisi, “Ömür kitabı”nın və onun müəllifinin digər tarixi əsərlərinin Avropadan Çinə, Yaponiyaya qədər bir sıra xarici dillərə tərcümə edilməsi o xalqların tariximizin, bütövlükdə Türk ruhunun, Türk humanizminin və Türk mədəniyyətinin daha yaxşı tanınmasında vasitəçi ola bilər. İkincisi, “Ömür kitabı”nın əhəmiyyəti haqqında yuxarıda bəhs etdik. Kitaba indi böyük ehtiyac vardır. İstərdik ki, milyonçularımızdan biri bu kitabın böyük tirajla, yüksək poliqrafik tərtibatda yeni nəşrini təşkil etsin və oxuculara pulsuz paylansın. O milyonçunun adını tarixdə onun milyonları yox, bu nəcib vətəndaşlıq hərəkəti yaşadar.
Allahşükür QURBANOV
Fəlsəfə doktoru